Korrupsiyaya görə işdən qovulan məmur yeni vəzifədə – Kimin dəstəyi ilə?
Korrupsiyaya görə işdən qovulan məmur yeni vəzifədə – Kimin dəstəyi ilə?
21 Noyabr 2016 / 16:18 / Baxış sayı: 1998
Font1 Font2 Font3 Font4
Bizimxeber

Qamət Məmmədov indi də “Azəristiliktəchizat” ASC-də müavindir “Azəriqaz” İstehsalat Birliyi baş direktorunun satış və istismar üzrə sabiq müavini Qamət Məmmədov yeni vəzifəyə təyin olunub. O, hazırda “Azəristiliktəchizat” ASC-də məsul post tutur.

Bu barədə medianews.az saytına ASC-dəki mənbələrdən məlumat daxil olub. Xəbəri verən qaynağın sözlərinə görə, Qamət Məmmədov hazırda “Azəristiliktəchizat” ASC sədrinin müavini vəzifəsini icra edir.

Bir neçə ay əvvəl gerçəkləşmiş bu təyinatda ilk baxışda qeyri-adi heç nə yoxdur. Amma məhz ilk baxışdan belə görünür. Məsələ burasındadır ki, Qamət Məmmədovun “Azəriqaz”dan korrupsiya ittihamı ilə işdən qovulmasından heç bir il ötməmiş o, özünə başqa bir qurumun isti məmur kürsüsündə yer etməyə nail olub.

unnamed (1)
Xatırladaq ki, Qamət Məmmədov “Azəriqaz”dakı vəzifəsi ilə bir il öncə – 2015-ci ilin oktyabr ayında vidalaşmışdı. Onun vəzifədən çıxarılmasına səbəb kimi isə “işdə yol verdiyi ciddi nöqsanlar” göstərilirdi. Bildirilirdi ki, “Azəriqaz” İB-nin oktyabrın 10-da keçirilmiş qapalı iclasında bu təsərrüfat subyektində baş verən korrupsiya və mənimsəmə halları, qurumun fəaliyyətindəki ciddi nöqsanlar və maliyyə pozuntusu faktları müzakirə edilib. Nəticədə əvvəllər Əmirov adına Neft-Qaz Çıxarma İdarəsinin rəisi işləmiş Qamət Məmmədov 2011-ci ildən bəri tutduğu “Azəriqaz” sədrinin müavini vəzifəsindən azad olunub.
Mətbuat Q.Məmmədovun başının üstünü korrupsiya ittihamı ilə həbs təhlükəsi aldığını hələ o zaman yazırdı. Amma hamının, hətta istintaqa Məmmədov əleyhinə hansısa sənədləri təqdim etməyə məcbur olduğu deyilən “Azəriqaz” rəhbərliyinin özünün də gözlədiyi bu həbs baş vermədi. Əlbəttə ki, Məmmədov üçün gözəl sürpriz, bəlkə də “göylərin hədiyyəsi” sayılacaq səbəbdən…
İş ondadır ki, Məmmədovun işdən çıxarılmasından cəmi bir həftə sonra məlum “MTN prosesi” başladı. Nəticədə həm Məmmədovun özü, həm də “Azəriqaz” rəhbərliyi üçün göydəndüşmə fürsət yarandı. Arxa plana keçib unudulmaq fürsəti… Hansısa təsərrüfat qurumunda bir neçə on milyonluq korrupsiya faktı ətrafındakı ajiotaj bütün cəmiyyəti silkələyən daha geniş çaplı “Eldar Mahmudov və quldur general dəstəsi” olayının fonunda və müqabilində doğrudan da çox-çox xırda məsələ idi və anındaca unudulub getdi. Sözsüz ki, ilk növbədə ictimai rəy bu fakta o vaxt elə də ciddi əhəmiyyət vermədi. Cəmiyyət “MTN prosesi”nə köklənmişdi…
Amma belə görünür ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində heç də bütün qovluqlar itmir və unudulmur. Üstəlik, “MTN prosesi” ayıq-sayıq istintaqçılara əlavə impuls və fürsətlər də vermişdi – barəsində şikayət və müraciətlər gələn istənilən məmuru, yaxud iş adamını “mahmudovçu qrup”a bağlamaq xırda texniki məsələ idi. Bu isə korrupsiya çirkabına yaxından-uzaqdan bulaşan istənilən məmur üçün əcəl zəngi kimi bir şey idi…
“MTN prosesi” bu mənada Q.Məmmədovun həm də ziyanına işləyən bir hadisəyə çevrildi. Medianews.az saytını məlumatlandıran mənbə bildirir ki, “Azəriqaz” sədrinin sabiq müavini bu ilin bütün birinci yarısını korrupsiya faktlarının izinə düşən istintaqçıların suallarını prokurorluq otaqlarında cavablandırmaqla keçirib. Bununla belə, bəzi iddialara görə, hətta bir neçə günlüyə saxlanılan Q.Məmmədov çoxsaylı suallardan ibarət bu imtahandan hansısa gözəgörünməz güclü əllərin himayəsi ilə çıxa bilib. Bu ağır imtahanda bərk “tərləsə” də…
Medianews.az saytının əldə etdiyi məlumata görə, korrupsiya ittihamından (və ümumiyyətlə) “vıkup” metodu ilə “təmizlənən” Q.Məmmədov burada işlərini qaydaya salandan sonra bütün yayı İstanbuldakı lüks evində keçirib. Orada toparlanan sabiq müavin Bakıya qayıdandan sonra himayədarlarının qanadı altına sığınıb.
 23
Adətən kölgədə qalmağa üstünlük verən Q.Məmmədovun himayədarlarına gəlincə isə burada ən ön sırada rabitə və yüksək texnologiyalar nazirinin I müavini Əli Abdullayevin adı çəkilir. Bu da təsadüfi deyil. Q.Məmmədov Ə.Abdullayevlə həmkəndli və yaxın qohum, yəni rabitəçi-müavinin əmisi qızının həyat yoldaşıdır.
Üstəlik, onların çoxsaylı birgə biznes obyektləri var. Sabiq nazir Fərhad Əliyevin xeyir-duası və dəstəyi ilə hələ 22 yaşından müxtəlif məsul vəzifələrdə (?-red.) işləyən 37 yaşlı Ə.Abdullayev özü isə daha sonralar müəmmalı şəkildə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri, həmkəndlisi Kərəm Həsənovun tərəfinə keçib və onun “sağ əli” olub…
Beləliklə, Q.Məmmədov ətrafındakı dövrə qapanıb və bir neçə aydan sonra da gözlənilmədən açılıb. Ə.Abdullayevin bu ilin iyununda nazirin I müavini təyin olunması ilə Q.Məmmədov da xidmət üçün nədənsə və necəsə yararlı hesab edilib. “Azəristiliktəchizat”ın mənzilləri qızdıra bilməməsinin bir səbəbini də elə bu cür “korrupsiya qızdırması” nümunələrində axtarmaq lazımdır görünür…
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə