Deputat çürük fərdi düşünürsə…
  • 27 Dekabr 2016 / 11:37 / Baxış sayı: 2016

Ötən gün Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mətbuata açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin və dövlətinin xaricdə yaşayan soydaşlarımızla bağlı mövqeyi birmənalıdır və bu yanaşmada həmvətənlərimizin  fəaliyyətinə yüksək qiymət öz əksini tapıb: “Cənab Prezident  Dünya Azərbaycanlılarının II  Qurultayındakı çıxışında qeyd edib ki, dünyada yaşayan soydaşlarımız təşkilatlanır, yaşadıqları ölkələrin həyatında daha da fəal rol oynayırlar. 

Prezident qeyd edib ki, bu, həm onların mövqelərini möhkəmləndirir, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının mövqeyini gücləndirir, əhəmiyyətini artırır. Biz çox şadıq ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar o ölkələrin həyatında, iqtisadiyyatında çox mühüm rol oynayırlar və demək olar ki, artıq çox möhkəm mövqelərə malikdirlər”.

Həmçinin millət vəkili Astan Şahverdiyevin qalmaqallı açıqlamasına da dolayısı ilə toxunan Əli Həsənov maraqlı fikirlər səsləndirib: “Hər hansı şəxsin xaricdə yaşayan azərbaycanlılarla bağlı fikirləri yalnız onun öz düşüncəsinin məhsulu olub fərdi mövqeyini ifadə edir və bununla bağlı məsuliyyəti də bilavasitə o, özü daşıyır”.

Əvvəla ondan başlayaq ki, Astan Şahverdiyev sıradan biri deyil, millət vəkilidir. Milyonlarla insanın arasından seçilmiş, etibar edilmiş, düşüncəsinə inanılmış deputat statusunda dayanan biridir. Bir deputatın istər parlamentin tribunasından, və ya yerindən asılı olmayaraq dediyi hər hansı bir fikir kifayət qədər ciddiyə alınmalıdır.

Əgər bir deputat açıqlamalarında milləti, insanları, xaricdə yaşayan azərbaycanlını, imkanlı iş adamlarını təhqir edirsə bu onun fərdi mövqeyi sayılmamalıdır. Onun fərdi mövqeyi, evində, ailəsində hər hansı bir məsələ ilə bağlı verdiyi qərardır, sözdür.

Ümumiyyətlə, praktikadan da görünür ki, cəzasızlıq gələcəkdə olduqca böyük problemlərin yaranmasına gətirib çıxarır. Əcəba, kim təminat verir ki, sabah hansısa bir başqa deputat Astan Şahverdiyev kimi ciddi qalmaqala səbəb ola biləcək açıqlama verməyəcək? Və ya “üzr istəyərəm bitər gedər” kimi düşüncədə olmayacaq?

Təhqir et və sonda üzr istəməklə problemdən yaxa qurtar kimi düşüncəyə imkan verməmək lazımdır. İctimai xadimin, millət vəkilinin açıqlaması ciddiyə alınmalıdır, ona öz yeri göstərilməlidir. Astan Şahverdiyev üzr istədisə hər şey bitdimi? Bu nə biçim yanaşmadır? Parlamentdə Azərbaycanın idarəolunması üçün ən vacib qanunların müzakirələrinə qatılan, qəbulu üçün səs verən bir kəsin dedikləri necə fərdi ola bilər? Bunu necə başa düşək, Əli müəllim?

Əcəba, toyuq oğrusuna 5 il həbs cəzası verilir. Bu cəza həm də Astan Şahverdiyevin səs verdiyi qanunda yazılıb. O zaman Astan Şahverdiyevin qos-qoca milləti, insanları, evindən-eşiyindən didərgin düşmüş minlərlə məcburi köçkünü, övladına bir tikə çörək qazanmaq üçün Rusiyanın soyuğunda işləməyə gedən insanların təhqir edilməsinin cəzası üzr istəməkdirmi? Budurmu fərdi mövqe?

Rüsuyadan, Almaniyadan, Fransadan, Pakistandan, Hindistandan Azərbaycana işləməyə gələn 10 minlərlə insan var. Bəs, Astan Şahverdiyevə görə, onlar kimdi? Buna verilən cavabdamı fərdidir?

Azərbaycan prezidenti İlham Əliyev bütün dünyada Azərbaycanın və azərbaycanlıların müdafiəsi üçün durmadan çalışır. Bəs onun ölkəsindəki deputat nədən belə çürük fərdi düşüsün? Bu fərdi düşüncəyə necə sahib olub Astan Şahverdiyev? Var dövlətmi yaradır belə düşüncəni, yoxsa kasıbçılıqmı?

Sabah hansısa ermənipərəst avropalı bizə hansı münasibəti göstərər? Rahat, isti otaqlarda oturub, parlamentdə şahlara layiq kresloda yayxanan astan şahverdiyevlər nə zamana kimi təhqir edəcək?

Əgər astan şahverdiyevlər bu cür fərdi düşünürsə demək bu düşüncə çürükdür, yararsızdır… Eləsinin dövlətin idarəolunmasında yeri yoxdur. Çürük düşüncə Azərbaycana saf heç nə verməyəcək…

Ədil Hüseynli
Bizimxeber.az

Şərh əlavə edin

Yuxarı Geri Ana Səhifə