İran seçkilər ərəfəsində: növbəti prezident kim olacaq?
İran seçkilər ərəfəsində: növbəti prezident kim olacaq?
26 Oktyabr 2016 / 17:32 / Baxış sayı: 746
Font1 Font2 Font3 Font4
Bizimxeber

İran İslam Respublikası növbəti prezident seçkiləri ərəfəsindədir. Ölkənin növbəti prezidenti kim olacaq? İndi bu sual həm ölkə daxilində, həm də xaricdə çoxlarını düşündürür. İran Azərbaycanın yaxın qonşusu və dost ölkədir.

Son dövrlərdə hər iki ölkə prezidentlərinin nümayiş etdirdiyi siyasi iradə dövlətlərarası münasibətlərin inkişafında yeni səhifə açıb. Azərbaycan Prezidentinin 2014-cü ilin aprelində və 2016-cı ilin fevralında İrana, qarşılıqlı olaraq 2014-cü ilin noyabrında və 2016-ci ilin avqustunda İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfərləri əməkdaşlıq əlaqələrinin genişlənməsinə güclü təkan verib.

Məhz bu səfərlərdən sonra “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əsas tərkib hissəsi olacaq Qəzvin-Rəşt-Astara(İran) dəmir yolunun Azərbaycan Astarasına qədər davam etdirilməsi qərara alınıb, Ordubad və Marazad Su Elektirik Stansiyalarının tikintisi üçün sənədlər imzalanıb, habelə digər birgə qarşılıqlı faydalı iqtisadi layihələrin reallaşdırılması üçün geniş imkanlar yaranıb. Bütün bu amilləri nəzərə alsaq, İranda 2017-ci ilin mayında keçiriləcək prezident seçkiləri, seşkiqabağı vəziyyət və mövcud reallıqlar Azərbaycanda maraq doğurmaya bilməz.

Oktyabrın 15-də İranın Ali lideri Ayətullah Əli Xamneyi prezident seçkilərində əsas tutulacaq prinsipləri elan edib. Ali liderin saytında dərc olunan prinsiplərə əsasən, bütün namizədlərə televiziyalarda, qəzetlərdə, sosial mediada eyni şərait yaradılmalı, seçkilərin keçirilməsi və nəticələrinin hesablanması zamanı şəffaflığı təmin etmək üçün yeni texnologiyalardan istifadə olunmalı, namizədlər xaricdən maliyyə yardımı almamalı, hərbçilər və hüquq mühafizə orqanları seçki prosesinə və səslərin hesablanmasına təsir göstərməməlidir.

Ali Rəhbər tərəfindən elan olunan bu prinsiplər İran ictimaiyyəti tərəfindən dəstəklənir və seçkilərin ədalətli keçməsi ilə yanaşı, cəmiyyətin konsolidasiyasını da təmin edir. İSNA agentliyinə müsahibə verən müstəqil siyasətçi Abbas Əli Mənsuri bildirib ki, seçkilərin Ali Liderin elan etdiyi prinsiplərə əsasən keçirilməsi onun ədalətli olmasını təmin edəcək. Əgər silahlı qüvvələrin nümayəndələri bu və ya digər namizədi dəstəkləsə, onda cəmiyyətin seçkilərə etimadı azalacaq.

İran İslam İnqilabının Keşikçiləri Korpusu (İİİKK) komandanının müavini Rəsul Sani Rad da həmin agentliyə müsahibəsində qeyd edib ki, Ali Liderin bütün məsləhətləri ölkədə qeyd-şərtsiz qəbul edilir və yerinə yetrilir. “Biz Ali Rəhbərin prinsiplərini dəstəkləyirik”, – deyən İİİKK nümayəndəsi qanunların hamı üçün eyni olduğunu nəzərə çatdırıb.

Adətən İranın güc strukturları seçkilərə və onun nəticələrinə təsir etməyə çalışıblar. Lakin 2017-ci ilin prezident seçkiləri Ali Liderin prinsipləri əsasında keçiriləcək və ona tabe olan İİİKK prosesə qarışmayacaq. Bu isə seçkilərin demokratik keçəcəyini deməyə əsas verir.

İran mətbuatında prezident postuna kimlərin namizəd olacağı haqqında çoxlu materiallar dərc olunur. Həsən Ruhaninin rəqibi ola biləcək nüfuzlu siyasətçilər seçkilərdə iştirak etməyəcəklərini bəyan ediblər. Parlamentin sədri Əli laricani, İİİKK-nın keçmiş komandanı Möhsün Rezayi, islahatçı- siyasətçi Məhəmməd Kərazi namizədliklərini irəli sürməyəcəklər. Həsən Ruhaninin komandasının üzvləri arasında da şansı olanlar var. Məsələn, xarici işlər naziri Məhəmməd Cavad Zərif İranda xalq tərəfindən sevilən və xarizması olan siyasətçilərdəndir. İranın Qərb dövlətləri ilə anlaşmasını reallaşdırması və sanksiyaların aradan qaldırılması kimi işləri onun nüfuzunu çox artırıb. Səhiyyə naziri Həsən Haşimi Qazizadənin də adı şansı olanlar arasında çəkilir. Lakin hər iki nazir mətbuatda yayılan xəbərləri təkzib edərək namizəd olmayacaqlarını bildiriblər.

Eks-prezident Mahmud Əhmədinecadın adı mətbuatda tez-tez hallandırılırdı. Lakin o, Ali Liderin məsləhətini nəzərə alaraq, seçkilərdə namizədliyini irəli sürməkdən imtina edib. Ali Lider bildirib ki, “Mahmud Əhmədinecadın namizədliyi İran cəmiyyətini parçalaya bilər”.

İranın növbəti prezidenti olmaq şansına malik şəxslərdən biri də İİİKK “Əl-Qüds” bölməsinin komandiri general Qasım Süleymanidir. Yaxın Şərqdə şiələrin müdafiəcisi kimi tanınan və İranın qəhrəmanlıq simvolu sayılan general siyasətə girməkdən imtina edərək, “ömür boyu inqilabın və xalqın əsgəri” olacağını bəyan edib.

Beləliklə, general Qasım Süleymaninin və eks-prezident Mahmud Əhmədinecadın kənara çəkilməsi, faktiki olaraq Həsən Ruhaninin ikinci müddətə prezident kürsüsünə yolunu açır. Bundan başqa, Ruhaninin yenidən prezident seçilə biləcəyini şərtləndirən digər amillər də var. Birincisi və ən əsası odur ki, Ali Lider Əli Xamneyi Həsən Ruhaninin ikinci dəfə prezident seçilməsinə etiraz etmir. Onların arasında İranın daxili və xarici siyasət strategiyasına dair ciddi fikir ayrılığı yoxdur.

İkincisi, mühafizəkarların Həsən Ruhaniyə rəqib ola biləcək xarizmatik lideri gözə çarpmır. Hazırkı prezidentin aktiv xarici siyasəti və İranın dünyaya inteqrasiya olunmasına çalışması siyasi qruplar və xalq arasında ona böyük nüfuz qazandırıb.

Üçüncüsü, İranın yeni siyasi tarixində, 1981-ci ildə vəzifəsindən kənarlaşdırılan birinci prezident Əbülhəsən Bənisədr və elə həmin il qətlə yetirilən Məhəmməd Əli Rəcai istisna olmaqla, bütün digər prezidentlər ikinci müddətə də seçiliblər. Eks-prezidentlər Əli Əkbər Haşimi Rəfsəncani, Məhəmməd Xatəmi və Mahmud Əhmədinecad iki müddət prezident olublar. Bu, artıq İranın siyasi praktikasında formalaşmış ənənədir.

Nəhayət, dördüncüsü, İranın siyasi elitasının islahatçılar qanadını təşkil edən düşərgənin nümayəndələri də Həsən Ruhaninin ikinci müddətə prezident seçilməsinə razıdırlar. Beləliklə, bu qısa təhlildən göründüyü kimi, yeni mərhələdə İranı daha da irəliyə aparmaq üçün Həsən Ruhaninin böyük imkanları var. Onun bu imkanlardan necə istifadə edəcəyini və İranın inkişafına nə kimi töhfələr verəcəyini isə zaman göstərəcək.Azertag.az

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə