Oğuz rayonunda “Kütləvi çıxarış” kampaniyası keçirilib
Oğuz rayonunda “Kütləvi çıxarış” kampaniyası keçirilib
02 Sentyabr 2016 / 14:03 / Baxış sayı: 690
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az saytı məlumat verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanda daşınmaz əmlakın qeydiyyatının maksimum sadələşdirilməsi, “Kütləvi çıxarış” kampaniyası çərçivəsində paytaxt Bakı ilə yanaşı bölgələrdə də əmlakların kütləvi qaydada bilavasitə ünvanlarda çıxarışlarla təmin olunması üzrə tədbirləri davam etdirir. Komitə «Kütləvi çıxarış» kampaniyasının maksimum faydalı olması və daha çox insanları əhatə etməsi, qeydiyyat prosesini daha çevik və rahat şəkildə həyata keçirilməsi üçün bütün nüansları nəzərə alıb. Belə ki, çıxarışlar rayon sakinlərinə əlavə vaxt itirməmək və gündəlik işlərdən ayrılmamaq üçün birbaşa onların ünvanlarında və evlərində verilir.

Növbəti belə bir kampaniya 2 sentyabr tarixində Oğuz rayonunda keçirilib. Kampaniya zamanı 100-ə yaxın yerli sakinə fərdi ev, həyətyanı torpaq sahəsi, pay torpaqlarının qeydiyyatına dair çıxarışlar təqdim edilib. Eyni zamanda 80-ə yaxın vətəndaşdan əmlaklarının qeydiyyatı üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib.

Qeyd edək ki, əmlakın ilkin qeydiyyatı, yəni ilk dəfə sənədləşdirilməsi zamanı çöl-ölçmə işlərinin aparılması tələb olunur. «Kütləvi çıxarış» kampaniyasında işlər elə təşkil edilib ki, ilkin qeydiyyat üçün sənədlər qəbul edilərkən, sakinlərin istəklərindən asılı olaraq ilkin qeydiyyat üçün birbaşa olaraq çöl ölçmə işləri də aparılır. Bununla da qeydiyyat prosesində vaxt itkisi tamamilə aradan qalxır. Məhz bu kampaniya çərçivəsində də bir sıra sakinin əmlaklarının texniki parametrlərinin müəyyən edilməsi və texniki sənədlərinin hazırlanması məqsədi ilə tədbirlər görülüb.

«Kütləvi çıxarış» kampaniyası təkcə sənədlərin qəbulu və çıxarışların paylanmasını nəzərdə tutmur. Kampaniya zamanı müraciət edən və sənədlərində hər hansı çatışmazlıq olan vətəndaşlara bilavasitə yerlərdə hüquqi xidmətlər göstərilib. Onlara çatışmayan sənədlərin haradan və necə alınması barədə ətraflı izahat verilib.

Bundan başqa, bütün hallarda vətəndaşlara əmlakın qeydiyyatının faydaları, qeydiyyatın gətirdiyi üstünlüklər və rahatlıqlar, eləcə də, qeydiyyatlı əmlakın istifadəsinin rahatlıqları barədə məlumatlar verilir.

«Kütləvi çıxarış» kampaniyasının ən vacib cəhəti onun bütün rayonları və kəndləri əhatə etməsidir. Belə ki, start veriləndən etibarən bu kampaniya çərçivəsində hətta ən ucqar kəndlər də daxil olmaqla, yüzlərlə yaşayış məntəqəsinin sakinləri əmlaklarını sənədləşdiriblər. Belə ki, indiyədək respublikanın müxtəlif bölgələrində keçirilən bu kampaniya nəticəsində 8 mindən çox vətəndaşa əmlaklarına dair çıxarışlar təqdim edilib.

Qeyd edilməlidir ki, “Kütləvi çıxarış” kampaniyası ilə bərabər, respublikanın hər bir bölgəsində komitənin xüsusi nəqliyyat vasitələri ilə vətəndaşlara gündəlik olaraq fərdi qaydada mobil ofis xidmətləri də göstərilir. İndiyədək belə xidmətlər vasitəsilə 100 mindən çox müraciət təmin edilib.

Kampaniya qeydiyyat xidmətlərini maksimum dərəcədə vətəndaşın ünvanına çatdırmaqla rahatlığı və məmnunluğu artırır. Müşahidələr göstərir ki, «Kütləvi çıxarış» kampaniyası ilə yanaşı bu kampaniya çərçivəsində aparılan maarifləndirmə işləri də əhalidə əmlakın qeydiyyatına marağı yüksəltməkdədir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə