İbrahimbəyova da bir quş…
  • 23 Avqust 2013 / 19:08 / Baxış sayı: 2120

Ədil HÜSEYNLİ

Yaxud Cəmil Həsənli İlham Əliyevə necə qalib gələcək?

Bir neçə il əvvələ qədər Azərbaycan futbolunun vəziyyəti çox bərbad idi. Həm yığma, həm də klub səviyyəsində oyunumuza baxanda adamı ağlamaq, ya da “Yol əhvalatı”ndakı Qurban kişi demiş, gic gülmək tuturdu. Bütün komponentlərdə rəqiblərinə uduzan futbolçulara baxanda adamın yazığı gəlirdi. Düzdür, pis qazanmırdılar, normaldan da artıq dolanışıqları vardı. Amma hər oyunda “qazandıqları” söyüş və qarğış, qazanclarını da burunlarından gətirirdi. O zaman fikirləşirdik ki, bizim futbol heç vaxt düzəlməyəcək. Amma qismən də olsa düzəldi. Yığma səviyyəsində elə bir irəliləyiş olmasa da (Foqts müəllimin sayəsində), klublarımız (“Neftçi” və “Qarabağ”) uğurun nə olduğunu legionerlərin hesabına az da olsa azarkeşlərə dadızdıra bildilər.

Heç zaman düzəlməyəcəyini düşündüyümüz futbolda irəliləyiş olsa da, siyasi səhnəmizdə buna şahid olmuruq. Bu il ölkə yeni prezidentini seçəcək. Bu münasibətlə hamı – hazırki prezidentdən tutmuş, prezident olması xəyal ürünü olanlara qədər – bu hadisənin havasındadır. Amma baxırsan ki, yenə də nəsə çatışmır.

3 aydır bir rejissorun peşində qoşan ənənəvi müxalifət (özlərini belə adlandıdırlar), təbliğata sayılı günlər qalanda ayıldı ki, bəs bizim hələ vahid namizədimiz yoxdur. Guya Rüstəm İbrahimbəyovun namizədliyi üzərində dayananda bilmirdilər ki, bu adamın ən azı qeydiyyat və yaşayışla bağlı problemləri olacaq.

Yəni, bir neçə partiya, hərəkat, kifayət qədər ziyalının birləşdiri bir qurumda qanunlardan, Seçki Məcəlləsindən, Konstitusiyadan başı çıxan adam yox idi ki, bu gün düşdükləri vəziyyəti aydın görə bilsin? Əlbəttə vardı. Sadəcə, oyun belə qurulmalı idi. Neçə illərdir heç bir nəticəsi olmayan “mübarizə”ni pərdələmək üçün Rüstəm İbrahimbəyov kimi naşı siyasi oyunçu lazım idi. Amma unutdular ki, İbrahimbəyov da balaca adam deyil. Nə olsun ki, siyasi mübarizədə naşıdır. “Zato” bir neçə dövlətin prezidenti ilə yaxın münasibəri olub və var, dünyanı başdan-ayağa gəzib. Həm də kişi özü oyun qurub, onu filmə çevrir. Bu da nəticəsi. İbrahimbəyov uzun müddətli fırlatmalardan sonra sudan quru çıxdı və bu dəfə də “tora” Cəmil Həsənlinin keçmək ehtimalı var.

Amma bircə nüansı nəzərə almaq lazım idi ki, 20 ildən artıq İsa Qəmbər, Əli Kərimli, Etibar Məmmədov, Lalə Şövkət, Sərdar Cəlaloğlu, Mirmahmud Mirəlioğlu və adlarını sadalamadığım digər siyasilərin bacamadığını, kinorejissor və ya tarixçi alim heç bacarmayacaq. Birdəfəlik etiraf etmək lazımdır ki, indiki müxalifətin (istər ənənəvi, istər ənənəsiz) Heydər Əliyevin yaratdığı və İlham Əliyevin uğurla davam etdirdiyi sistemə, siyasətə qalib gəlmək imkanları sıfıra bərabərdir.

Hələ Cəmil Həsənlinin İlham Əliyevə necə qalib gələcəyini demirəm. Amma onu bilirəm ki, İlham Əliyev Cəmil Həsənli kimi namizədləri cibinə qoyub Avropaya, oradan Afrikaya, oradan da Rusiyaya aparar və gətirər.  Elə Rüstəm İbrahimbəyovu da…

Dərd burasıdır ki, burada futbolda olduğu kimi legioner gətirmək də mümkün deyil. Əksinə, xaricə gedənlərin geri qayıtması özü müşkülə dönüb.

Qısası, bu seçki də belə getdi. Bunun axırı nə olacaq, bir Allah bilir. Bəli, məhz Allah bilir. Çünki Milli Şurada oturan və hazırda “qızğın” müzakirə aparan 79 nəfərin birinin də proseslərin necə davam edəcəyi və hansı sonluqla bitəcəyi barədə anlayışı yoxdur.

YAP-çı millət vəkili necə deyirdi? “Yaxşı olar ki, müxalifət 2014-cü ilin bələdiyyə seçkilərinə hazırlaşsın”. Düzgün yanaşmadır. Orada vahid namizəd, ehtiyat vahid namizəd kimi oyunlara ehtiyac olmayacaq. Rahat şəkildə hər kəs yaşadığı ərazidən öz namizədliyini verə bilər. Uğurlar.

İbrahimbəyova da bir quş… yazısına 1 şərh yazıldı

Şərh əlavə edin

Yuxarı Geri Ana Səhifə