Mir Cəlal Paşayevin əsəri əsasında yeni film çəkilir
Mir Cəlal Paşayevin əsəri əsasında yeni film çəkilir
17 Avqust 2016 / 11:49 / Baxış sayı: 704
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin “Dirilən adam” əsərinin motivləri əsasında yeni film çəkilir. 

Bu barədə “Report”a filmin rejissoru Namiq Ağayev məlumat verib.

Onun sözlərinə görə, hazırda “Dirilən adam” adlı filmin ssenarisi üzərində yaradıcılıq işi gedir və ekran əsərinin çəkiləcəyi məkanlar seçilir: “Mir Cəlal Paşayev atamın müəllimi olub. Onun yaradıcılığı ilə uşaqlıqdan tanışam. Demək olar ki, bütün əsərlərini oxumuşam. “Dirilən adam” əsəri əsasında film çəkmək çoxdankı arzum idi. Filmin rejissor ssenarisi üzərində özüm çalışıram. Hazırda yaradıcı heyətlə birlikdə filmin çəkiləcəyi məkanları seçməklə məşğuluq”.

N.Ağayev bildirib ki, “Dirilən adam” əsəri ötən əsrin 1915-ci ilində Qarabağda cərəyan edən tarixi hadisələrin fonunda yaşanan məhəbbət macərasından bəhs edir: “Filmdə sevgi, məhəbbət, sədaqət, qadın fədakarlığı ailə münasibətləri kontekstində nümayiş etdiriləcək. Filmdə istedadlı teatr və kino aktyorları rol alacaq. Hələlik aktyorların kastinqi aparılır”.

Film N.Ağayevin rəhbərlik etdiyi “RunFilm” şirkətində ekranlaşdırılacaq. Filmin operatoru Ramin Asimoğludur.

Qeyd edək ki, rejissor N.Ağayev daha bir filmin çəkilişlərini bitirib. “OL” adlı yeni tammetrajlı filmin təqdimat mərasıminin Azərbaycan və Türkiyədə eyni vaxtda keçirilməsi nəzərdə tutulub.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə