Gəlinini güllələyən yaşlı kişi: “Dedi, “vur məni, köpəkoğlu!””
Gəlinini güllələyən yaşlı kişi: “Dedi, “vur məni, köpəkoğlu!””
08 Yanvar 2016 / 16:17 / Baxış sayı: 236
Font1 Font2 Font3 Font4
Загрузка...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gəlinini odlu silahla qətlə yetirməkdə ittiham olunan Qusar rayonu, Avaran kənd sakini, 1938-ci il təvəllüdlü Amanxan Nəzərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytının məhkəmədə iştirak edən müxbirinin əldə etdiyi xəbərə görə, prosesə hakim Cavid Hüseynov sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən Amaxan Nəzərov ifadə verib. O, ifadəsində gəlini Sevinc Məmmədova ilə münasibətlərinin normal olmadığını, mütəmadi olaraq aralarında narazılıq olduğunu göstərib: “Müxtəlif şəxslərdən borc pul alırdı, qaytarmırdı. Borcu olduğu adamlar qapımıza gəlirdilər. Sevinc gününün çox hissəsini atasıgildə keçirirdi, evdə tapılmırdı. Ona görə də əsəbiləşirdim. Hadisə baş verən gün yenə mübahisəmiz düşdü, evdən qovdum.

Dedi ki, heç yerə gedən deyil. Məni söydü, evdə silah saxlamağım barədə polisə xəbər verəcəyini dedi. 20 ildir evdə saxladığım silahı çıxarıb qorxutmaq istədim. Gəlinim, “Məni vurmaq istəyirsən? Vur, köpəkoğlu!” dedikdə, özümü saxlaya bilmədim, atəş açdım. Hadisədən sonra könüllü Qusar Rayon Polis Şöbəsinə gedib təslim oldum”.

Dövlət ittihamçısının, hakimin suallarını cavablandıran A. Nəzərov çox şeyi xatırlamadığını bildirdi. Hakim: -Gəlininizə odlu silahdan atəş açdıqdan sonra bıçaqla boyun nahiyəsini kəsdiyinizi etiraf etmisiniz. İndi deyirsiniz ki, xatırlamırsınız. Bu barədə nə deyə bilərsiniz?

Təqsirləndirilən A.Nəzərov: -Bıçaqla vurmağım yadıma gəlmir. Necə olub, bilmirəm. Yaddaşım itib, xatırlamıram. Şahid qismində təqsirləndirilən şəxsin oğlu Valeh Nəzərov istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Hadisənin şahidi, mərhum Sevinc Məmmədovanın 12 yaşlı qızı Məryəm Nəzərova məhkəməyə verdiyi ifadəsində anası ilə babası arasında yaranmış narazılıq zamanı onların biri-birinin ünvanına kəskin söyüşlər söydüyünü göstərib: “Ailədə üç bacı, bir qardaşıq. Həmin gün biz anamla birlikdə nənəmgilə qarağat yığmağa getmişdik. Biz qayıdanda babam evdə yox idi. Bir qədər sonra gəlib salam verdi, niyə gec gəldiyimizi soruşdu. Sonra yuxarı evə qalxdı, anamı çağırdı. Mən həyətdəydim, gördüm səs-küy gəlir.

Anamın dalınca gedəndə gördüm ki, babamla bir-birlərini söyürlər. Babam ata babamın ünvanına söyürdü. Anama deyirdi ki, çıx get bu evdən. Anamsa “mənim də bu evdə payım var” deyirdi. Sonra anam öz otağına keçib əşyalarını topladı. Babam onun yanına gəlib “tez o, diz çök qarşımda” deyə qışqırdı. Anam Allahdan başqa kimsənin qarşısında diz çökməyəcəyini dedi. Babam onu güllələyəcəyi ilə hədələdi, silahı götürdü. Atam silahı onun əlindən almaq istəyənə kimi atəş açdı, anam yerə yıxıldı. Sonra anamı bıçaqla vurdu. Anamın başının üstündə dayandım, ağlayırdım, nəsə demək istəyirdi, başa düşmürdüm, xırıldayırdı, Babam bizi də öldürəcəyi ilə hədələyirdi… Sonra dayım gəlib bizi apardı”.

Proses yanvarın 22-də davam etdiriləcək.

Bizimxeber.az



Şərh əlavə edin






Yuxarı Geri Ana səhifə