Kürəkənə Prezident Administrasiyasında vəzifə?
Kürəkənə Prezident Administrasiyasında vəzifə?
20 Noyabr 2016 / 8:13 / Baxış sayı: 1296
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp kürəkəni Cared Kuşnerə Ağ Evdə müşavir vəzifəsi vermək istəyir. Lakin Trampın bu niyyəsi indidən bir sıra hüquqi və əxlaqi suallar meydana çıxarıb. Çünki Tramp kürəkəninə prezident administrasiyasında vəzifə verməklə ABŞ-ın antinepotizm qanunu poza bilər.

Trampın komandası dəfələrlə bildirib ki, Kuşner hələlik, Ağ Evdə heç bir rəsmi vəzifə üçün müraciət etməyib. Ancaq yeni prezidentin kampaniya meneceri Kellyan Konvey ötən həftə CNN-ə  deyib ki, Tramp əvvəlki kimi, Kuşnerin ona müşavir olmasını istəyir.

Habelə ötən həftə “ABC News” xəbər verib ki, Trampın keçid komandası Kuşnerin xüsusi təhlükəsizlik yoxlamasından keçirilməsini xahiş edib. Çünki dövlət vəzifələrinə təyin olunan adamlar belə yoxlamadan keçməlidirlər. Ancaq Konvey hələlik, bununla bağlı heç bir “rəsmi” müraciət gəlmədiyini söyləyib: “Prezidentə gündəlik məlumat verən adamın təhlükəsizlik yoxlamasından keçməsi düzgündür. Üstəlik, təkcə düzgün yox, həm də zəruridir”.

ABŞ-ın federal antinepotizm statusunda deyilir: “İctimai vəzifə tutan rəsmi şəxs qohumu olan şəxsi xidmət, yaxud nəzarət etdiyi idarədə mülki vəzifəyə təyin edə, işə götürə, irəli sürə, yaxud onun təyinatını, işə götürülməsini, irəli sürülməsini təbliğ edə bilməz”.

Prezidentin “ictimai vəzifə tutan rəsmi şəxs”, kürəkənininsə “qohumu” olduğunu nəzərə alınsa, qanun Trampla Kuşnerə şamil edilə bilər.

Prezidentin Ağ Evdə nepotizm məsələsi ilə qarşılaşması tarixdə ilk dəfə deyil. Vaxtilə Con Kennedi qardaşı Robert Kennedini baş prokuror təyin etmişdi. Hərçənd, antinepotizm statusu yalnız 1967-ci ildə – prezident Kennedinin qətlindən 4 il sonra qüvvəyə minib.

Keçmiş prezident Cimmi Karterin  də öz oğlunu Ağ Evə təcrübəçi kimi gətirmək istədiyi, ancaq bunun qarşısının alındığı bildirilir. Son dövrlərdə ən çox gözəçarpan nümunə isə 1993-cü ildə Bill Klintonun birinci ledi Hillari Klintonu prezidentin Milli Səhiyyə İslahatı üzrə işçi qrupunun sədri vəzifəsinə təyin etməsidir. Bu addım Kolumbiya Dairəsinin (paytaxt) federal məhkəməsində mühakimə olunmuşdu.

O zaman Amerika Həkimlər və Cərrahlar Assosiasiyası adlı bir lobbi qrupu Hillari Klintonun  öz qeyri-hökumət rolundan kənara çıxdığını iddia etmişdi. Məhkəmə qərarında deyilirdi ki Ağ Ev və Prezidentin İcraçı Ofisi federal antinepotizm qanununun şamil olunduğu idarələr deyil. Bir sıra hüquq ekspertləri bu presedentin yeni prezidentin öz qohumunu Ağ Evdə müşavir postuna təyin etməsinə yol aça biləcəyini deyirlər.

Hüquq ekspertləri bildirirlər ki, 1993-cü il qərarına görə, Tramp Kuşnerə məvacib verməsə və onu hər hansı hökumət idarəsinin tabeliyində olmayan müşavirlər şurasına təyin etsə, bu qanun çərçivəsində hərəkət imkanı qazanacaq. Ekspertlətin fikrincə, Trampın kürəkənini qeyri-rəsmi müşavir kimi saxlamasına heç bir texniki məhdudiyyət yoxdur. Kuşneri “hökumət podratçısı” kimi işə götürmək isə onu ümumiyyətlə antinepotizm qanunundan kənarda qoyur.

Mütəxəssislər bunun Tramp üçün hüquqidən çox siyasi nəticələrinin ola biləcəyini düşünürlər. Son nəticədə hər hansı hökumət vəzifəsinə təyin olunacağı halda ən böyük risklə Kuşnerin özü üzləşəcək. O bu halda maraqlar toqquşmasına dair qanunun subyektinə çevriləcək. Bu qanunun Trampa aidiyyatı olmayacaq. Məhz bu səbəbdən, o öz biznes maraqlarından imtina etmək fikrində deyil. (“Azadlıq” radiosunun xülasəsi)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə