Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İlham Əliyev Azərbaycan xalqını Novruz bayramını təbrik etdi
İlham Əliyev Azərbaycan xalqını Novruz bayramını təbrik etdi
17 Mart 2017 / 17:37 / Baxış sayı: 850
Font1 Font2 Font3 Font4

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. 

“Bizimxeber”in məlumatına görə, təbrik mətnində deyilir:

“Əziz həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə can sağlığı və xoş əhval-ruhiyyə arzulayıram.

Novruz bayramı ulu babalarımızın zəngin mənəvi aləmini dolğun təcəssüm etdirir. Ən qədim təsəvvürləri qoruyub saxlamış bu bayram təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsidir. Odlar diyarına onun hər gəlişi min illərin ənənəsinə uyğun, rəngarəng mərasimlər və el şənlikləri ilə müşayiət olunmuşdur. Milli özünüdərkin təşəkkülündə müstəsna mövqeyə malik Novruz ənənələri çoxəsrlik tarixi keçmişinə daim ehtiramla yanaşan xalqımızın dünya mədəniyyətinə misilsiz töhfələrindəndir. Həmin ənənələrin müqəddəs ərməğan kimi həmişə uca tutulması və layiqincə yaşadılaraq gələcək nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Bahar bayramı dövlət müstəqilliyimizin nailiyyəti olaraq rəsmi statuslu əsl ümumxalq bayramı səviyyəsində ölkəmizin bütün guşələrində qeyd edilir. Qloballaşma dalğasının geniş vüsət aldığı və dünyanı sürətli dəyişikliklərə məruz qoyduğu bir vaxtda o, tükənməz mənəvi gücü sayəsində dini-mənəvi dəyərlərimizə, tarixi-mədəni irsimizə bağlılığımızın təntənəsinə çevrilmişdir. Yaz bayramı yeniləşdirici ruhu və ilıq nəfəsiylə insanlar arasında səmimi münasibətlərə yol açır, dostluq, mərhəmət və bərabərlik duyğularını gücləndirir, cəmiyyətin inkişafının ahəngdarlığını təmin edir. Onda gələcəyə inam aşılamaq və könüllərdə ülvi duyğular oyandırıb xeyirxahlığa sövq etmək qüdrəti vardır. Ən yüksək dəyərləri özündə topladığı üçün də belə bir mənəviyyat xəzinəsi bəşəriyyətin mədəni irs nümunələri siyahısında yer almışdır.

Mən torpaqlarımızın müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə bayram təbriklərimi yetirirəm. Vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş qəhrəman övladların unudulmaz xatirəsini bir daha ehtiramla yad edərək onlara Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm.

Dünya azərbaycanlılarının həmrəyliyinin rəmzi Novruz bayramını xaricdə yaşayan soydaşlarımızın milli məfkurə işığında bizimlə birgə qeyd etmələri onlarda yurdumuza bağlılıq hisslərini gücləndirir.

Arzu edirəm ki, öz gəlişiylə bu gözəl bayram hər evə, hər ocağa bol ruzi-bərəkət gətirsin və hamınıza yeni sevinclər bəxş eləsin.

Xalqımızın əziz Novruz bayramı mübarək olsun!”

Bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə