İlham Əliyev: “Ölkədə mətbuat azadlığını və bir çox azadlıqları təmin etmişik”
İlham Əliyev: “Ölkədə mətbuat azadlığını və bir çox azadlıqları təmin etmişik”
16 Noyabr 2016 / 10:36 / Baxış sayı: 718
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Belə mühüm, qlobal miqyaslı tədbiri keçirməkdən qürur duyuruq”. Bunu Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, tədbir iştirakçıları həm də ölkəmizi tanımaq imkanı əldə ediblər: “Bu tədbiri media tərəfindən ölkəmizin nailiyyətlərinə verilən qiymət kimi qəbul edirik. Müstəqilliyimizin 25 ili göstərir ki, biz ölkədə mətbuat azadlığını, bir çox azadlıqları təmin etmişik”.

Prezident qeyd edib ki, Azərbaycanda ilk demokratik respublika 98 il əvvəl qurulub: “İlk demokratik respublika 2 il yaşasa da, demokratik ənənələrin əsasını qoydu. O vaxt qadınlara səsvermə hüququ verilmişdi, o vaxt hələ bir çox Avropa ölkəsində belə hüquq yox idi. Bu gün isə Azərbaycan beynəlxalq arenada yüksək nüfuza malik ölkədir. Azərbaycan bir neçə il əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Beynəlxalq birliyin əksər üzvü Azərbaycanı dəstəklədi. Bu, fəaliyyətimizə, məsuliyyətli, etibarlı tərəfdaş olmağımıza verilən dəstək idi. Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və bu siyasət milli maraqlara söykənir, heç kəsə qarşı yönəlməyib. Azərbaycanın gələcəyi öz əlindədir”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan az ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür: “2008-ci ildə Avropa və İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısını keçirdik. Bu, tarixi nailiyyət idi. Sonra bu, “Bakı Prosesi” adını aldı. Xalqımızın multikulturalizm ənənələri müxtəlif dinlər, xalqlar arasında sağlam münasibətlərin qurulması baxımından parlaq nümunədir”.

*   *   *10:10

Bu gün Bakıda Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edir.

Dövlətimizin başçısı açılış mərasimində nitq söyləyir.

Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına – Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT – UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Devizi “Xəbər agentlikləri üçün yeni çağırışlar” olan Konqresin sessiyalarında “Xəbər istehlakının gələcəyi”, “Xəbər agentlikləri – yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları”, “Xəbər agentliklərinin innovasiyası”, “Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi”, “Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları” kimi aktual mövzularda diskussiyalar aparılacaq, yeni minillikdə sürətli transformasiyaya məruz qalan jurnalistikanın problemləri, xəbər agentlikləri ilə sosial medianın müxtəlif platformaları arasında əməkdaşlıq formaları müzakirə ediləcək.

Sessiyalarda beynəlxalq media qurumlarının – Dünya Konqresinin, OANA-nın, EANA-nın, FANA-nın prezidentləri, Associated Press, Reuters, Sinxua, Anadolu, TASS, France Press, Press Association, EFE, Yonhap, Kyodo, TT, SPA, BTA, AAP, İRNA, DPA, Notimex, ATPE və digər nüfuzlu informasiya agentliklərinin, “Los-Angeles Times” qəzetinin, “Al Arabiya” televiziyasının rəhbərləri, “Tripod Advisors”, “News Corp”, “PwC”, “Axel Springer”, “Stibo Accelerator” aparıcı media şirkətlərinin mütəxəssisləri məruzələrlə çıxış edəcəklər.

Konqresdə iştirakçı agentliklərin “Xəbər”, “Bayramlar” və “İdman” mövzularında 600-ə yaxın ən yaxşı fotoşəkillərindən ibarət albom təqdim olunacaq. Fotoalbom Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə nəfis tərtibatda nəşr edilib.

Tədbir çərçivəsində AZƏRTAC ilə İspaniyanın EFE, Paraqvayın İP, Bəhreynin BNA agentlikləri arasında informasiya və təcrübə mübadiləsinə dair müqavilələr imzalanacaq, Konqresin rəhbər orqanları seçiləcək, Bəyannaməsi qəbul olunacaq.

Bununla da Konqresdə sədrlik AZƏRTAC-a keçəcək və agentlik 2016-2019-cu illərdə bu beynəlxalq quruma rəhbərlik edəcək.

Dünya Xəbər Agentlikləri Konqresi Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə ilk dəfə 2004-cü il sentyabrın 24-25-də Moskva şəhərində keçirilib. Sonrakı konqreslərə müvafiq olaraq, İspaniya, Argentina və Səudiyyə Ərəbistanı ev sahibliyi edib. Konqresin əsas orqanı Şuradır. 2013-cü ildə Ər-Riyadda keçirilən IV Konqresdə Associated Press, Reuters, Press Association, SPA, TASS, EFE, Kuna, AZƏRTAC və TELAM agentliklərinin rəhbərləri, regional media qurumları olan EANA, OANA və FANA-nın baş katibləri Şuraya üzv seçiliblər. Bakı Konqresində Şuranın yeni üzvləri seçiləcək.

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə regionun xəbər agentlikləri arasında informasiya mübadiləsinə kömək məqsədilə yaradılıb. Təşkilata 35 ölkədən 44 agentlik daxildir. AZƏRTAC 2004-cü ildən bu beynəlxalq qurumda fəal təmsil olunur, üç dəfə büro üzvü seçilib. 2013-cü ildə Moskvada keçirilən XV Baş Assambleyada AZƏRTAC gizli səsvermə yolu ilə 2016-2019-cu illərdə bu təşkilata sədrlik etmək hüququ qazanıb.

İnformşuranın noyabrın 16-da keçiriləcək XXII Bakı iclasının gündəliyinə qurumun 2016-cı ildə fəaliyyəti, müştərək layihələrin reallaşdırılması, informasiya mübadiləsinin genişləndirilməsi kimi məsələlər daxildir.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə