Hansı deputatlar mandatlarını itirə bilər? – SİYAHI
Hansı deputatlar mandatlarını itirə bilər? –  SİYAHI
07 Oktyabr 2016 / 14:10 / Baxış sayı: 1410
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sentyabrın 26-da keçirilən referendumdan sonra Konstitusiyaya edilən dəyişikliklərdən sonra gözlər dekabra çevrilib. Bəzi KİV-lərdə yer alan məlumatlarda ilin son ayında prezident seçkisinin baş tutacağı, bundan bir qədər sonra isə Milli Məclisin buraxılacağı və yeni parlament seçkisinin təyin ediləcəyi yönündə xəbərlər yayılır. 

Son olaraq, “Yeni Müsavat” qəzeti srağagünki sayında yazıb ki, “Bəzi ekspertlər Milli Məclisin buraxılması iddiasına əsas görmür. Ancaq yenə belə fikirlər səsləndirilir ki, yeni  parlament seçkiləri FETÖ (“gülənçilər”) ilə də bağlı ola bilər. Türkiyə mənbələrindən sızan bilgilərə görə, hazırda Milli Məclisin tərkibində gülənçilərin olma ehtimalı yüksəkdir və hətta belə bir sıyahının Ankaradan Bakıya göndərildiyi də iddia olunur.  Bu baxımdan, yeni parlament seçkilərinin olacağı barədə də versiyaların yaşamaq haqqı var. Hətta siyasi dəhlizlərdə yayılan söyləntilərə görə, növbədənkənar parlament seçkiləri mart ayında keçiriləcək və ölkə parlamenti yenilənəcək”.

Bəs “yeniləşəcəyi” anons edilən Milli Məclisdən növbədənkənar seçkilər olacağı təqdirdə kimlər FETÖ bağlantıları səbəbindən kənarda qala bilər? Əlbəttə, hazirda qanunverici orqanda kimlərin “gülənçi” olduğunu söyləmək çətindir. Belələri varsa, bu daha dəqiq şəkildə yalnız hakimiyyətin özünə məlum ola bilər.

Sadəcə, onu deyək ki, parlamentin 20 nəfər üzvünün adının nurçuların siyahısında olması ilə bağlı hələ 2014-cü ildə məlumat yayılmış və bu xəbər geniş ajiotaja səbəb olmuşdu. O vaxt bu məsələ Milli Məclisdə də müzakirəyə çıxmış, deputat Zahid Orucun bu haqda dedikləri onu spiker Oqtay Əsədovla üz-üzə qoymuşdu. Orucun “Azərbaycan parlamentin 20 üzvünün nurçularla əlaqəsi olduğunu deyirlər. Bu yanlışdır. Onlar burda ancaq təhsil prosesinə xidmət edir. Konkret başqa iddiaları yoxdur” deməsinə Əsədov “niyə görə siz həmişə süni, şər məsələsini parlamentdə qaldırırsınız. Bu parlamentdə danışalası məsələ deyil” reaksiyasını vermişdi.

Amma sonrakı proseslər nurçu deputatlarla bağlı iddianın boş yerə ortaya çıxmadığını göstərdi. Belə ki, son parlament seçkisində adı Fətullah Gülənlə bağlı tez-tez hallanan Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanovun anası Rəbiyyət Aslanovanın, eyni zamanda “gülənçi” olduğuna dair indiyədək KİV-də çoxsaylı iddiaların yer aldığı Ceyhun Osmanlının mandatsız qalması məlum iddiada həqiqət payının yüksək olduğunu düşünməyə əsas yaradır.

Qaynarinfo.Az -a danışan adının çəkilməsini istəməyən etibarlı mənbə növbədənkənar parlament seçkisi olacağı təqdirdə “gülənçi” olduqları düşünülən, yaxud bu barədə hakimiyyətin əlində konkret faktlar olan deputatlarla bərabər, digərlərinin də mandatsız qala biləcəyini istisna etməyib: “Xüsusilə deputatlıq fəaliyyəti zəif olan, parlamentə biznes imkanları hesabına mandat qazanan, eyni zamanda yaşı 70 və onun üzərində olan millət vəkillərinin də yenidən seçilməsinə “qırmızı işıq” yandırıla biləcəyini düşünürəm. Bu sırada adı xüsusilə ön plana çıxan 71 yaşlı Hüseynbala Mirələmov və Hacı Madər Musayevdir. Gələn il 70 yaşı tamam olacaq Hacı Madər geniş biznes imkanlarına sahibdir və Azərbaycanda eyni dairədən 5 dəfə təkrar seçilən yeganə deputatdır. Başqa bir 70 yaşlı deputat, Tibb Universitetinin keçmiş rektoru Əhliman Əmiraslanovun, 71 yaşlı vitse-spiker Valeh Ələsgərovun, 80 yaşlı xalq artisti Zeynəb Xanlarova, 78 yaşlı Fəttah Heydərovun yenidən depuatat seçilməsi də az ehtimal olunur. Onların daha gənc, xüsusilə də qanunvericilik sahəsində uğurla çalışa biləcək peşəkarlarla əvəzlənməsi gözləniləndir”.

Bildirildiyinə görə, son illərdə Milli Məclisin bir çox iclaslarında spiker Oqtay Əsədovla sözləri çəp gələn və bir neçə dəfə ixtilaf yaşayan, sonuncu dəfə isə hətta buna görə Milli Məclisin İntizam komitəsi tərəfindən xəbərdarlıq alan Zahid Orucun da mandatsız qalma şansının yüksək olduğu deyilir. Burada həmçinin onun parlamentdə iki il öncə etdiyi və yazının əvvəlində haqqında danışdığımız yazısının da rol oynaya biləcəyi istisna edilmir. Hansı ki, cənab Oruc orada nurçular barədə müsbət tonda danışır…

Bundan başqa, sabiq hərbi komissar, hazırda iri biznesə malik olan Əliağa Hüseynov və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun biznesmen qardaşı Malik Həsənovun da yeniləşəcəyi söylənilən Milli Məclisdə yer alacaqları şübhə doğurur.

Nəhayət, növbədənkənar parlament seçkisində cırtdan partiyalardan bəzilərinin rəhbərləri də “ofsayd”a düşə bilər. Bu sırada xüsusilə ASDP sədri Araz Əlizadənin, Vəhdət sədri Tahir Kərimlinin (onların hər ikisi 2015 seçkisində mandat əldə etmişdilər…), həmçinin Milli Dirçəliş Hərəkatının sədri Fərəc Quliyevin adı ön plana çıxır.

Bundan başqa, adları mətbuatda biznesmen deputatlar kimi tez-tez çəkilən və müxtəlif qalmaqallarda hallandırılan Cavanşir Feyziyev, Rüfət Quliyev, Əsabil Qasımov, Nəriman Əliyev, Xanlar Fətiyev, Rəfael Cəbrayılov kimi millət vəkillərinin də mümkün növbədənkənar seçki sonrası parlamentdə olması az ehtimal olunur.

Bütün bunlar gözləntilər, iddialardır. Proseslərin hansı istiqamətdə cərəyan edəcəyini isə əlbəttə, zaman göstərəcək. Odur ki, gözləyək.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə