Heroin alverçisini Bakıda daimi alıcısının köməyi ilə tutdular
Heroin alverçisini Bakıda daimi alıcısının köməyi ilə tutdular
02 Oktyabr 2016 / 21:25 / Baxış sayı: 1738
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Telman Abbasovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, T.Abbasov 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, T.Abbasov əldə etdiyi heroinin 1,037 qramını Elçin Balayevə 60 manata satması barədə daxil olan məlumata əsasən, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları əməliyyat axtarış tədbirləri keçirib. Onun üzərinə baxış keçirilərkən əlavə olaraq gödəkçəsinin cibindən 5,069 qram heroin aşkar edilərək götürülüb.
Törətdiyi cinayət əməlinə görə Telman Abbasova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb və barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs qismində dindirilən T.Abbasov ifadəsində əvvəllər adam öldürdüyünə görə həbsdə yatdığını, türmədən çıxandan sonra paytaxtın “Kubinka” ətrafındakı köhnə həyət evlərində gecəsi 1-2 manata qaldığını, “Təzə bazar”da əntiq ev əşyalarının satışı ilə dolandığını göstərib: “Altı yaşımdan şizofreniya-paranoya diaqnozu ilə psixo-nevroloji dispanserdə qeydiyyatda olmuşam. 2001-ci ildə adam öldürdüyümə görə həbs olundum. Üç il sonra Binəqədi rayon Məhkəməsinin qərarı ilə qətli anlaqsız vəziyyətdə törətdiyimə görə həbsdən azad edilərək, məcburi müalicəyə göndərildim”.
T.Abbasovun ifadəsinə görə, beş-altı aydır ki, narkotikə qurşanıb. Özü istifadə etməklə yanaşı, həm də qramını 60 manatdan satırmış. Dəfələrlə tanıdığı narkomanlara, o cümlədən Elçin Balayevə də heroin satdığını etiraf edib: “Onun narkoman olduğunu bilirdim. Özü istifadə etmək üçün alırdı”.
Həbs olunan gün “Təzə bazar”da alver edərkən bir nəfər ona yaxınlaşaraq İran vətəndaşı olduğunu deyib. Adının “Hacı” olduğunu öyrəndikdən sonra həmin şəxslə aralarında narkotiklə bağlı söhbət düşüb. “Hacı” ona 10 qram heroini 300 manata almağı təklif edib. T.Abbasov da təkliflə razılaşıb. İranlıdan aldığı heroinin bir hissəsini istifadə edib, yerdə qalanını satmaq istəyib. Elə bu ərəfədə köhnə tanışı Elçin ona zəng vuraraq narkotik istəyib. Telman iranlıdan aldığı heroinin 1 qramını Elçinə satmaq üçün ayırıb. Sonra isə birbaş onların yaşadığı məhəlləyə yollanıb. Narkotiki verib pulu alandan sonra yenidən bazara qayıdıb. Həmin gün axşam saatlarında Elçin təkrar zəng vuraraq yenə heroin lazım olduğunu bildirib. Telman yenidən Yasamala – Elçingilin yaşadığı məhəlləyə üz tutub. Elçinlə görüşərkən bir neçə mülki geyimli şəxs cütlüyə yaxınlaşıb. Onlar polis əməkdaşı olduqlarını və T.Abbasovun narkotik vasitələrin satışında təqsirli bilindiyini deyiblər. T.Abbasovun üzərinə baxış keçirilərkən Elçinə satmaq üçün gətirdiyi 5 qram heroin gödəkçəsindən aşkar edilərək götürülüb.
Cinayət işi üzrə dindirilən Elçin Balayev barəsində də həbs qətimkan tədbiri seçilib. O, əvvəlcə şübhəli şəxs kimi saxlanılsa da, sonradan barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunub.
E.Balayev də əvvəllər bir neçə dəfə (soyğunçuluq, dələduzluq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə) məhkumluq həyatı yaşayıb. Sonuncu dəfə 2010-cu ildə Yasamal rayon Məhkəməsinin qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həbsdən çıxandan sonra da köhnə vərdişlərindən əl çəkməyib. İfadəsində özü istifadə etmək məqsədilə arabir Telman Abbasovdan heroin aldığını etiraf edib: “Heroini Telmandan almışdım ki, ağrılarım olanda, ehtiyacım yarananda tək qəbul edim. Küçədə dayanan zaman mülki geyimli şəxslər yaxınlaşıb polis əməkdaşı olduqlarını dedilər. Üzərimə baxış keçirilərkən Telmandan aldığım heroini aşkar edib götürdülər. Narkotik vasitəni haradan, kimdən əldə etdiyimi soruşdular. Mən də Telmandan aldığımı söylədim”.
Polis əməkdaşlarının tapşırığına əsasən, Telmana zəng vuran Elçin ondan təkrar heroin istəyib. Telman gələnə kimi isə polis əməkdaşları və hal şahidləri ilə birgə küçədə onu gözləyiblər. Bir qədər sonra Telman Elçinə yaxınlaşarkən onu polis əməkdaşları qarşılaşıb.
Bizimxeber.az

Narkotik vasitələrdən istifadə ailələrin dağılmasına, cinayətkarlığın artmasına gətirib çıxarır. Bu bəlaya düçar olanlar narkotik vasitəni almağa maddi imkanları olmadıqda hər cür vasitəyə əl atırlar. Hətta oğruya, dələduza, bəzən də qatilə çevrilirlər…



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə