İcra başçılarının “çörəkpulu” maxinasiyası – Özəl
İcra başçılarının “çörəkpulu” maxinasiyası – Özəl
08 Avqust 2016 / 13:01 / Baxış sayı: 1150
Font1 Font2 Font3 Font4
Bizimxeber

Məcburi köçkünlərə ayrılan kompensasiya icra başçıları tərəfindən necə mənimsənilir?

Erməni işğalı nəticəsində qaçqın düşən vətəndaşlara dövlət tərəfindən ayrılan və ictimaiyyət arasında “çörəkpulu” kimi tanınan sosial müavinətlərin böyük bir qismi köçkün rayonların icra başçıları tərəfindən mənimsənilməkdədir.

Bu barədə Politika.Az-a özəl mənbə məlumat verib. Mənbənin sözlərinə görə, aylıq sosial yardımın mənimsənilməsinin bir neçə üsulu var ki, bunlardan da biri yeni doğulan uşaqlarla bağlıdır:

“Mövcud qanunvericiliyə görə, köçkün ailələrdən olan şəxslərin nigahından doğulan uşaqlar köçkün hüququna malikdir ki, bu da böyüklərlə yanaşı, körpələrə də eyni miqdarda sosial yardımın ayrılması zəruridir. Lakin insanların məlumatsızlığından və bütövlükdə ölkədəki cəzasızlıq mühitindən istifadə edən bir çox icra başçısı körpələrə məxsus müavinətlərə də əl qoyur, bəzən bəlli bir müddət, bəzən isə illər uzunu bu pulları mənimsəyirlər. Hazırda icra başçıları tərəfindən “çörəkpulu” mənimsənilməsi bir neçə üsulla həyata keçirilir ki, bunlardan biri yeni doğulan körpələrin adının məqsədli şəkildə sosial müavinət sənədlərində rəsmiləşdirilməməsi ilə bağlıdır. Belə ki, yeni doğulan körpəyə sosial müavinətn verilməsi üçün uşağın doğum haqqındakı şəhadətnaməsi, valideynlərin şəxsiyyət vəsiqəsi və nigah haqqında şəhadətnamənin surəti kifayət etsə də, icra yetkililəri valideynlərdən əlavə sənədlər tələb edir, onları müxtəlif bəhanələrlə get-gələ salır və bu müddət ərzində ”.

İcra hakimiyətlərində sənəd süründürməçiliyi

Mənbənin bildirdiyinə görə, son vaxtlar uşağına “çörəkpulu” almaq istəyən valideynlərdən tələb olunan sənədlər siyahısına məcburi köçkün olmaları barələrində vəsiqə də daxil edilib ki, bu da “çörəkpulu” maxinasiyasının miqyasının bir qədər də artmasına səbəb olub: “Maraqlıdır kison yeniliklərdən biri kimi yeni doğulan övladlarını sosial müavinət alanların siyahısına salmaq üçün icra hakimiyyətlərinə müraciət edən vətəndaşlardan məcburi köçkün olmaları ilə bağlı vəsiqə də tələb olunmaqdadır. İcra yetkililəri bildirir ki, əgər valideynlərin məcburi köçkün olduğunu təsdiq edən vəsiqə olmazsa, o zaman yeni doğulan körpəyə “çörəkpulu” müavinəti ayırmaq mümkün olmayacaq. Halbuki, ötən ilə qədər nəinki yeni doğulan uşaqlar üçün belə bir sənədin vacibliyi dilə gətirilmir, hətta qaçqın rayonlarının sakini olan əksər vətəndaşların məcburi köçkün vəsiqəsinə malik olmamasına adi hal kimi baxılırdı. Valideynlərin şəxsiyyət vəsiqəsində doğulduğu rayonun ismi körpənin adının “çörəkpulu” alanların siyahısına salınması üçün yetərli hesab edilirdi. Lakin cari ilin əvvəllərindən etibarən məcburi köçkün vəsiqəsinin təqdim edilməsi zərurət kimi ortaya qoyuldu ki, bu da vaxt udmaq, yeni doğulan körpələr üçün nəzərdə tutulan vəsaiti mümkün qədər uzun müddət üçün mənimsəmək məqsədi daşıyır”.

Məcburi köçkün vəsiqəsi almaq üçün Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə ona yaxın sənəd təqdim edilməli olduğunu vurğulayan mənbə, bəzi vətəndaşların məhz bu səbəbdən köçkün vəsiqəsi almaqda çətinlik çəkdiyini bildirdi: “Hazırda məcburi köçkün vəsiqəsi almaq üçün vətəndaş Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə ona yaxın sənəd təqdim etməlidir ki, bütün bu sənədləri qısa vaxt ərzində toplamaq mümkün deyil. Bundan başqa, hətta bütün bu sənədlər adıçəkilən dövlət qurumuna təqdim edilsə də, məcburi köçkün vəsiqəsinin hazırlanması və vətəndaşa təqdim edilməsi bir aydan tez başa gəlmir ki, bu da icra hakimiyyətlərinə vaxt qazandırır. Məcburi köçkün vəsiqəsinin surətini icra hakimiyyətinə təqdim edən valideyn burada da bir ay müddətində yubadılır. Nəticədə, adi bir prosedur aylarla vaxt alır ki, bütün bu müddət ərzində qazanılan zaman icra başçılarına pul olaraq geri dönür”.

Qanuna meydan oxuyan qanunsuzluq

Mənbənin bildirdiyinə görə, icra başçıları yeni doğulan körpələrin isminin sosial müavinət siyahısına salmaq məsələsində açıq qanunsuzluğa yol verir ki, bu qanunsuzluğu hətta adi sorğu nəticəsində belə aşkarlamaq mümkündür: “Yeni anadan olan körpələrin adının “çörəkpulu” siyahısına salınmasında ciddi qanun pozuntularına yol verilir ki, bunlardan da bəzisi tamamilə aşkar surətdə həyata keçirilir. Vətəndaş hüquqlarının açıq surətdə pozulması ilə müşahidə edilən bu cür hallardan biri yeni dünyaya gələn uşaqlara “çörəkpulu” müavinətinin doğulduğu aydan deyil, sənədlərin icraata qəbul edildiyi zamandan hesablanması ilə bağlıdır. Başqa sözlə desək, əgər uşaq yanvar ayında anadan olmasına baxmayaraq onun sənədləri avqust ayında icraata qəbul edilibsə, o zaman valideynlərə övladlarının “çörəkpulu” müavinəti avqust ayından etibarən verilməyə başlayır. Halbuki, mövcud qanunvericiliyə görə, sənədlərin icra hakimiyyətinə hansı tarixdə təqdim edilməsindən asılı olmayaraq, valideynlərə yeni doğulan övladlarının “çörəkpulu” müavinəti uşağın doğulduğu aydan etibarən verilməlidir. Lakin icra başçıları qanunun bu tələbinə əhəmiyyət vermir, vətəndaşlara övladlarının “çörəkpulu” müavinətini sənədlərin icraata qəbul edildiyi tarixdən hesablayıb verərək qalan vəsaiti mənimsəyirlər. Gənc ailələr arasında aparılacaq adi bir sorğu bu qanunsuzluğun mövcudluğu və miqyasını asanlıqla ortaya qoya bilər”.

Gecikən dəyişiklik

Hazırda minlərlə uşağın çörəkpulu müavinətinin icra başçıları tərəfindən mənimsənildiyinə diqqət çəkən mənbə, əlaqədar qurumların bu məsələyə lazımi diqqət vermədiyini qeyd etdi:“Əslində icra başçılarının minlərlə insanın haqqını aşkar surətdə pozmasının bir səbəbi ölkədəki ümumi cəzasızlıq mühitidirsə, baş verənlərin digər səbəbi əlaqədar qurumların sözügedən məsələyə lazımi qədər nəzarət etməməsi ilə bağlıdır. “Çörəkpulu” müavinətlərinin verilməsində bütün səlahiyyətlərin yerli icra hakimiyyətlərinə verilməsi, onları bu məsələdə hakimi-mütləq edir ki, bu da onların vətəndaşlarla istədiyi şəkildə davranmasına, öz istəklərini qanunların önünə qoymalarına səbəb olur. Bu baxımdan, yeni doğulan uşaqların adının “çörəkpulu” siyahısına salınması prosedurunun icra hakimiyyətlərindən alınaraq Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə verilməsi daha məqsədəuyğun ola bilər. Adıçəkilən komitənin məcburi köçkün vəsiqələrinin verilməsini ciddi şəffaflıq şəraitində həyata keçirməsi, bu zaman vətəndaşlardan rüşvət tələb edilməməsi, süründürməçilik hallarına yol verilməməsi və s. kimi müsbət hallar Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin bu məsələdə icra orqanlarından daha obyektiv fəaliyyət göstərəcəyini təsdiq edir. Bu prosedurun Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə həvalə edilməsi məcburi köçkünlərin problemləri ilə bağlı məsələnin mərkəzləşdirilməsi baxımından da əhəmiyyətli bir addım ola bilər”.

Çörəkpulu maxinasiyasının daha bir üzü

Təəsüflə də olsa qeyd etməliyik ki, yeni doğulan körpələri dövlət qayğısından məhrum edən yeganə əcaiblik bundan ibarət deyil. Mənbənin bildirdiyinə görə, körpə valideynlərinin hər hansı birinin məcburi köçkün olmaması uşağın “çörəkpulu” almaması üçün yetərli səbəb hesab olunur: “Nə qədər inanılmaz olsa da, uşağın valideynlərindən hər hansı birinin məcburi köçkün olmaması onun “çörəkpulu” almasını həmişəlik əngəlləyən amil kimi dəyərləndirilir. İcra yetkililəri elan edir ki, yalnız o uşaqların ismi çörəkpulu siyahısına salına bilər ki, onların valideynlərinin hər ikisi məcburi köçkün hüququna malikdir. Əks təqdirdə dünyaya gələn uşaq işğala məruz qalmayan rayonlarda anadan olan uşaqlarla eyni hüquqa malik hesab olunur ki, bu da tamamilə yanlışdır. Məsələnin belə qoyuluşu həmin uşaqları yalnız aylıq müavinətdən deyil, məcburi köçkünə məxsus digər hüquqlardan da məhrum edir.

Məsələn, gələcəkdə ali məktəbə sənəd verən və hansısa dövlət universitetinin pullu bölümünə qəbul olunan həmin şəxs dövlətin bu məsələdə məcburi köçkünlərə verdiyi imtiyazdan istifadə edə bilmir. Halbuki, belə bir hüququn mövcudluğu onu təhsil ödənişindən tamamilə azad edə bilər ki, bu da hər bir sıradan tələbə üçün maddi baxımdan böyük qazanc hesab oluna bilər. Həmçinin, həmin şəxs məcburi köçkün hesab edilmədiyi üçün o, kommunal ödənişlərlə bağlı dövlətin məcburi köçkünlərə verdiyi müəyyən imtiyazlardan da yararlana bilmir. Bir sözlə, məcburi köçkün ailəsinə məxsus olmasına baxmayaraq, həmin şəxs qeyri-köçkün vətəndaş kimi yaşamalı olur”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə