Hillari Klintonun səhhəti: suallar var…
Hillari Klintonun səhhəti: suallar var…
13 Sentyabr 2016 / 12:39 / Baxış sayı: 252
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ötən bazar – 11 Sentyabr hücumlarının ildönümü mərasimində prezidentliyə namizəd Hillari Klintonun halı pisləşəndən sonra həm demokratlar, həm də respublikaçılar onun sağlıq durumunu soruşmağa başladılar.

Prezidentliyə namizəd əvvəlcə «çox istiləndiyini» deyib, sonra isə mərasimi vaxtından əvvəl tərk edərək qızının evinə gedib. Orada 1 saat 45 dəqiqə dincələndən sonra günorta saat 12-yə doğru yenidən gəlib və insanlara əl yelləyərək özünü «əla» hiss etdiyini deyib.

Bu hadisədən cəmi bir neçə gün əvvəl Klintonun auditoriya qarşısında öskürməsini respublikaçılar ciddi xəstəlik əlaməti kimi dilə gətirsələr də, onun seçki komandası bunun mövsümi allergiya olduğunu iddia etmişdi.

«Klinton allergiya səbəbindən öskürürdü. Cümə günü… ona pnevmoniya diaqnozu qoyuldu. Ona antibiotiklər təyin edilib, dincəlmək və iş cədvəlində düzəliş etmək tövsiyə olunub. [Bazar günü keçirilən] tədbirə gəlincə, orada ona çox isti olub və o, çox maye itirib. Mən onu müayinə etdim. İndi o, yenidən lazımi qədər maye alıb və bərpa olunmaqdadır». Bu sözlər Klintonun həkimi Lisa Bardakın yazılı bəyanatında əksini tapıb.

68 yaşlı prezidentliyə namizəd həm mövsümi allergiyadan, həm də hipotireozdan əziyyət çəkir.Klinton hazırda pnevmoniyadan qurtulmağa çalışır. Dövlət katibi işlədiyi vaxtlar onun gərgin və səfərlərlə zəngin iş cədvəli olsa da, səhhəti yaxşı olub.

Doktor Bardak ötən ilin iyulunda dərc etdiyi hesabatda yazır: «O, sağlam həyat tərzi sürüb. Keçdiyi tibbi müayinələr əlavə tibbi problem, yaxud ürək-damar xəstəliyi aşkar etməyib. Onun xərçənglə bağlı müayinələri təmiz çıxıb. O, əla fiziki durumdadır və Birləşmiş Ştatların prezidenti vəzifəsini gerçəkləşdirməyə qadirdir».

Bardak 1998-ci ildə təyyarə ilə uzaq məsafələrə səyahət etdiyi zaman Klintona qanı durulaşdırıcı dərmanlar məsləhət görüldüyünü də yazıb. Bu dərmanlar dərin damar trombozunu önləyəcəkdi. Tromb təyyarədə səyahətə çıxan adamları ciddi risklə üzləşdirə bilər.

İnsan uzun zaman oturaq vəziyyətdə qalanda, olur ki, onun ayaqlarının dərin damarlarında tromb əmələ gəlir. Tromb qoparaq bədənin başqa üzvlərinə, məsələn, ağ ciyərlərə doğru hərəkət edəndə problem ciddiləşir.

Bardakın hesabatında o da deyilir ki, Klinton qandurulducu preparatlardan başqa hipotireoza görə də dərman qəbul edir. Onun qalxanabənzər vəzi yetərincə fəal çalışmır. Nəticədə, qanda bu vəzin mühüm hormonları çatışmır.

Klintonun tibbi tarixçəsində sümük sınması da var. 2009-cu ilin yayında Dövlət Departamentinin binasında büdrəyən Klintonun sağ dirsəyi sınıbmış. İkisaatlıq əməliyyat uğurlu başa çatıbmış.

Bardakın hesabatına görə, 2012-ci ilin dekabrında Klinton mədə virusuna yoluxaraq bayıldığından kontuziya alıb. Bunun ardınca aparılan müayinələr onun beynində də tromb olduğunu üzə çıxarıb. Sonradan bu trombu zərərsizləşdirmək mümkün olub.

CNN-in təbabət müxbiri, neyrocərrah Sanjay Gupta bildirib ki, kontuziya beyin zədəsidir: «Cümə günü qoyulan pnevmoniya diaqnozuna gəlincə, bu xəstəlik tam sağaldılan xəstəlikdir və hər hansı suala gərək qalmır. Ancaq yenə dədiaqnozun ciddiliyi gözardı edilə və ona yüngül yanaşıla bilməz». Respublikaçıların namizədi Donald Trampın kampaniyası, hələ ki, Klintona qoyulan pnevmoniya diaqnozuna münasibət bildirməyib. Trampın özünə gəlincə, o öz səhhətindən çox az danışıb.

Trampın şəxsi həkimi doktor Harold Bornşteynin ötən ilin dekabrında dərc etdirdiyi sənəddə bir çox tibbi detallar göstərilməyib. Bu sənəddə qeyd olunur ki, Tramp «nə zamansa prezident vəzifəsinə seçilmiş ən sağlam fərd olardı». S.Gupta i səsənədin dilini təəccüblə qarşılayıb və onu yetərincə obyektiv saymayıb. (“Azadlıq” radiosunun xülasəsi)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə