Nəsimi rayon nümayəndə heyəti ABŞ-da
Nəsimi rayon nümayəndə heyəti ABŞ-da
27 Oktyabr 2016 / 14:52 / Baxış sayı: 1138
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-ın Kaliforniya ştatının ən böyük iqtisadi-siyasi mərkəzlərindən sayılan, ştatın ikinci ən böyük şəhəri olan San Dieqo şəhərində səfərdə olan Azərbaycan nümayəndə heyətinin şərəfinə oktyabrın 25-də Şəhər Şurasında xüsusi mərasim keçirilib.

Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünə, eləcə də Bakı şəhərinin Nəsimi rayonu ilə San Dieqonun Svitzer Haylənd rayonu arasındakı münasibətlərin yaradılmasının 5-ci ildönümünə həsr olunmuş mərasimdə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Milli Məclisinin üzvü Asim Mollazadə və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev iştirak ediblər.

Mərasimi açan San Dieqo Şəhər Şurasının sədri Şeri Laytner (Sherri Lightner) San Dieqo-Bakı münasibətlərinin önəmindən və Azərbaycan-ABŞ dostluq və tərəfdaşlıq münasibətlərindən danışaraq, Azərbaycan nümayəndə heyətinə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar bəyannamə təqdim edib. Şəhər Şurasının bütün üzvləri tərəfindən imzalanan bəyannamə ilə 18 oktyabr tarixi San Dieqoda “Azərbaycan Müstəqillik Günü” elan olunub. Bəyannamədə qeyd olunur ki, Azərbaycan 1918-ci ildə öz müstəqilliyini elan edib və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika quran və qadınlara səsvermə hüququ verən dövlət kimi adını tarixə yazıb. Qeyd olunur ki, Azərbaycan 25 il öncə öz müstəqilliyini bərpa edərək, azadlığını və suverenliyini möhkəmləndirib, ABŞ-ın Cənub Qafqaz bölgəsində strateji tərəfdaşına çevrilib. Həmçinin, vurğulanır ki, bu gün Azərbaycan beynəlxalq aləmdə müsəlman, xristian və yəhudilərin sülh və harmoniya içərisində yaşadığı uğurlu model kimi tanınır.

Tədbirdə Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək, Azərbaycanın sosial-iqtisadi inkişafı çərçivəsində Bakı şəhərinin son illərdə dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyini bildirib. San Dieqo ilə tərəfdaşlıq münasibətlərinin bundan sonra daha da dərinləşdiriməsinin zəruriliyini vurğulayan Asif Əsgərov, bu istiqamətdə qarşıdakı illərdə müvafiq səylərin göstəriləcəyini, iki şəhər arasında müxtəlif sahələrdə mübadilələrin artacağını bildirib.

Sonra çıxış edən baş konsul N.Ağayev Bakı-San Dieqo münasibətlərinin ötən 5 il ərzində inkişafından, Baş Konsulluq tərəfindən San Dieqoda keçirilən Azərbaycan ilə bağlı müxtəlif tədbirlərdən, o cümlədən 2014-cü ildə “Yeddi Gözəl” baletinin 3 min nəfərdən çox şəhər sakini qarşında ifasından danışıb. Diplomat bilidirib ki, bir sıra oxşarlıqları paylaşan iki şəhər arasında əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar mövcuddur.

Milli Məclisin üzvü A.Mollazadə öz çıxışında Azərbaycan-ABŞ münasibətlərinin möhkəm əsaslar və vacib dəyərlər üzərində qurulduğunu qeyd edərək, dövlətlərarası münasibətlər ilə yanaşı xalqlararası münasiblərlərin də yüksək önəm daşıdığını diqqətə çatdırıb. A.Mollazadə, bu baxımdan Bakı-San Dieqo dostluğunun gözəl bir nümunə təşkil etdiyini vurğulayıb.

Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri M.Yevdayev isə ölkəmizdə dini tolerantlıq və multikulturalizm ənənələrindən və hazırda Azərbaycanda müxtəlif dinlər və millətlər arasında mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib. M.Yevdayev bildirib ki, Azərbaycan bu sahədə bir çox dünya ölkələrinə örnək ola bilər. Sonda San Dieqo Şəhər Şurasına hədiyyələr təqdim olunub.

Azərbaycan nümayəndə heyəti həmin gün, həmçinin, San Dieqo yəhudi icmasının rəhbərləri, Kaliforniya ştat qanunvericiləri və müharibə veteranları ilə də görüşlər keçiriblər. Nümayəndə heyətinin San Dieqoya işçi səfəri davam etməkdədir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə