Məktəbəhazırlıq məşğələləri nə vaxt başlayır? – RƏSMİ
Məktəbəhazırlıq məşğələləri nə vaxt başlayır? – RƏSMİ
21 Sentyabr 2016 / 16:15 / Baxış sayı: 662
Font1 Font2 Font3 Font4
Bizimxeber

Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlər hər il, bir qayda olaraq oktyabrın 1-də başlanacaq və mayın 31-də başa çatacaq. Bununla belə, 2016-cı ildə oktyabr ayının 1-i şənbə gününə təsadüf etdiyindən bu il məşğələlər oktyabrın 3-dən başlanacaq.

Lent.az-ın məlumatına görə,  məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək və dövlət hesabına olacaq. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarına əsasən, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Bununla belə, valideynlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, yaradılmış qrupların sayını artırmamaq şərti ilə uşaq sayı norması imkan verdiyi halda, 2010-cu ildə anadan olmuş, lakin məktəb yaşına çatmamış uşaqların da valideyninin arzusuna görə, məktəbəhazırlıq qruplarına cəlbi yerli təhsili idarəetmə orqanlarına tövsiyə edilib.

Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılacaq. Məktəbəhazırlıq qruplarında Ətraf aləmlə tanışlıq, Savad təliminə hazırlıq və nitq inkişafı, Bədii təfəkkürün inkişafı, Məntiqi və riyazi təfəkkürün inkişafı, Təsviri fəaliyyət, Musiqi və Fiziki mədəniyyət dərs məşğələləri tədris ediləcək.

Məktəbəhazırlıq məşğələləri həftədə 4 (dörd) gün keçiləcək. Bir gün ərzində 3 (üç) məşğələ tədris olunacaq. Məktəbəhazırlıq qruplarının 2016-2017-ci dərs ilinə aid tədris (məşğələ) planına əsasən, məktəbəhazırlıq məşğələlərində həftədə 12 saat tədris aparılması nəzərdə tutulub.

Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq sinif jurnalında qeyd ediləcək, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndiriləcək və bu barədə valideynlərə məlumat veriləcək.

Bildirək ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə