“Kaş Qarabağda öləydik, bu günü görməyəydik…”
“Kaş Qarabağda öləydik, bu günü görməyəydik…”
21 Sentyabr 2016 / 16:02 / Baxış sayı: 518
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Kaş, biz də o vaxt birinci Qarabağ müharibəsində öləydik, bu günü görməyəydik ki, bizi terrorçulara dəstək verməkdə günahlandırırlar.Anam ötən il rəhmətə getdi, 89 yaşlı atam eşidəndə ki, onun övladlarını belə bir əməldə ittiham edirlər, çox sarsıldı. Axı belə olmaz…».

Bunu «ANS Müstəqil Yayım və Media» Şirkətinin prezidenti Vahid Mustafayev sentyabrın 21-də Ali Məhkəmədə çıxışında deyib. Ali Məhkəmədə ANS telekanalının lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verilən kassasiya şikayətinə baxılıb.Şikayət rədd edilib. Beləliklə, ANS-in lisenziyasının alınması qərarı qətiləşib.

Məhkəmə iclasının əvvəlində ANS-in hüquqşünası Sevda Məhərrəmova bildirib ki, ANS-in Gülen şəbəkəsi, o cümlədən Türkiyədə baş verən olaylarla əlaqəsi ilə bağlı araşdırmalar getdiyinə görə məhkəmə prosesinin təxirə salınması barədə vəsatət qaldırıb. Qeyd edib ki, həttaTürkiyə mediası da araşdırmalar nəticəsində ANS-in bu məsələlərə heç bir aidiyyəti olmaması qənaətinə gəlib.

ANS-in prezidenti Vahid Mustafayev isə çıxışında deyib ki, Türkiyədəki olaylarla bağlı efirə verdikləri kadrlar, əsasən, elə Türkiyə kanallarından götürülmüş kadrlar olub: «Məsələlərə bir az da qanun çərçivəsində baxaq. Hakimlər, prokurorlar mənə desin ki, «qardaş, bunu səhv eləmisən», mən də əsaslandırım ki, səhv eləməmişəm. Azərbaycan vətəndaşı olaraq, mənə bu haqqı heç kim vermədi».

Vahid Mustafayev «ANS ÇM» radiosunun bağlanmasından da danışıb: «Çingiz Mustafayevin adını daşıyan radiostansiyanı niyə bağladılar? Onun nə günahı var? Çingiz təkcə mənim qardaşım deyil, bütün Azərbaycanın sərvətidir. Biz məsələnin yalnız məhkəmə yolu ilə həllinə çalışırıq. Bizi başqa ölkədə baş verən olaylarda suçlamağa imkan verməyin. Qaranlıq otaqda qara pişiyi tapmaq çox çətindir, xüsusən əgər o pişik orada yoxdursa…».

ANS-n baş direktoru Mirşahin Ağayev Türkiyədə məlum hadisələr baş verən gecə efirə verdikləri materialları bir-bir sadalayıb: «Biz Türkiyə səfirini 40 dəqiqə axtarandan sonra evindən çıxarıb idman geyimində gətirdik. Efirə çıxartdıq, Türkiyə hökumətinin mövqeyini ifadə etdi».

İddiaçı tərəf isə ANS-in kassasiya şikayətinə etiraz edib və onun təmin olunmamasını istəyib. «ANS qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, terrorçuluğa dəstək, terrora çağırış ifadə edən materiallar yayımlayıb», – Milli Televiziya və Radio Şurasının nümayəndəsi Toğrul Məmmədov bildirib.

*   *   *15:22

Bu gün ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti üzrə proses davam etdirilib.

Virtualaz.org-un xəbərinə görə, Ali Məhkəmədə hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən prosesdə tərəflər çıxış ediblər. Bundan sonra məhkəmə heyəti müşavirəyə gedib.

…Proses müşavirədən sonra davam etdirilib və qərar elan olunub. Məhkəmənin qərarına əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib. Eyni zamanda, MTRŞ 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırıb. Bakı Apellyasiya Məhkəməsində isə ANS-in lisenziyasına xitam verilməsi ilə bağlı qərar qəbul olunub.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə