İki binanın həyətini hasarlayıb, ağacları kəsib, uşaqlar qalıb küçədə…
İki binanın həyətini hasarlayıb, ağacları kəsib, uşaqlar qalıb küçədə…
30 Sentyabr 2016 / 16:18 / Baxış sayı: 868
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakının Yeni Yasamal massivi, Dadaş Bünyadzadə küçəsi, 12-13 saylı binaların qarşısındakı istirahət yeri tutulub. Həyətdə uşaqların oynaması üçün başqa yer olmadığından balacalar binanın qarşısından keçən avtomobil yolunda oynamaq məcburiyyətində qalıblar. Vaxtilə Şampan Şərabları Zavodunun bağları kimi tanınan bu ərazi hasarlanıb və orada hansısa naməlum obyektin tikilməsi planlaşdırılır.

Bu şikayətlə virtualaz.org-a həmin binalarda yaşayan sakinlər müraciət ediblər. Onların sözlərinə görə, 176 ailə, 400-ə yaxın sakinin istirahəti pozulub. Binada olan yaşlı və xəstə insanlar isə hava almağa yer tapmır.

Bəziləri burada yaşayış binasının, bəziləri isə 22 metr uzunluğunda obyektin tikiləcəyini dedilər. Ərazini alıb tikinti aparan şəxsin kimliyini isə dəqiq bilən olmadı. Ancaq o məlum oldu ki, həmin şəxs Yeni Yasamalda ticarət mərkəzinin rəhbəridir və adı da Sahibdir.  Sakinlərin bildirdiyinə görə, binanın həyəti onun göstərişi ilə  özbaşına hasara alınıb. O, saxta sənəd düzəldib ki, guya buranı icarəyə götürüb.

Şikayətçi Əntiqə Dəmirovanın bildirdiyinə görə, əlində sənədi olsa belə, həmin şəxsin burada ev tikməyi, tikinti aparmağı qanunsuzdur.

“Bu yolda maşının biri gedir, biri gəlir. Mənim uşaqlarım harada oynasınlar? Bir balaca həyət var idi, indi orada – ağzımızın içində bina tikilir. Buranı alan adam deyir pul vermişəm bu torpağı almışam. Amma rəsmi sənəd də alsa, evin içində ev tikmək olarmı? Onun pulu var deyə istədiyini edə bilər? Biz buradakı ağacları illərlə əkib böyütmüşük. Həyəti hasarlayanlar burada nə vaxt ağac əkiblər ki, indi də ağacları çıxarırlar? Bəhər gətirmiş meyvə ağaclarını kökündən çıxarıb atıblar. Əvəzində kənarlarda bir-iki şam ağacı əkiblər ki, şikayət olsa, desinlər ki, park salırıq. Hələ bizə də deyir ki, utanmırsız, qadınlar yığılıb şikayət edirsiniz?”, – deyə Ə. Dəmirova bildirdi.

Şikayətçilərin sözlərinə görə, yaşadıqları bina “Binə” və “Sədərək” Ticarət mərkəzlərinə gedən yolun yaxınlığında olduğundan, xüsusən də, əsas yolda tıxac olduqda buradan avtomobillər fasiləsiz hərəkət edirlər. Bu isə həyətdə oynamağa yer tapmayıb yolun içində oynayan uşaqların həyatını ciddi təhlükə qarşısında qoyur.

Bina sakini Ramilə Məmmədova isə xəstə uşaqla buraya havasına görə köçdüyünü deyir. Onun sözlərinə görə, binanın həyətində bu kiçik bağ olmasa, həm də binada yaşayan xəstə insanların həyatı çətinləşəcək: “Uşağım birinci qrup əlildir. Özüm də  ürək xəstəsiyəm. Bir neçə il əvvəl uşağımda xəstəlik aşkarlananda həkim bizə havasına görə məsləhət gördü ki, Yeni Yasamala köçək. Mən şəhərin mərkəzində evimi satıb bura havaya görə köçmüşəm. İndi hara gedim?”.

Yaşayış binansının ən azı hündürlüyü qədər ərazisinin də olmalı olduğunu deyən sakinlərin sözlərinə görə, İcra Hakimiyyətinə və bütün aidiyyati qurumlara şikayət etsələr də, aldıqları cavab yalnızın məktubun çatması ilə bağlı olub. Əgər şikayətə cavab verilməsə sakinlər gələn həftə burada yaşayanlar uşaqlar, fiziki məhdudiyyətli insanlar, xəstələrin hamısı daxil bir avtobus tutaraq yığışıb şikayətə getməyi planlaşdırılar.

 

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə