Penitensiar xidmətin əməkdaşları işdən azad olundu
Penitensiar xidmətin əməkdaşları işdən azad olundu
01 Avqust 2016 / 15:31 / Baxış sayı: 604
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2016-cı ilin birinci yarımilliyi ərzindəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən xəbərə görə, müşavirədə Penitensiar xidmətin rəhbərliyi və tabe qurumların rəis heyəti iştirak edib.

Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov tədbiri açaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 10.07.2016-cı il tarixdə keçirilmiş 2016-cı ilin birinci yarımilliyinin yekunlarına və sosial-iqtisadi inkişafa dair müşavirədə qaldırılan məsələlərlə bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra kompleks tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov xidmətin 2016-cı ilin birinci yarımilliyi ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edərək, fəaliyyəti tənzimləyən cəza-icra qanunvericiliyində, digər normativ aktlarda nəzərdə tutulmuş tələblərin, müxtəlif sahələr üzrə uzunmüddətli dövlət proqramlarında, Ədliyyə Nazirliyinin kollegiya qərarlarında öz əksini tapmış tapşırıqların yerinə yetirilməsi, Penitensiar Xidmətin Baş idarəsi və tabe qurumların maddi-texniki bazasının inkişaf etdirilməsi, nizam-intizamın möhkəmləndirilməsi, təqsirləndirilən şəxslərin və məhkumların qanunvericiliklə genişləndirilmiş hüquqlarının təmin edilməsi, onların daimi yaşayış yerlərinə yaxın ərazilərdə yerləşdirilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun səmərəli fəaliyyətininin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində hesabat dövründə 265 mobil telefon, 159 qram müxtəlif narkotik və psixotrop maddələr, 23 litr spirtli içki hazırlanması məqsədilə istifadə olunan qıcqırdılmış maye aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub.

Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 265 müxtəlif cinayətin üstünün açılmasına köməklik göstərilib.

Eyni zamanda, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər korrupsiya elementlərinin yaranmasına zəmin olan səbəb və şəraitin aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb. Pozuntulara yol verən 102 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 3 əməkdaş tutduğu vəzifədən azad olunub, 7 əməkdaş isə ədliyyə orqanlarından xaric edilib.

Müşavirədə Penitensiar xidmətin ayrı-ayrı idarə rəisləri və cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışı dinlənilib.

Müşavirəyə yekun vuran ədliyyə general-mayoru Ceyhun Həsənov mövcud nöqsan və pozuntulara toxunaraq, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsi və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin, habelə nizam-intizamın gücləndirilməsi, islah və tərbiyə işinin səmərəliliyinin artırılması, penitensiar müəssisələrdə istehsalat sahələrinin genişləndirilməsi və kadrlarla işin təkmilləşdirilməsinin Xidmətin fəaliyyətinin yaxşılaşdırılmasına zəmin yaradacağını vurğuladı.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə