Məşhur milyarder Azərbaycan federasiyasına sponsorluq etmək istəyir
Məşhur milyarder Azərbaycan federasiyasına sponsorluq etmək istəyir
24 Oktyabr 2016 / 10:08 / Baxış sayı: 1414
Font1 Font2 Font3 Font4
Bizimxeber

Xəbər verdiyimiz kimi, dünən “Şuşa” Şadlıq Sarayında Azərbaycan Bədən Tərbiyəsi və Veteranlar İttifaqının tədbiri olub.

Qaynarinfo.Az bu ictimai birliyin sədri Yaşar Məmmədovdan tədbir haqda fikirlər öyrənib. O təəssüflə bildirib ki, federasiyalar sabiq idmançılarına qarşı biganə münasibət göstərir və belə tədbirlərin maliyyələşməsində maraqlı deyillər: “İldə 2 dəfə belə tədbir keçiririk. Həmişə bu məkanda yığışırıq. Sonuncu dəfə 5 ay əvvəl burda toplaşmışdıq.

Budəfəki tədbirə dəvət olunmuş 104 veterana 100 manat pul verdik. Kimlər ki iştirak edə bilməyib, pulları onlara göndərilib. Mən bu görüş üçün federasiyalara məktub yazmışdım. Onlara bankda hesab nömrəmi göndərib bildirmişdim ki, sizin federasiyaya aid veteranlar üçün görüş təşkil etmək istəyirəm. Çünki veteranlardan eləsi var ki, maddi durumu yaxşı deyil. Ancaq heç bir federasiyadan cavab gəlmir.
Yalnız Gənclər və İdman Nazirliyi bu məsələyə müsbət yanaşıb və maddi xərclərimizi qarşıladı”.Məlum olduğu kimi, “Şöhrət” ordenli Yaşar Məmmədov həm də Azərbaycan Qılıncoynatma Federasiyasının I vitse-prezidentidir. Onun saytımıza verdiyi son açıqlamasında məlum olmuşdu ki, federasiyada hesabat-seçki konfransı oktyabrın 22-də baş tutacaq.
Lakin bu dəfə də seçkilər gerçəkləşməyib.Məmmədov bunu federasiya prezidenti Nazim İbrahimovun yenə ölkə xaricinə getməsi ilə əlaqələndirib: “Bildiyiniz kimi, əvvəlcə oktyabrın 15-i federasiyaya seçki keçirmək istəyirdim. Sonra Nazim İbrahimovun istəyi ilə bunu ayın 22-nə keçirdik. Ancaq prezidentin özü 20-də Azərbaycandan getdi.
O istəyir ki, Milli Olimpiya Komitəsinin (MOK) Hesabat-Seçki Konfransına federasiya prezidenti kimi qatılsın. Deyir, sonra bizim federasiyaya seçkilər keçirilər. Ayın 11-də onun prezidentliyinin 9 ili tamam oldu. Özü ilə görüşə bilmirəm. Hər dəfə Diasporla İş üzrə Dövlət Komitəsinə gedəndə polislər deyir ki, yanında qonağı var. Məni də müavini Ramin Məmmədov qarşılayır, aparır çay içirtməyə. O da deyir ki, bu məsələni çox qabartmayın, vəziyyət pisdir. Nazim İbrahimovun 300 min manat federasiyaya borcu var. Mənə borcu 117 mindir. 17 aydır ki, ofisin aylıq icarə haqqı – 2200 manatı hər ay mən verirəm. Prezident də vitse-prezidentdən bir günə 15 min manat borc alıb, 2 ilə yaxındır ki qaytarmaz? Sonra məni qınayır ki, niyə “feysbuk”da borclu olduğumu yazmısan?! Deyir ki, mən elə bilirəm ki, 15 min manat 300 minin içindədir. Ötən ilin dekabrın 15-də mühafizəçisini göndərmişdi ki, təcili 2 min manat pul lazımdır, 1 həftəyə qaytaracaq. 10 ay keçib, hələ də qaytarmayıb. Guya pulu yoxdur?!
Eşitmişəm ki, yaxınlarda 200 minə maşın alır. Qətərdə o qədər boş şeyə pul xərcləyir.2 il əvvəl MOK-un iclasında iştirak edəndə demişdim ki, 41 idmançının imzası var ki, Nazim İbrahimovun onlara borcu var. O imzalar çəkiləndə hələ 6 ay idi ki, maaş almırdıq. Onda mənə dedi ki, 1-2 günə pulları verəcək. Həmin vaxtdan maaşların verilməməsi müddəti 17 aya gəlib çatıb. O 41 adamdan 2-si ölüb, 11-i isə xaricə gedib. 10-u Türkiyə, 1-i də Ukrayna adından çıxış etməyə başlayıblar.
Bax, beləcə komandanı dağıdıb”.81 yaşlı Yaşar Məmmədov 2007-ci ildə Nazim İbrahimova güzəştə getdiyi federasiya prezidenti postunu yenidən geri qaytara biləcəyini də bildirib. Məmmədov qeyd edib ki, bunun üçün Beynəlxalq Qılıncoynatma Federasiyasının özbək prezidenti Əlişir Usmanov bizim federasiyaya maliyyə yardımı etməyə söz verib: “Qulağıma çatıb ki, Nazim İbrahimovu nazirin və ya ölkə başçısının qərarı olmadan burdan çıxarmaq olmaz. Amma bizdə ictimai qurumdur.
Federasiya prezidenti olmasam da, onun səlahiyyətlərini müvəqqəti icra edə bilərəm. 2007-ci ildə özüm prezident postunu ona təhvil vermişdimsə, indi də geri qaytara bilərəm. Milyarder Əlişir Usmanovun iqtisadi məsələlər üzrə Fərhad Qasımov adlı köməkçisi var. O mənə deyib ki, Usmanov federasiyaya prezident postuna keçməyimi istəyir. Deyir nə lazımdırsa, maddi baxımdan avro ilə kömək edərik. Avro da hazırda manatdan 2 dəfə üstündür”.


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə