“İltimas Məmmədova bir dəfəyə 1,5 milyon manat vermişik” – “Rabitə işi”
“İltimas Məmmədova bir dəfəyə 1,5 milyon manat vermişik” – “Rabitə işi”
30 Noyabr 2016 / 17:52 / Baxış sayı: 1482
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin bildirib ki, Namazəli Məmmədovun müdafiəsi üçün yeni vəkillə – Tamerlan Zeynalovla müqavilə bağlanıb, məhkəməyə order təqdim edilib. N.Məmmədov yeni vəkilin qoşulmasına etiraz etməyib.
Daha sonra Beytulla Hüseynov Vidadi Zeynalovun vəkili Ceyhun Yusufovun sualları cavablandırıb. Vəkil ittihamda mənimsəmə faktının şişirdilməsi ilə bağlı sual verib. B.Hüseynov bildirib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyinin göstərişlərini icra edib: “Ad çəkmək istəmirəm, sifarişləri icra etmişəm. İstintaqa verdiyim ifadələri təsdiq edirəm”.
V.Zeynalovun vəkiləri B.Hüseynovun istintaqa verdiyi ifadənin elan edilməsini istəyiblər. Hakim B.Hüseynovun istintaqa verdiyi ifadəni elan edib. O, ifadəsində bildirib ki, tikinti qiymətlərinin şişirdilməsi üçün sifarişi nazir Əli Abbasov verib: “Sifarişi Əli Abbasova versə də, bu barədə hesabatları Vidadi Zeynalova vermişik. Vidadi Zeynalov hər ay mühasib Anar Mustafayevdən hesabat alırdı. Vidadi Zeynalova hər ay müəyyən məbləğdə pul vermişik. Əli Abbasovun Nadir adlı dostuna hər ay min manat, müavini İltimas Məmmədova bir dəfəyə 1,5 milyon manat və vergi orqanlarına müəyyən qədər pul vermişik”.
Təqsirləndirilən Anar Mustafayev ifadə verib. O deyib ki, istintaqa verdiyi ifadədəki rəqəmləri təsdiq edir: “Xarici şirkətlər gəlib deyib ki, müqavilələri bizimlə bağla, bonus veriləcək. Bunlar rəsmi olaraq qeydiyyata alınmayıb. Beytulla Hüseynovun mənə əməliyyatlar üçün 7 min manat verdiyini demişəm. Həmin pulun mənə 2 min manatı qalırdı. Deyirlər ki, dövlət vəsaitini talan etmişik. Belə olmayıb. Bir tikinti şirkəti hansısa işə vəsait qoyursa, necə ola bilər ki, qazanc əldə etməsin?! Əvvəlcədən layihə hazırlanırdı, ona uyğun iş görülürdü, heç bir rəqəm şişirdilməyib. Dəfələrlə də yoxlama olub, heç bir pozuntu qeydə alınmayıb. Biz tikinti sahəsində monopoliya qurmuşduq, məcburən etmişdik. Bunu işlərin ucuz başa gəlməsi üçün edirdik. Bayram Vəliyev, Emin Məmmədov və Namazəli Məmmədovun haqqını tapdalamışıq. Qismən də olsa, özümü təqsirli bilirəm”.
A.Mustafayev əlavə vəsaitlərin mənimsənilməsi ittihamına cavab verərkən deyib ki, “vəsaitləri ya biz oğurlamalı, ya da digərlərinin oğurlamasına göz yummalı idik”.
Fasilədən sonra proses davam etdirilib. Anar Mustafayev dövlət ittihamçısının və vəkillərin suallarına cavab verib. O deyib ki, B.Hüseynovdan ümumi maaşdan əlavə təxminən 100 min manat alıb: “Biz vəzifəyə karyeramızı bitirməyə gəlməmişdik”.
Təqsirləndirilən Bayram Vəliyev istintaqa verdiyi ifadəni təsdiq etdiyini deyib. Hakim onun istintaqa verdiyi ifadəni elan edib. “Mən Beytulla Hüseynovun əmrlərini yerinə yetirmişəm, 1000 manat maaş, 1500 manat isə paket alırdım. Tender və kotirovka sənədləri ilə məşğul olmurdum, özləri həll edirdi, sadəcə imza atırdım”, – deyə, B.Vəliyev ifadəsində bildirib
Digər təqsirləndirilən şəxslər isə ifadə verməyə hazır olmadıqlarını bildiriblər.
Məhkəmə prosesi dekabrın 2-də davam etdiriləcək.
Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Bundan başqa, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən RYTN sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində “Aztelekom” MMC-nin sabiq baş direktoru M.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri B.Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi A.Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru C.Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Q.Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi S.Hümbətov, həmçinin E.Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru B.Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi N.Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov da saxlanılıb. Daha sonra məhkəmə onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib.
RYTN-in mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurlar. İittiham aktına əsasən, A.Mustafayev 567 min, E.Məmmədov 7 milyon 700 min, O.Rüstəmov 250 min, S.Hümbətov 600 min, Q.Bəybalayev 2 milyon, C.Cəfərov 1,5 milyon, B.Vəliyev 204 min, V.Zeynalov 8 milyon, B.Hüseynov 10 milyon və N.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər.
V.Zeynalov, B.Hüseynov, A.Mustafayev, E.Məmmədov, M.Məmmədov, O.Rüstəmov, N.Məmmədov, S.Hümbətov, Q.Bəybalayev Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd),308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), C.Cəfərov 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və B.Vəliyev isə 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar.
RYTN dəymiş ziyana görə 163 milyon manat dəyərində mülki iddia qaldırıb. Vergilər Nazirliyi (VN) isə təqsirləndirilən B.Vəliyevə qarşı 255 min manatlıq mülki iddia irəli sürüb.
Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.
Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə