Kredit büröları yaranacaq-Rüfət Aslanlı
Kredit büröları yaranacaq-Rüfət Aslanlı
19 Sentyabr 2016 / 15:54 / Baxış sayı: 494
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Azərbaycanda kredit bürolarının yaradılmasında 15 bank iştirak edəcək”.

Bu barədə bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.

Onun sözlərinə görə, ölkənin bank sektorunda aktivlərin və kredit portfelinin təxminən 80%-ə malik olan bu banklar kredit bürolarının yaradılması məqsədi ilə təşəbbüs qrupu yaradıb.

Rüfət Aslanlı həmçinin deyib ki, bir ildən sonra ölkədə kredit büroları fəaliyyətə başlaya bilər:

“Beynəlxalq təşkilatlarla birlikdə 5 ildən artıqdır ki, bu qanun layihəsi üzərində işlənilir. Kredit bürolarının yaradılması fiziki və hüquqi şəxslərin maliyyə xidmətlərinə çıxışını yaxşılaşdıracaq.

Kredit büroları bank və digər borcverən təşkilatların borc almaq istəyən şəxslərin əvvəlki borclarının tarixi, ödəmə statistikası, maliyyə intizamı və borc almaq arzusunda olanların gəlirlərinin əks olunduğu məlumat bazasıdır.

Bilirsiniz ki, Azərbaycanda Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti fəaliyyət göstərir. Kredit bürolarını Xidmətdən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, kredit bürolarında borcalanların məlumatlarının təhlili aparılacaq.

Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətində statistik məlumat bazası mövcud idi və bu məlumatdan bankların aktivlərinin və kredit portfelinin keyfiyyətini qiymətləndirmək üçün istifadə edilirdi. Kredit bürolarında toplanmış məlumat bazasından isə artıq borcalanların maddi vəziyyətini ətraflı təhlil etmək mümkün olacaq”, – deyə R.Aslanlı bildirib.

R.Aslanlı qeyd edib ki, qanun qəbul edilərsə, bir il sonra Azərbaycanda kredit büroları fəaliyyətə başlaya bilər. Onun fikrincə, kredit bürolarının fəaliyyəti ilə bankların xərclərini azaldacaq.

Bununla yanaşı, maliyyə təşkilatlarından kredit götürmək üçün sərf olunan vaxt əhəmiyyətli dərəcədə azalacaq. Üstəlik, borcalanların gəlirləri və öhdəliklərinin düzgün qiymətləndirilməsi daha sağlam kreditləşmə aparmağa imkan verəcək.

Qeyd edək ki, Azərbaycanda ilk kredit bürosunun yaradılması zamanı İslandiya modelindən istifadə olunacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə