Nazim İbrahimov pis vəziyyətdə: İşçilərin maaşını ödəmək üçün 2 evini satır
Nazim İbrahimov pis vəziyyətdə: İşçilərin maaşını ödəmək üçün 2 evini satır
19 Sentyabr 2016 / 17:31 / Baxış sayı: 1236
Font1 Font2 Font3 Font4
Bizimxeber

Daha bir federasiya maddi problemlər məngənəsində boğulmaq üzrədir. Azərbaycan Qılıncoynatma Federasiyasında 1 ildən çoxdur ki, maaşlar verilmir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov prezidenti olduğu federasiya artıq maaşları vermək iqtidarında deyil.

MTN və “Beynəlxalq Bank” əməliyyatlarından sonra Nazim bəyin qardaşları Hacı İbrahim, Tağı və Sahil İbrahimovlar kimi ölkə rəhbərliyi qarşısında etimadını itirməsi onun biznesinə təsirsiz ötüşməyib. Adı bir ara Azərbaycanda yaxta və Ukraynada metal biznesi ilə hallanan Nazim İbrahimov artıq Olimpiya idman növünə aid olan federasiyaya maaşları verməkdə çətinliklə üzləşib.

Sport7.Az sözügedən federasiyanın vitse-prezidenti Yaşar Məmmədovla maddi problemlər haqda danışıb. Məmmədov səbir kasasının daşdığını, federasiya prezidentinin ABŞ-dan gəlməsini gözlədiyini bildirdi:- Əvvəla onu deyim ki, mən bu gün səhər Tehrandakı yeniyetmələrin yarışından gəlmişəm. Mənim dediyim-demədiyimin hamısını yazıblar ki, federasiya prezidenti ilə vitse-prezident arasında qalmaqal var. Hazırda Nazim müəllim Amerikadadır.

Bu gün görüşməliydik, məlum olur ki, ora gedib. Sentyabrın 25-i qayıtmalıdır… 15 ay yarımdır ki, maaşlar verilmir. 12 gündən sonra 16 ay olacaq. Əgər Nazim İbrahimov maaşların verilməsindən imtina etsəydi, mən çoxdan onun qarşısında məsələ qaldırardım. Lazım olsa, mən mətbuat konfransı keçirərəm, bütün telekanalları çağırıb hər şeyi deyərəm. Ancaq son sözünü desin, sonra…- Ümumiyyətlə, sizin Nazim İbrahimovla görüşmək imkanınız olmur?- Niyə olmur ki? Görüşüb-öpüşürük. Mənə deyir ki, niyə üzünü qırxmamısan? Deyirəm ki, bilsəydim, öpüşməyə gəlmişəm, elə pedikür-manikür də edərdim (gülür).

Camaatın maaşını ver də. O deyir ki, 1-2 günə pul gözləyirəm. Belə 1-2 gün, oldu aylar-illər…- Deməli, keçən ilin mayından maaş üzünə həsrətsiniz. 1 ildən çoxdur ki, səbir etmisiniz…- İşçilərin maaşını mən özüm vermişəm. Öz cibimdən. – Təxminən nə qədər?- Ayda 2200. Mənim obyektim var, icarəyə götürmüşəm. 1000 manat prezident təqaüdü alıram. Belə düzəldib işçilərin maaşını verirəm.

Ayın 25-dək səbir edək.- O hər dəfə 1-2 günə maaşlar veriləcək deyəndə, gecikmənin səbəbini soruşmursunuz? Bəlkə onun özünün biznesində problemlər yaranıb…- Bizdə məşqçi Fikrət Vəliyev var. Onu da məndən ayrı çağırıb yanına və deyib ki, ev verərəm, onları satarsınız, maaşları verərsiniz. 2 evdir, onun biri Fikrətin qaldığı Suraxanıdadır. Özü deyir ki, neçə adama maaş vermişəm.

Ancaq Olimpiadaya gedəndə idmançılardan yalnız Səbinə Mikinanın 1 aylıq maaşını verib, bir də Sevil və Sevinc Bünyatova bacılarının. Bacıların hərəsinə 5 ayın maaşı verilib. Bir də 200 manat maaş alan qızlar var. Cəmi 5 qıza bu müddətdə pul verilib. Qalanları almayıb. İdmançılar xaricə gedir. Bugünlərdə 4 adam getdi: Türkiyəyə və Ukraynaya. Onların səfər xərcləri üçün pul lazımdır, axı.

Desə ki, maaş verməyəcəm, onu çoxdan çıxardardım (!). İndi gözləyirəm ki, ABŞ-dan gəlsin.- Son açıqlamanızda demişdiniz ki, ölkə prezidentinə Nazim İbrahimovdan şikayət edəcəksiniz. Belə çıxır ki, hələ şikayət məktubu yazmamısınız.- Yox, hələ gözləyirəm. Bizdə Akif Məlikov adlı məşqçi var.

Özü hacıdır, yalan danışır. Ona görə də hacılardan xoşum gəlmir (gülür). O prezidentə də, Mehriban Əliyevaya da yazıb. Mənə belə deyib. Sonra mənim adımdan Azərbaycan, rus, ingilis dillərində jurnalist dostlarına məqalələr yazdırıb. Mən isə Tehrandan bu gün gəlmişəm. Elə bil qız evində toydur, bəyin xəbəri yoxdur…



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə