Əsas menu

“Müəyyən pozuntular olurdu… rəhbərliyin tapşırığı idi” 

Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan 21 nəfərin barəsində cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, müttəhimlər kürsüsündə sabiq deputat Dünyamin Xəlilov, C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə, Zaqatala Olimpiya Kompleksinin direktoru, “Simurq” futbol klubunun vitse-prezidenti Arif Ramazanov, şüşə məmulatlarının istehsalı ilə məşğul olan “İnterglass” ASC-nin rəhbəri Fariz Muradov və digərləri əyləşib.

Təqsirləndirilən şəxslərə qarşı CM-nin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittihamlar irəli sürülüb.

Zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC, Vergilər Nazirliyi və “Aqrokreditbank” tanınıb.

Prosesdə şahid qismində Beynəlxalq Bankın Nağdsız Hesablaşmalar Departamentinin direktoru Elşən Məmmədzadə ifadə verib. O, ifadəsində bəzi hallarda kreditlərin tapşırıqla ayrıldığını qeyd edib: “Həmin vaxt mən Kreditorlar Komitəsinin üzvü idim. Bizə tapşırıq verilmişdi ki, Dünyamin Xəlilova məxsus şirkətlərə “Səbail Mebel” MMC-yə və digərlərinə kredit verək. Ancaq kreditlər müqavilə əsasında köçürülürdü, burada qanunsuz işlər görülmürdü. Bəzən istisna hallarda kreditlərin verilməsində müəyyən pozuntular olurdu ki, mən bunun əleyhinə səs vermirdim. Çünki bu, rəhbərliyin tapşırığı idi. Bu barədə bizə əsasən Akif Əliyev göstəriş verirdi. O da deyirdi ki, rəhbərliyin sifarişidir, ancaq rəhbərlik deyərkən, konkret kimi nəzərdə tutduğunu bilmirəm”.

Hakim E.Məmmədzadənin 18 yaşından bankda müxtəlif vəzifələrdə çalışdığını, 26 il bankda işləməsinə baxmayaraq, hələ də bankda Müşahidə Şurasının olmasını dəqiq bilmədiyini deyib. Məlum olub ki, şahid ali təhsil almadan bankda mühüm vəzifələrdə çalışıb. Hakim şahiddən ali təhsili olmadığı halda kimin vasitəsilə işə düzəldiyini soruşduqda, E.Məmmədzadə suala cavab verə bilməyib.

Digər şahid Fuad Kərimov ifadəsində 2013-cü ilin yanvarından 2015-ci ilədək bankın baş xəzinədarlıq departamentinin direktoru vəzifəsində çalışdığını deyib. Onun ifadəsinə görə, işi əsasən bankda veksel əməliyyatları aparmaq olub: “Kurator Rəşad müəllim idi. Cahangir Hacıyev tərəfindən mənə hər hansı göstəriş verilməyib”.

Prokuror şahiddən likvidlik göstəricisinin aşağı olduğunu bildiyi halda bankın Moskva filialına pul köçürülməsi ilə bağlı qanunsuz qərara nə üçün imza atdığını soruşub. Şahid bu barədə müzakirələrin onların iştirakı olmadan aparıldığını deyib: “Bu qərarın düzgün olmadığını bilirdim. Ancaq burada mənim rolum olmurdu. Çünki müzakirə edib, qərar verirdilər, biz də işi icraata yönəldirdik”.

Prosesdə cinayət işi üzrə əsas şahid – Akif Əliyev də dindirilib. A.Əliyev deyib ki, 1990-cı ildən 2017-ci ildə bankda müxtəlif vəzifələrdə, 2001-ci ildən 2011-ci ilə kimi Kredit Komitəsinin sədri, 2011-2015-ci illərdə bankın baş direktoru, daha sonra Problemli Kreditlər komitəsinin sədri vəzifəsində çalışıb. Hazırda işsiz olduğunu deyən şahid kredit komitəsində çalışarkən ən yüksək limit 2 milyon 400 min manat olduğunu bildirib.

Tərərflərin suallarını cavablandırarkən deyib ki, kreditlərin verilməsi ilə bağlı komitədə baxılan müraciətlərə idarə heyəti sədrinin sərəncamı ilə verilib: “Bank müxtəlif layihələri maliyyələşdirirdi. Layihələrin əksəriyyətinə Dünyamin müəllim nəzarət edirdi. O, şirkətlərinə kredit verilməsi üçün bizə müraciət edirdi. Cahangir müəllim də deyirdi ki, Dünyamin Xəlilovun belə bir layihəsi var, maliyyələşdirin. Biz də tapşırığı icra edirdik”.

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*