Nəsimi rayonu ilə qardaşlaşmış San Dieqo şəhərində müstəqillik günü…
Nəsimi rayonu ilə qardaşlaşmış San Dieqo şəhərində müstəqillik günü…
29 Oktyabr 2016 / 12:51 / Baxış sayı: 888
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində oktyabrın 26-da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi təntənəli şəkildə qeyd olunub. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən keçirilən ziyafətdə Bakı ilə San Dieqo arasında münasibətlərin yaradılmasının 5-ci ildönümü də qeyd edilib.

Tədbirdə şəhər ictimaiyyətinin tanınmış nümayəndələri, o cümlədən Kaliforniya Ştat Assambleyasının üzvü Roki Çavez, San Dieqo Liman Administrasiyasının sədri Marşal Merrifild, digər şəhər rəsmiləri və siyasətçilər, xarici diplomatlar, universitet professorları, mədəniyyət xadimləri, iş adamları və digər şəxslər iştirak ediblər.

İlk öncə Azərbaycan və ABŞ-ın dövlət himnləri səsləndirilib. Sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Azərbaycanın qədim dövlətçilik ənənələrindən danışaraq, müstəqilliyinin bərpasından sonra ölkəmizin ağır siyasi-iqtisadi durumla üzləşdiyini qeyd edib. Baş konsul bildirib ki, yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan bu böhrandan xilas ola bildi. Ulu Öndərin qısa vaxt ərzində ölkədə sabitliyin yaradılmasına nail olduğunu, bütün istiqamətlərdə yeni təşəbbüslərə start verərək, Azərbaycanın müasir inkişafının və tərəqqisinin təməlini qoyduğunu qeyd edən baş konsul, Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında bu gün Azərbaycanın sürətlə çağdaşlaşan, sabit və öz tolerantlığı ilə çoxlarına nümunə olan güclü bir dövlətə çevrildiyini bildirib. Azərbaycan-ABŞ münasibətlərindən danışan N.Ağayev, Bakı və San Dieqo şəhərləri arasında yaradılmış əlaqələrin Azərbaycan-ABŞ tərəfdaşlığına və iki xalqın yaxınlaşmasına xüsusi dinamika verdiyini qeyd edib.

2011-ci ildən San Dieqo şəhərinin Svitzer Haylənd rayonu ilə qardaşlaşmış Nəsimi Rayonunun icra hakimiyyətinin başçısı Asif Əsgərov öz çıxışında, Bakı ilə San Dieqo arasında 5 il öncə yaradılmış tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi və dərinləşdirilməsinin iki xalq arasındakı əlaqələrin gücləndirilməsi baxımından yüksək önəm daşıdığını qeyd edib. Bu istiqamətdə qarşıdakı dövrdə konkret layihələr üzərində işlərin nəzərdə tutulduğunu vurğulayan A.Əsgərov, San Dieqodakı

Azərbaycan dostlarını bu münasibətlərin inkişafında yaxından iştirak etməyə dəvət edib.

Kaliforniyada səfərdə olan Azərbaycan nümayəndə heyətinin digər üzvləri – Azərbaycan Milli Məclisinin üzvü Asim Mollazadə və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev də çıxış edərək, öz təbriklərini çatdırıb, Bakı və San Dieqo şəhərləri arasında əlaqələrin daha da güclənməsi üçün arzularını ifadə ediblər. Natiqlər Azərbaycanın qədim dini tolerantlıq və multikulturalizm ənənələri barədə danışaraq, Azərbaycanın bu modelinin bir sıra ölkələr üçün gözəl bir nümunə təşkil etdiyini diqqətə çatdırıblar.

Kaliforniya Ştat Assambleyasının üzvü R.Çavez isə əldə etdiyi mütərəqqi nailiyyətlərlə Azərbaycanın son illərdə beynəlxalq aləmin diqqətini çəkdiyini, bu baxımdan San Dieqo-Bakı əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirib. Çətin bir bölgədə yerləşən və yüksək strateji önəm daşıyan Azərbaycanın ABŞ-ın yaxın tərəfdaşı və dostu olduğunu qeyd edən millət vəkili, bu dostluq münasibətlərini dəstəklədiyini və bu əlaqələrin daha da güclənməsini arzu etdiyini bildirib. Çıxışının sonunda Azərbaycanın müstəqillik günü ilə bağlı R.Çavez Kaliforniya Ştat Assambleyasının fərdi qətnaməsni təqdim edib.

San Dieqo Liman Administrasiyasının sədri Marşal Merrifild öz çıxışında həmin gün Azərbaycan nümayəndə heyəti ilə keçirdiyi görüşündən məmun olduğunu qeyd edərək, dostluq əlaqələrinin gücləndirilməsi məqsədilə yaxın aylarda San Dieqo şəhərinin nümayəndə heyətinin Azərbaycana səfəri üzərində düşündüklərini bildirib.

Ziyafətdə baş konsul N.Ağayev San Dieqo-Bakı Dostluq Cəmiyyətinin təsis olunduğunu bəyan edərək, sözü təşkilatın sədri Martin Kruminqə verib. M.Kruminq bu əlaqələrin yaradılmasının tarixi barədə məlumat verərək, San Dieqo şəhərinin tanınmış ictimai xadimlərinin üzv yazıldıqları bu yeni təşkilat vasitəsilə iki şəhər arasında müxtəlif sahələrdə mübadilələrin artırılmasına çalışacaqlarını qeyd edib.

Tədbirdə ABŞ Konqresmeni Suzan Deyvis, Kaliforniya Ştat Senatoru Coel Anderson və San Dieqo Vilayəti adından bəyannamələr təqdim olunub. Bəyannamələrdə Azərbaycanın əldə etdiyi nailiyyətlər alqışlanır və ölkəmizin strateji önəmi qeyd olunur.

Qeyd edək ki, hazırda Kaliforniyada işçi səfərdə olan Azərbaycan

nümayəndə heyəti San Dieqo şəhərində oktyabrın 26-da bir sıra görüşlər keçirib. Bu səpkidə nümayəndə heyəti San Dieqo Vilayətinin Nəzarətçilər Şurasının sədri Ron Roberts, San Dieqo Liman Administrasiyasının İdarə Heyəti və San Dieqo Yəhudi Federasiyasının rəhbərliyi ilə bir araya gəlib və yerli mətbuata müsahibələr veriblər.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə