“Heç bir razılıq almadan qızımı əməliyyata apardılar” – Ölən hamilə pilotun anası
“Heç bir razılıq almadan qızımı əməliyyata apardılar” – Ölən hamilə pilotun anası
02 Sentyabr 2016 / 14:38 / Baxış sayı: 1318
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az   bir neçə gün əvvəl hamiləliyinin 36-cı həftəsində dünyasını dəyişən DSX-nın ilk qadın pilotu Dilarə Babayevanın evindən İnterpress.az saytının hazırladığı reportajı təqdim edir: 

“Sözün düzü gedəcəyimiz ünvanı bilmirdik. Sumqayıtın hansı istiqamətində düşəcəyimizi də… Yoldan keçən bütün sumqayıtlılara “ötən gün rəhmətə gedən pilot xanımın evini tanımırsız?” sualını ünvanlayırıq. Axtara-axtara son ümid kimi Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısına gəldik. Polisə yaxınlaşırıq. Vəziyyəti izah edirik. Polis də ünvanı bilmir. Söhbətimizi eşidən orta yaşlı dayı sonuncu dayanacaqda köməyimizə yetir. Bəlli olur ki, onun da qohumu Dövlət Sərhəd Xidmətində işləyir. Ona zəng edib ünvanı öyrənir. Verdiyi ünvana tərəf yol alırıq. Nəhayət ki, pilot xanımın ata evindəyik.

Əvvəlcə, özümüzü təqdim edirik. Başsağlığı üçün gəldiyimizi bildiririk. Bir az keçəndən sonra pilot xanımın anası Səmayə Babayevadan hadisənin əslində necə olduğunu öyrənirik!

“Qızım, Dilarə zəhərlənib ölmədi, televizorun verdiyi xəbər yalandır!”

29 avqust- Dilarənin mədəsindən ağrılar başlayıb.

“Səhər saatlarında Dilarə zəng etdi ki, mama mədəm ağrayır. Mən də dedim ki, keçib gedər. Soruşdum ki, nə yemisən? Dedi ki, iki parça qarpız yemişəm. Mən də dedim ki, təcili yardım çağır. Zəhərlənməsindən şübhələndim deyə belə dedim:

“Dilarənin iki həkimi olub. Biri Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında Pərvin xanım, o biri isə Sumqayıtda qeydiyyatda olduğu 45 saylı Qadın məsləhətxanasında Gülnarə xanım olub. İlk olaraq 45 saylı Qadın Məsləhətxanasına apardıq. Burada mədəsini yudular. Sonra özünü yaxşı hiss edirdi. Amma hey deyirdi ki, mədəsi kəskin ağrıyır. Təzyiqini ölçdülər, normal idi. Burada analiz verdik, müayinə olundu. Sonra Doğuşa Yardım Komissiyasına Ruslan həkimin yanına yolladılar. Hamımız doğuşun tez olmasında şübhələnirdik. Komissiyaya gəldik orada da analiz verdik. Həmin günə kimi analizlərində onun sidiyindən qan gəlmirdi. Belə diaqnoz qoymayıblar. Burada sidik analizi də verdi. Bəlli oldu ki, zülalı çoxdur. Sonra gəldik 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko). Bax belə çox vaxt itirdik. Həkimlərin biri qabağa durmadı ki, balamın dərdini bilim”.

“İcazəsiz əməliyyat ediblər”

Anası deyir ki, guya, Ruslan həkim mədəaltı vəzidən şübhələnib ki, birdən partlayar. Burada da bütün orqanlarını-qaraciyərin, mədəaltı vəzini də yoxladılar. Problem yox idi. Uşaq bətnində də sağ idi.

“Qıcolmaya qədər uşaq sağ olub”

Səmayə xanım bildirir ki, cərrahiyyə şöbəsindən sonra Dilarəni infeksiya şöbəsinə aparıblar:

“Bu şöbədə 2 saat sistemin altında qaldı. Bir də gördük ki, içəridə “sudurğa” keçirtdi. Sistem ona pis təsir etdi. Diaqnozu bu çıxdı ki, guya böyrəyində həddindən artıq zülal olub. “Sudurğa” keçirənə qədər bətnində uşağı sağ idi. Sistemdən oldu! Həkimlər dedi ki, böyrəyi yaxşı süzmür. Yəqin ki, Dilarənin də bədəni sistemlərə tab gətirmədi. Və qara ciyəri partlamışdı. Amma bura qədər nə qaraciyərində, nə də ki, başqa orqanında problem var idi. Bizdən heç bir razılıq almadan qızımı əməliyyata aparıblar. Əməliyyat olanda xəbərimiz yox idi. Axşam saat 9-da əməliyyata aparıblar, saat 12 oldu heç bir xəbər çıxmadı. Professor Mahalov da, həkimi də çıxıb getdilər. O vaxt uşaq artıq keçinmişdi. Dilarənin böyrəyinə, başına, bir də ayaqlarına aparatlar qoşmuşdular. Dedilər ki, bu nahiyələrində su olub. Bu aparatlar suyu çəkir. Guya, su 3 aya yığılıb. Mənin qızım daim həkim nəzarətində olub, tez-tez yoxlanırdı. Bu necə olub anlamıram? Hamiləliyinin son ayları idi. Hər həftə sidikdən analiz verirdi. Heç ağlıma gəlməzdi ki, Dilarəyə nəsə ola…Elə uşağı soruşurduq. Ancaq uşağı fikirləşirdik ki, o ayılandan sonra biz ona nə deyəcəyik? Sistem qoşulana qədər uşaq sağ idi. “Sudurğa” keçirəndən sonra uşaq keçinmişdir. Həkimlər dedilər ki, guya Dilarənin böyrəkləri pis vəziyyətdə olub. Hər gün 17 qram zülal itirib.  Xəstəxanada olanda həkim dedi ki, sağalandan sonra böyrəyinə 6 ay müalicə olunmalıdır. Birdə ki, sinirinin çox pis zədələndiyini də dedilər. Ola bilər ki, əməliyyatdan çıxanda yarımcan olsun”-deyə pilot xanımın anası əlavə edib..

29 avqust gecə saat 3-də!

Həkimlərdən cavab gözləyirdik:

“Həkim bildirdi ki, səhər bir söz deyəcəklər. Səhərə yaxın saat 3-də zəng gəldi ki, Dilarənin üstündəki aparatlar çıxardılandan sonra keçinib. Bizi yandıran budur ki, Dilarəni ölümcül aparmamışıq ki, sonu da belə olsun. Mədə ağrısından adam ölər? Sistemdən sonra Dilarənin ciyərləri partladı. Həkimlər bir-birinin üstünə atdılar. Mənim balama kömək etmədilər”.

“Mən deyə bilmədim Dilarə mənim deyil, dövlətindir”.

“Xəstəxanada özümüzü itirdik deyə bilmədik ki, Dilarə bizim deyil, dövlətindir. Dilarənin aparanda qoymadılar ki, tabutunu qardaşı götürsün. Hərbçilərin çiynində getdi. Əlimizdən aldılar ki, bu bizimdir. Mənin qızım dövlətin balası idi”.

8 ayın gəlini

2015-ci ilin dekabrın 20-də toyu olub. Mənim qızımın hər hansı problemi olsa idi, hamilə olmazdı. Nə elədisə həkimlər etdi. Bütün müayinələrinin hamısını “Sağlam ailə”də etdirirdi.

“Yerdə öldüm, ya göydə nə fərqli var?”

“Dilarə Sumqayıtda 11-ci sinfi bitirəndən sonra sənədlərini Hərbi Akademiyaya verdi. 560 balla buraya qəbul oldu, qırmızı diplomla da bitirdi. Dilarəni Prezident İlham Əliyev 3-cü kateqoriyalı medalla təltif edib. Sonra gəldi “Salyanski Kazarma”ya bir ildən çox burada işlədi… Mən avtomobil qəzası keçirəndən sonra qızım hərbidən uzaqlaşdı, yəni işdən çıxdı. Sonra mən sağaldım. Elan verilmişdir ki, Sərhəd Qoşunlarına komanda yığılır. Qızımı ora göndərdim. Bu danışdıqlarım 2012-ci ildə olub. Ürəkli qız idi…O, ölməyi bilmirdi. Deyirdi ki, “Yerdə öldüm, ya göydə nə fərqli var?” Hə… Getdi imtahan verdi. 60 sual vermişdilər, 58-nə düz cavab yazmışdı. Xülasə, Dilarəni Sərhəd Qoşunlarına işə götürdülər. Əvvəl leytenant oldu, sonra kapitan. Bir il bundan əvvəl də Elçin Quliyev “AZAL”a oxumağa göndərdi.

“Sənqaçal”da olan Dövlət Sərhəd Xidmətinin Uçuş Avia Dəstəsinə göndərdilər. Orada uçuşlar edirdi. Hamiləliyinə görə, Müdafiə Nazirliyinə göndərdilər, orada işləməyə başladı. Allah mənim əlimdən aldı gül kimi balamı…Bilmədim əcəldir, yoxsa qismət. Kim oldu mənim balamın düşmənləri? Xahiş edirəm, balamın düşmənlərin tapın”.

 

“Heç bir razılıq almadan qızımı əməliyyata apardılar” -  Ölən hamilə pilotun anası

“Heç bir razılıq almadan qızımı əməliyyata apardılar” -  Ölən hamilə pilotun anası



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə