İtkin düşən neftçilər iyundan ölmüş sayılır, amma…
İtkin düşən neftçilər iyundan ölmüş sayılır, amma…
22 Avqust 2016 / 13:27 / Baxış sayı: 974
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Günəşli” yatağının 10-cu Dərin Dəniz Özülündə baş verən yanğının 9 ayı yaxınlaşır

Dəhşətli faciə nəticəsində itkin düşən 17 neftçinin axtarışları dayandırılsa da, onların ölmüş sayılmaları hələ məlum deyil. Çünki bu barədə rəsmi məlumat verilməyib.

İtkin neftçilərin ailələrinə yardımların edilməsi barədə də dolğun məlumat yoxdur. Eyni zamanda onların bəzilərinin ailə üzvlərinin aşağı maaşla işə götürülməsi narazılıqlar yaradıb ki, bu hal hələ də davam edir.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirdi ki, qanunla itkin neftçilər iyun ayından ölmüş sayılırlar: “Bildiyimiz kimi, 2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ”Günəşli” yatağının 10 saylı stasionar Dərin Dəniz Özülündə şiddətli yanğın baş verdi. Nəticədə ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan 14 nəfər işçinin həyatına son qoydu, 17 nəfər neftçi itkin düşdü, 32 nəfəri isə müxtəlif xəsarət və psixoloji təsir alıb. Təşkilatımıza daxil olan məlumata görə, bir nəfər 1-ci qrup əlil olub. Bu və ya digər bu tipli faciələr işəgötürənin mövcud qanunvericiliyi pozduğu üçün baş verib. Mülki Məcəllənin müvafiq maddələrinə görə, 4 dekabr 2015-ci ildə itkin düşmüş neftçilər iyun ayından artıq ölmüş sayılmalıdır.

Qanunvericiliyin 41.1-ci maddəsində göstərilir ki, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Bununla əlaqədar təşkilatımıza müraciət edən itkin ailələrinə məlumat verilib. Və düşünürəm ki, itkin düşmüş neftçi ailələrinə onlar üçün ağır olan bu prosesin aparılması üçün şirkətin hüquq departamenti tərəfindən müvafiq hüquqi yardım olunacaq. Təşkilatımıza qəza nəticəsində həlak olmuş ailələrə kompensasiyanın verilməsi ilə əlaqədar şikayət daxil olmayıb. Sadəcə, əmək və əhalinin sosial müdafiə naziri Səlim Müslümov “Günəşli” yatağındakı qəzadan sonra hadisədə həlak olanların ailələrinə və əmək qabiliyyətini itirənlərə sığorta ödəniləcəyi ilə əlaqədar açıqladığı böyük məbləğlər çaşqınlıq yaradıb. Şirkət həmin ailələrə müəyyən yardımlar edib. Lakin əsas narahatlıqlar ailə üzvlərinin işlə təmin olunması və yaşayış problemidir. Ailə başçısı olan neftçilərin ailəyə gətirdiyi 1500-1800 məbləğində aylıq əməkhaqqını yardımlar əvəz edə bilmir. Çünki həlak olmuş neftçi ailəsi aşağı əmək haqla, 300-400 manat civarında işlə təmin olunur. Onların içərisində kirayədə yaşayan ailələr var. Bununla əlaqədar şirkət rəhbərliyinə müraciət olunsa da, onlar bunun qanun “pozuntusu” olacağını qeyd etdilər. Düşünürəm ki, əsl qanun pozuntusu bu insanların həlak olmasına səbəb olan qanun pozuntusudur. Təşkilata daxil olan şikayətlər isə məhz qeyd etdiyim bu problemlərlə əlaqədar olub”.

M.Qəhrəmanlı axtarışların fevral ayından dayandırıldığını da qeyd etdi: “Axtarışlar bizim müşahidəmizə görə hələ fevral ayından dayandırılıb. Türkmənistan ətrafında tapılan cəsədlər axtarış nəticəsində yox, təsadüfi tapılanlardır. Ən pisi isə odur ki, hələ də Hökumət Komissiyasının rəyi cəmiyyətə açıqlanmayıb. Baş verən hadisələrə (həmin gün Neft Daşlarında da üç nəfər həlak olub) heç kim günahlandırılmayıb və cəzalandırılmayıb”.

Xatırladaq ki, “Günəşli” yatağında yanğın ötən il dekabrın 4-də baş verib. Hadisə zamanı platformada 63 nəfər olub. Onların 33-ü xilas edilib.(musavat.com)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə