“Nardaran işi” üzrə məhkəmə davam etdirilib
“Nardaran işi” üzrə məhkəmə davam etdirilib
10 Avqust 2016 / 14:58 / Baxış sayı: 486
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” hərəkatının həbsdə olan rəhbəri Tale Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edib.

Prosesdə təqsirləndirilən şəxs qismində Etibar İsmayılov və Bəhruz Əsgərov dindirilib. E.İsmayılov ona elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini, onlarda silah olmadığını, atəş açmadıqlarını deyib. E.İsmayılov istintaqa verdiyi ifadəsini təsdiq etməyib. Təqsirləndirilən Bəhruz Əsgərov da anoloji ifadə verib. Prosesdə çıxış edən Taleh Bağırzadə isə mətbuatda onların barəsində yazılanlara iradını bildirib və məhkəmənin bununla bağlı qərar qəbul etməsini istəyib.

Hakim isə bildirib ki, məhkəmə açıq keçirilir, onların mətbuata nəzarət etmək funksiyası yoxdur.

Proses fasilədən sonra davam etdiriləcək.

Qeyd edək ki, Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən polis əməliyyatı zamanı tutulub. İlahiyyatçıya qarşı CM-nin 15-dən artıq maddəsi ilə ittiham irəli sürülüb.

T.Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.

Xatırladaq ki, ötən il noyabrın 26-da Nardaran qəsəbəsində DİN xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı ikisi polis olmaqla ümumilikdə altı nəfər şəxs həlak olub. Əməliyyat zamanı T.Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib və məhkəmə onlar barəsində hökm çıxarıb.

AXCP sədrinin müavini F.Qəhrəmanlı barəsində ötən il dekabrın 8-də həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar, eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) və 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə