Məmur-oliqarxlarımızın xaricdə dəbdəbəli mülklər almasının müdhiş pərdəarxası… – Özəl araşdırma
Məmur-oliqarxlarımızın xaricdə dəbdəbəli mülklər almasının müdhiş pərdəarxası… – Özəl araşdırma
28 Noyabr 2016 / 11:26 / Baxış sayı: 1014
Font1 Font2 Font3 Font4
Bizimxeber

Qaynarinfo.Az azərbaycanlı oliqarxların son illərdə ölkə hüdudlarından yaxın-uzaq kənarda dəbdəbəli imarət sahibi olmalarına dair araşdırma aparıb və ortaya ilginc məlumatlar çıxıb. Araşdırmanın ikinci hissəsini (birinci hissə burda: http://az.qaynarinfo.az/xeber-azrbaycan-oliqarxlarnn-xaricdki-dbdbli-mulklri-t99566.html)  təqdim edirik.

Hələ ötən ilin dekabrında məlum oldu ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 2012-ci ildə Londonun ən nüfuzlu və bahalı rayonunda – Sent-Ceyms məhəlləsində oğlunun adına 8 otaqlı dəbdəbəli mənzil alıb. Bu barədə Londonun rieltor şirkətlərinin birindən məlumat verilmişdi.

Məlumatda bildirilir ki, həmin mənzil hazırda Azərbaycanın xüsusi xidmət orqanları sistemində kriminal qruplaşma yaratmaqda ittiham olunan sabiq nazirə nə az, nə çox – düz 30 milyon funt-sterlinqə başa gəlib.
Sent-Ceyms məhəlləsində yaşayış üçün nəzərdə tutulan tikililər çox azdır. Bu rayonda inşaat işləri aparılmır, yeni binalar tikilmir. Ona görə də Sent-Ceymsdə ev və mənzillər çox bahadır. Hətta bütün Böyük Britaniyada ən yüksək sayılır. Burada yaşayış sahələri deyəndə adətən nəhəng qədim ev və malikanələr, bir də bərpa edilərək müasir mənzillərə çevrilən tarixi binalar nəzərdə tutulur.
Sabiq nazirin aldığı mənzilə gəlincə, o, Eldar Mahmudovun oğlu Anar Mahmudovun adına sənədləşdirilib. Anar Mahmudov hazırda da Londonda yaşayır. Eldar Mahmudov korrupsiya və kriminal yolu ilə əldə etdiyi kapitalın böyük hissəsini Qərbdə məhz oğlunun şirkəti vasitəsilə leqallaşdırıb.
2013-cü ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) o vaxtki sədri Səlim Müslümovun da Londondakı məşhur “Milyonçular küçəsi”ndə (Millioner Street) dəyəri milyonlarla manatla ölçülən imarət aldığına dair xəbər yayılıb. Hazırda əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutan Müslümovla bağlı bu iddia da nə təsdiq, nə də təkzib edilib.
Yazımızın birinci hissəsində Londonda mülk sahibi olan azərbaycanlı oliqarxlarla bağlı geniş danışdığımızdan bu dəfə adıçəıkilən iki oliqarxla bağlı iddilarla kifayətlənək və bir qədər də varlılarımızın başqa bir sevimli ünvanı – Çex Respublikasından danışaq.
Çexlər ölkəsində azərbaycanlı oliqarx izləri…
Hələ iki il əvvəl Cəmil Məlikov adlı Azərbaycan vətəndaşının Praqanın Mərkəzi Parkındakı elit yaşayış kompleksindən Manhetten göydələnlərini xatırladan binada 3,3 milyon krona özünə mənzil aldığı məlumdur. Bu şəxsin kimliyi barədə Çex Respublikasının daşınmaz əmlak reyestrində məlumat yoxdur. Ancaq Azərbaycanda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavininin ad və soyadı da Cəmil Məlikovdur. Maraqlıdır ki, adıçəkilən agentlik Cəmil Məlikovun həmin mənzillə əlaqəsini təsdiqləməsə də, təkzib də etməyib.
Adıçəkilən ölkədə Milli Məclisin üzvü Cavanşir Paşazadə və onun qardaşı Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadənin mənzillər kompleksi mövcuddur. Çex Respublikasının mülkiyyət qediyyatı reyestrinə görə onlar bu ölkənin məşhur kurort bölgəsi Karlovı Varıda yerləşən “Aynur KV”nin sahibidirlər. Haqqında danışılan mənzillər kompleksi məhz bu firmanın adına rəsmiləşdirilib və Karlovı Varının mərkəzində yerləşir. Qeyd edək ki, Cavanşir Paşazadə Çex Respublikasında hər hansı biznesə və sərvətə malik olduğunu inkar edib.
Onu da deyək ki, hələ bir neçə il dünya KİV-i yazırdı ki, özüünün təbii bulaqları, kurortları və yüksək keyfiyyətli şüşəsi ilə çox məşhur olan Karlovı Varı son vaxtlar xüsusilə korrupsiyanın dərin kök saldığı postsovet ölkələrinin məmur-oliqarxları üçün ən cəlbedici məkanlardan biridir. Çex Respublikasının qərb hissəsində yerləşən, Almaniya ilə həmsərhəd bu mənzərəli şəhər, 1711-ci ildə Rusiya çarı Birinci Pyotr buranın şəfalı suları ilə müalicə olunmaq üçün gələndən bəri, Rusiyanın hakim təbəqəsi üçün müstəsna xəlvəti guşəyə çevrilib. Amma belə görünür, ora bizim varlılar üçün də az sevimli deyil…
Postsovet ölkələri də istisna deyil…
Azərbaycanın məmur-oliqarxlarının xaricdəki mülklərinin sərhədləri yalnız Türkiyə və Avropanın aparıcı ölkələri ilə sınırlı deyil. Onların müxtəlif postsovet ölkələrində də yetərincə mülkləri var.
Məsələn,  “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun Rusiyada, vergilər naziri Fazil Məmmədovun isə Ukraynada mülkünün olduğu deyilir. Əsgərovun Moskvada və Sankt-Peterburqda mənzillərinin, Məmmədovun isə kurort şəhəri olaraq bilinən Truskovetsdə otelinin və şəxsi mülkünün olduğu iddia edilir. Həmin iddialarla bağlı da indiyədək heç bir yalanlama gəlməyib. Baxmayaraq ki, bunlar rəsmi şəkildə təsdiq də edilmir.
Bəzi oliqarxlarımızın isə qonşu Gürcüstanda – əsasən də Tiflis və Batumidə iri biznes obyektləri ilə bərabər, mənzillərinin olduğuna dair bilgilər var. Ən maraqlısı isə odur ki, daşınmaz əmlak sahibi olmaq üçün Gürcüstana hətta orta çaplı məmurlarımız da özəl maraq göstərirlər.
Məmur-oliqarxlarımız niyə xaricdə mülk alırlar?
Hələ üç il əvvəl Rusiyada məmurların xaricdə mülk sahibi olmasına qadağa qoyulması təşəbbüsü irəli sürülmüşdü. O vaxt bu ölkənin baş naziri əleyhinə çıxış edərək, bunun dövlət xidmətinə faydası olmayacağı qənaətində olduğunu bildirmişdi.
“Mənə elə gəlir ki, başqa istiqamətdə getmək lazımdır – gəliri elan və bir sıra xərcləri bəyan etməklə” – Rusiya baş naziri vurğulamışdı.
Rusiyadakı məlum təşəbbüsdən sonra Azərbaycanda da məmurların xaricdə mülk sahibi olmaları ilə bağlı müzakirə başlamış, amma hər hansı yasaq qərarı çıxmamışdı.
Bəs bizim varlılar niyə xaricdə mülk almağa belə həvəslidirlər? Bəzi müstəqil iqtisadçı ekspertlərin fikrincə bunun iki önəmli səbəbi ola bilər. Birinci, iqtisadi böhranlardan qorunmanın, ən azı bu cür krizislərdən minimum itki ilə çıxmağın sınanılmış yollarından biri kapitalın daşınmaz əmlaka yönəldilməsidir. Bu mənada böyük sərvətə malik oliqarxların ölkədaxili ilə bərabər, onun hüdudlarından kənarda da mal-mülk sahibi olmaları təəccüblü görünməməlidir. İnların xüsusən daşınmaz əmlakın hər zaman yüksək dəyərini qoruduğu xarici ölkələrdə mülk sahibi olmaq istəmələri başadüşüləndir.
İkincisi, məmur-oliqarxlarımız ailə üzvlərinin adına xaricdə mülk sahibi olarkən müəyyən risklərini nəzərə alırlar. Belə ki, bir sıra nüfuzlu məmurların gözlənilməz şəkildə “vurulması”, onların varidatlarına əl qoyulması ehtiyatlı davranmaq məcburiyyəti yaradır, odur ki, müəyyən oliqarxların bizneslərinin əhəmiyyətli hissəsini xaricə daşımasını, pullarını ölkədən çıxarmasını, Azərbaycandan kənarda mal-mülk sahibi olmaq istəmələrini məşhur “Dərsini kimdən aldın? – Gözü çıxmış qardaşdan!” atalar sözü kontekstində də qiymətləndirmək olar.
Və nəhayət, daha bir vacib məqam: bir sıra xarici, o cümlədən, Avropa ölkələrində olan mövcud qanunvericiliyə görə, müəyyən həddə mülk alan əcnəbilərə vətəndaşlıq verilir. Güman ki, məsələyə bu prizmadan da yanaşmaq olar.
“Belə bir vətəndaşlıq onların nəyinə lazımdır?” – oxucular arasında bu sualı verənlər də tapıla bilər. Belələrinə isə Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin adı ətrafında baş verənləri xatırlatmaq yerinə düşər. Onun, adına on milyonlarla manat kredit ayrılmış həyat yoldaşı məhz xaricdə vətəndaşlıq ala bildiyi üçün indi Azərbaycan məhkəmələri qarşısında cavab verməkdən xilas olmağı bacarıb…



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə