“Nardaran işi” məhkəməsi: “Evin hamamından qumbara tapdılar”
“Nardaran işi” məhkəməsi: “Evin hamamından qumbara tapdılar”
17 Oktyabr 2016 / 19:16 / Baxış sayı: 914
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman birliyi” adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, fasilədən sonra keçirilən prosesdə təqsilrəndirilən şəxslər A.Hüseynovun iclasda iştirak etməsini tələb ediblər. Hakim A.Hüseynovun məhkəmədə iştirakına icazə verib. Daha sonra Nardaran hadisələrindən sonra saxlanılan və hazırda həbsdə olan şahid Nadir Qədirov ifadəsində bildirib ki, Nardaran hadisəsi zamanı həmin qəsəbədə olmayıb: “Məni hadisədən sonra evdən apardılar. Evin hamamından qumbara tapdılar”.

Digər şahid Əliağa Qasımov isə ifadəsində bildirib ki, onun evindən silah aşkarlanıb. Prosesdə Nardaran hadisələrindən sonra saxlanılaraq həbs edilən şahidlər – Raci Babyev, Hüseyn Nəbizadə, Hilal Cavadov, Zahid Zəkiyev və Cavanşir Tağıyev dindirilib. Proses oktyabrın 19-da davam etdiriləcək.

Qeyd edək ki, T.Bağırov və təşkilatın digər üzvləri Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Həmin şəxslər ötən il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

F.Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə