Kərimovun “varis planı” yoxdur, hakimiyyəti iki klan bölüşdürəcək
Kərimovun “varis planı” yoxdur, hakimiyyəti iki klan bölüşdürəcək
30 Avqust 2016 / 13:14 / Baxış sayı: 994
Font1 Font2 Font3 Font4
Bizimxeber

Özbəkistan prezidenti İslam Kərimovun səhhəti dünya mediasının diqqət mərkəzindədir.  ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi “Stratfor” yazır ki, Kərimovu əvəzləməyə ən real namizəd baş nazir Şövkət Mirzəyevdir, çünki o, ölkənin iki güclü klanından birini –Səmərqənd klanını təmsil edir. Özbəklər də ona etibar edirlər. Amma Daşkənd klanının da dinc durmayacağı görünür. Onların rəhbəri, təhlükəsizlik xidmətinin şefi Rüstəm Inoyatov ölkədə prezidentdən sonra ikinci şəxs sayılır.

ASAN OLMAYACAQ

«Inoyatov Mirzəyevin yüksəlişinə qarşı çıxıb. Ola bilsin, ikisi başqa bir namizəd, məsələn, baş nazirin müavini Rüstəm Əzimovla bağlı razılığa gəlsinlər. Ya da mümkündür ki, hakimiyyəti bölüşdürməyə razılaşsınlar, Mirzəyev prezident postunu tutsun, Inoyatov pərdəarxası hakimiyyətə yiyələnsin», – təhlildə vurğulanır.

Mərkəz qeyd edir ki, Kərimovun taleyi regionda geniş dəyişikliklərə təkan verə bilər. O, həm Əfqanıstanla sərhəddəki sabitsizliyi, həm də qonşu Qırğızıstanla gərginliyi yatırtmağa çalışırdı. Yoxluğu isə bu problemləri alovlandıra bilər.

«Üstəlik, Özbəkistanın daim sürdürdüyü neytrallıq siyasəti də dəyişə bilər. Karimov ölkəsinin Rusiya, Çin və Birləşmiş Ştatlarla münasibətlərini uğurla balanslaşdırırdı. Kreml bu ölkəni müxtəlif alyanslarda iştiraka çağırsa da, buna duruş gətirirdi. Mirzəyevin Moskvayla daha dərin əlaqələri olduğu bildirilir. Amma o da hakimiyyətə gələrsə, ölkənin neytrallığını tələb edən qüvvələrlə mübarizə aparmalı olacaq».

REJİM DƏYİŞMƏYƏCƏK

“Foreign Policy”dərgisi də Kərimovun varisinin kim olacağı sualına cavab tapmağa çalışır. Jurnal  qeyd edir ki, Kərimovun xəstəxanaya yerləşdirilməsi və ölkədə siyasi keçid ehtimalının güclənməsi Özbəkistanda, eləcə də Orta Asiyada böyük iqtisadi və təhlükəsizlik problemlərinin yaşandığı bir dönəmə düşür.

“Prosesin nə qədər hamar gedəcəyindən asılı olmayaraq, Kərimovun vəzifədən kənarlaşmasından itirənlər olacaq», – Milli Müdafiə Universitetində professor köməkçisi Erica Marat “Foreign Policy” dərgisinə bildirib.”Ölkədə varisliklə bağlı heç bir hazırlıq görülməyib, açıq seçki təcrübəsi də yoxdur. Bu səbəbdən, hakimiyyətə kim gəlsə, eyni siyasi repressiyanı, sərt metodları davam etdirəcək”.

Yazıda qeyd olunur ki, vaxtilə prezidentin qızı Gülnaraya varis kimi baxırdılar. Amma onun adı İsveçdə və İsveçrədə korrupsiya qalmaqalında çəkiləndən sonra gözdən düşdü və hazırda Daşkənddə ev dustağıdır.

“Gülnaradan canlarını qurtarıb yeni plan cızmağa başladılar. Kərimovun xəstəliyinin elanı, əslində, varislik məsələsində qərarın verildiyini göstərir», – bunu Qlazqo Universitetində Orta Asiya üzrə ekspert Luca Anceschi deyir. «Onlar davamlılığı planlaşdırırlar. Rəhbərlik dəyişəcək, rejim yox».

PLÜRALİZM OLMAYAN YERDƏ

Müəllif qeyd edir ki, Özbəkistanda, onsuz da, durum həssasdır. İki böyük maliyyə tərəfdaşı olan Rusiya və Çindəki iqtisadi təlatümlər bu ölkəyə təsirsiz ötüşməyib. Üstəlik, ölkədə radikal islamçılıq problemi var. Siyasi müxalifət sıxışdırılıb, ekstremist qruplar narazılıqdan ötrünəfəsliyə çevrilib. Özbəkistan İslam Hərəkatı hökuməti devirib Orta Asiyada xilafət qurmaq istəyirdi. Bu hərəkat Orta Asiyadan sıxışdırılıbçıxarıldı və fəaliyyətini Əfqanıstana və Pakistana yönəltdi. Amma 2014-cü ildə “İslam Dövləti” (İŞİD) qruplaşmasının yüksəlişindən sonra onlar da fəallaşdılar.

“Özəlliklə də dini azadlıqların daha çox repressiya olunması xeyli adamı ekstremist qruplara cəlb edəcək. Siyasi plüralizm olmayan yerdə dini ekstremizm hakim rejimə qarşı çıxanları birləşdirən hazır qüvvə rolunu oynayır”, – bunu Marat deyir.

Müəllif yazır ki, cümə axşamı Özbəkistan dövlət müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. Kərimovun taleyi, indilik, bəlli deyil. Ola bilsin, ölkə tarixində ilk dəfə olaraq bu tədbir prezidentsiz keçsin.\virtualaz.org\

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə