Mətanət İsgəndərli Akif Çovdarovla əlaqələri barədə nələri deyib? – QALMAQAL
Mətanət İsgəndərli Akif Çovdarovla əlaqələri barədə nələri deyib? – QALMAQAL
18 Sentyabr 2016 / 18:31 / Baxış sayı: 1346
Font1 Font2 Font3 Font4
Bizimxeber
Mətbuatda müğənni Mətanət İsgəndərlinin sabiq MTN generalı Akif Çovdarovun məhkəməsində iştirak edəcəyi barədə məlumat yayılıb. 
Buna səbəb ABU-nun rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevlə Mətanət İsgəndərlinin münasibətlərinə görə A.Çovdarovun pul tələb etməsidir.
Eyni zamanda, bunda Mətanət İsgəndərlinin rolunun olduğu da iddia edilir. Vaxtilə bu ittihamları Mahir Abdullayevin qardaşı Elşad Abdullayev öz açıqlamalarında səsləndirib. Onun iddialarına görə, Mahir Abdullayevlə Akif Çovdarov arasında 2003-cü ilin əvvəllərində Rusiyanın Sverdlovsk vilayətinin Verxuturye şəhərində generala məxsus taxta-şalban zavodunun alınması ilə bağlı sövdələşmə olub. A.Çovdarov M.Abdullayevə 300 min dollar borclu qalıb. Və Mətanət İsgəndərli A.Çovdarovla əlbir olub.
E.Abdullayevin açıqlamasına görə, A.Çovdarovun Mahirdən Hacı Məmmədova məxsus “Qarabulaq” restoranında müğənni Mətanət İsgəndərliylə “sərgüzəştləri” ilə bağlı 2 milyon dollar tələb etdiyi iddia edilir.
E.Abdullayev yuxarıda sadalananların müqabilində qardaşının bir neçə dəfə oğurlamaq cəhdinin baş tutmadığını vurğulayıb: “Nəhayət, Akif Çovdarov qardaşımı müğənni Mətanət İsgəndərlinin əli ilə aldadaraq, 13 oktyabr 2003-cü ildə Bakı şəhərində şəxsən paqonlu bandasının əli ilə oğurlatdırıb”.
E.Abdullayev öz açıqlamasında qardaşının oğurlanmasında iştirakçı kimi milli təhlükəsizlik nazirinin birinci müavini Hilal Əsədovun qohumu Sənan İbrahimovun, Akif Çovdarovun biznes və cinayət ortağı Qulu Cəfərovun, Rövşanə və digər şəxslərin adlarını da çəkib. Sabiq rektorun ifadələri məhkəmə üçün əsas ola bilər. Ona görə də, A.Çovdarovun məhkəməsində müğənni Mətanət İsgəndərlinin iştirak edə biləcəyi istisna edilmir.
Musavat.com xəbər verir ki, sözügedən məsələ müğənni Mətanət İsgəndərli ilə bağlı ilk qalmaqal deyil. M.İsgəndərlinin adı daha öncə də ABU-nun rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanmasında çəkilib. Elşad Abdullayev dönə-dönə qardaşının oğurlandığı gün məhz M.İsgəndərlinin evində olduğunu demişdi. Mətbuata göndərdiyi açıqlamalarda E.Abdullayev iddia edib ki, Mahir Mətanət İsgəndərlinin evinə israrlı telefon zəngləri ilə dəvət edilib, burada dava olub, davadan sonra Mahir Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb, bir neçə gün sonra isə MTN-ə gətirilib və bundan sonra ondan heç bir xəbər almaq mümkün olmayıb.
Həmin ərəfədə “Təzadlar” qəzeti ABU-nun sabiq rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı aparılan istintaq zamanı müğənninin verdiyi ifadəni yayımlayıb.
M.İsgəndərli öz ifadəsində öncə M.Abdullayevlə tanışlıq hekayəsindən danışıb: “Abdullayev Mahir İslam oğlu ilə təxminən 1996-cı və ya 1997-ci ildə tanış olmuşam. Həmin dövrdə tanışım, AzTV-də operator işləyən Asim Cəlilov mənə Mahir adlı dostunun oxuduğum “Anam, hardasan?” mahnısına qulaq asdığını və anası vəfat etdiyindən bu mahnının onu kövrəltdiyini söyləyərək, klip çəkdirmək istədiyini bildirdi. Daha sonra Mahirlə öz prodüserim, bəstəkar Asif Kərimovu tanış etdim. Həmin vaxtdan Mahirlə mənim aramda dostluq münasibəti yarandı və biz tez-tez görüşməyə başladıq. Mahirin özü də şeir yazmaq istedadına malik olduğundan mənim ifamda səslənən “Kürdəmir”, “Küsmə məndən”, “Ülvi balam”, “İlk məhəbbət kövrək olur” mahnılarımın sözlərini yazıb. Mahir ümumiyyətlə, incəsənət sahəsində inkişaf etməyim üçün mənə maliyyə dəstəyi də göstərib və hətta Asiflə birlikdə 1998-ci ilin 16-17 mart tarixlərində solo konsertlərimi təşkil edib”.
M.İsgəndərli deyib ki, tanınmış insan olduğundan E.Abdullayev qardaşının yoxa çıxması ilə bağlı ictimaiyyətin fikrini yayındırmaq və diqqəti ona yönəltmək üçün onu ittiham edir: “Elşadla təklikdə olan görüşümüz zamanı o, mənimlə mehriban danışıb, irad bildirməyib, Mahirin sağ olduğunu söyləyib, salamını çatdırıb, məni heç bir şeydə ittiham etməyib. Sonradan Elşadın nə səbəbə, nə məqsədlə mənə qarşı bu cür ittihamlar etməsinin səbəbini bilmirəm”.
M.İsgəndərlinin adı keçmiş polis zabiti Hacı Məmmədovla yanaşı da çəkilib. Hacı Məmmədov həbs olunandan sonra o dövrün bir sıra gündəlik qəzetlərində müğənni Mətanət İsgəndərlinin Hacı Məmmədovla şəkilləri dərc olunsa da, Mətanət İsgəndərli indiyə kimi bu barədə heç nə deməyib.
O, yalnız M.Abdullayevin itkin düşməsi ilə bağlı aparılan istintaq zamanı verdiyi ifadədə DİN-in sabiq əməkdaşı Hacı Məmmədovla bağlı sualı cavablandırıb: “Hacı Məmmədovla yaxın münasibətim olmasa da, onu bir dəfə Qusar rayonunda sahibi olduğu “Qarabulaq” istirahət mərkəzində görmüşəm. Özüm bir neçə dəfə ailəmlə birlikdə həmin istirahət mərkəzinə dincəlmək üçün getmişəm. Həmin səfərlərimin birində Hacı Məmmədov bir sənət adamı kimi məni öz ailəsi ilə birlikdə əyləşdiyi masaya dəvət edərək, ailəsi ilə tanış etdi və təxminən 1 saata yaxın onlarla birlikdə oturub ümumi söhbətlər etdim. Bundan təxminən 2 ay sonra Hacı Məmmədov prodüserim Ələddinə zəng edərək tanımadığım qohumunun hazırda adı yadımda qalmayan şadlıq sarayında keçirilən toy məclisində müğənni kimi iştiraka dəvət etdi. Hacının ailəsi ilə bir süfrə arxasında oturub çörək kəsdiyimizdən həmin toyda oxudum, pul almadım. Bundan əlavə Hacı Məmmədovla hər hansı münasibətim olmayıb. Hacı Məmmədovla tanışlığım bununla da bitib. Bu hadisənin Mahir Abdullayev itməmişdən qabaq, yaxud bundan sonra olduğunu hazırda xatırlaya bilmirəm”.
2014-cü ildə isə müğənninin narkoman olması barədə xəbərlər yayılıb. Tanınmış gitara ifaçısı, əməkdar artist Rəmişin (Rafiq Hüseynov) verdiyi “şou biznesin 99 faizi narkomandır” açıqlamasından sonra müğənninin narkoman olduğu da iddia olunub. Hətta, M.İsgəndərlinin narkotiklərdən istifadə etməsi ilə bağlı iddiaların ABU-nun keçmiş rektoru Elşad Abdullayevin qardaşı, itkin düşmüş MTN zabiti Mahir Abdullayevlə münasibətlərinin yaranmasından sonraya təsadüf etdiyi də deyilib.
Mətanət İsgəndərli haqqında yayılan narkoman iddiasıyla bağlı xəbərə münasibət bildirərək deyib: “Nəyə əsasən bu sözləri danışırlar? Onlara kim ixtiyar verib, bu sözləri deməyə..? Mən həmin şəxsi tapsam, saçlarından tutub, sürüyəcəyəm. Bu, bağışlanılmaz yalandır. Məni xalq tanıyır, bilir ki, mən necə biriyəm. Kim görüb məni narkotikdən istifadə edərkən? Ayıb olsun”.
Qeyd edək ki, müğənninin özü A.Çovdarovun məhkəməsində iştirak edəcəyi barədə mətbuatda yer alan iddialarla bağlı açıqlama verməkdən yayınsa da, onun mətbuat katibi Zəminə Rüstəmova saytımıza açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Neçə gündür ki, Mətanət xanım barədə bu cür xəbərlər yayılır. Özüm bu barədə şəxsən dəfələrlə Mətanət xanımla danışmışam. O, deyir ki, mətbuata bu haqda açıqlama verməyəcək, olmayan hadisə haqda danışmaq istəmir. Mənə bildirdi ki, yayılan məlumatlar əsassızdır. O, Akif Çovdarovu tanımır, onunla heç bir əlaqəsi olmayıb, bu cür xəbərlərin necə yayıldığını, kimdən qaynaqlandığını bilmir. Özü də çaşıb, qalıb. Akif Çovdarov məsələsində Mətanət xanımın adı hallansa idi, ona məhkəmədən kağız gələrdi. Hazırda belə bir durum yoxdur. Mətanət xanım əməkdar artistdir, xalqın sənətçisidir. Onun adını ləkələmək doğru deyil. Özü də mənə dedi ki, jurnalistlərə bildirim ki, yalan kampaniyalara qoşulmasınlar. Bu xəbərlər Mətanət xanıma zərbə vurmaq istəyənlərin işidir. Bir daha deyirəm ki, onun A. Çovdarovla əlaqəsi yoxdur”.

 

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə