Hamilələr niyə ölürlər?
Hamilələr niyə ölürlər?
02 Sentyabr 2016 / 18:55 / Baxış sayı: 1428
Font1 Font2 Font3 Font4
Bizimxeber

Avqustun 30-da hamiləliyinin 36-cı həftəsində dünyasını dəyişən 1986-cı il təvəllüdlü DSX-nın ilk qadın pilotu olan Babayeva Dilarə Aydın qızının ölümü mətbuatda və cəmiyyətdə müzakirələrə səbəb oldu. Bir çox hamilə qadınlar bu xəbərdən sonra sarsıntı keçirir.Bəs, hamilə qadınlar niyə ölür? Qaynarinfo.Az-a Azərbaycan uroloq-cərrah, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl bunları danışdı:

“Vətənimiz ana və uşaq ölümləri ilə sarsılır. Adamın bəzən ağlamağı gəlir. Gəncəcik analığa namizədlər və onların dünya işığı görməmiş övladları itirilir. Bu ölümlərin bir çox səbəbi vardır. Tibbi xidmət xətaları da həmçinin. Amma böyük bir qismi vardır ki, həqiqətən, həkim millətinin əlləri yanında qalır. Çarəsizik, necə deyərlər. Bunları sizə qısaca sıralayacağam.Məlumatınız olsun deyə.

Preeklampsiya və eklampsiya.

Eklampsiya yunan dilində ani partlayış deməkdir. Hamiləliyin son dönəmində baş verən toksikozdur. Əsl xəstəlik eklampsiyadır. Onun başlanğıcı kimi adlandırılan, amma öz başına bir vəziyyət isə preeklampsiyadır (eklampsiya əvvəli deməkdir).Səbəbi və mexanizmi haqqında dəqiq heç bir şey bilinmir. Hər həkimin öz izahı vardır. Əvvəlcədən diaqnozu da mümkün deyildir. Dünyada eklampsiyanın heç olmazsa, 12 saat əvvəl diaqnozunu qoya bilənə Nobel mükafatı verərlər – adım kimi əminəm. Müalicəsi də yoxdur. Doğrudur, təcili doğuş və ya keysəriyyə yaşamaq üçün bir şans yaradır. Amma eklampsiyada bunun belə bəzən faydası olmur. Artıq gecdir. Amma mənim öz yaxın qohumumda preeklampsiya başlamışdı və təcili doğuşla qurtuldu. Övladını itirdi, amma özü yaşayır, şükür. Özünü necə göstərir?

A. Qan təzyiqi qalxır

B. Sidikdə zülal görünməyə başlayır.

Bunlar, preeklampsiyada olur. Əsl eklampsiyada isə əlavə olaraq QICOLMALAR (EPİLEPSİYA, SUDOROGA) müşahidə edilir. Mən, həkimlik həyatım boyunca eklampsiyadan qurtulan bir hamilə görmədim. Bəlkə ginekoloq dostlar görmüş ola bilərlər – nə də olsa, bu, onların işidir, axı”.

Vasif İsmayılın sözlərinə görə, HELP sindromu hamiləliyin son 3 aylığında çıxan nadir bir haldır. Məncə, dünyada ən dəhşətli xəstəlikdir: 

“Adi mədə ağrısı (epiqastrik nahiyyə) şəklində başlayır. Çox qısa müddətə qanda laxtalanmağa məsul olan bütün sistemlər çökür. İndiyənə qədər HELP sindromunu müalicə edən birini tanımamışam. Qurtulanı da görməmişəm. Amma Türkiyədə işləyərkən ginekoloqların bu sindromdan sağ çıxan nadir insanlar haqqında necə ağızdolusu danışdıqlarının şahidi olmuşam.Yəqin ki, faciəli şəkildə itirdiyimiz Dövlət Sərhəd Xidməti qadın pilotunun şikayətləri ilə burada yazılanlar arasında paralellik qurdunuz. Mən, öz qohumuma zəng edərək təcili uşaqdan qurtulmasını tövsiyə etmişdim. Bu arada, hətta qohumlarımla belə telefonda məsləhətləşməyi sevmədiyimi sizə xatırlatmaq istəyirəm. Qorxurdum, ailə isə hamiləliyi saxlamaq istəyirdi. Dəhşətli hadisə idi. Şükür, sağ qaldı. Nə nəticə çıxaracaqsınız? Özünüz bilin, amma hamiləliyin sonuna doğru sizə preeklampsiya, eklampsiya və ya, Allah göstərməsin, HELP sindromu diaqnozu qoydularsa, təcili uşaqdan qurtulun”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə