Hər gün daha da “batan” maşın bazarı: Satıcı çox, alıcısı isə yox… – FOTOLAR
Hər gün daha da “batan” maşın bazarı: Satıcı çox, alıcısı isə yox… – FOTOLAR
21 Noyabr 2016 / 9:35 / Baxış sayı: 838
Font1 Font2 Font3 Font4
Bizimxeber

Hər gün daha da “batan” maşın bazarı: Satıcı çox, alıcısı isə yox… –

Manatın hər gün daha da dəyərdən düşməsi yeni və işlənmiş avtomobillərin qiymətinə kəskin təsir göstərib. Alıcı qabiliyyətinin aşağı düşməsi, qiymətlərin dolların məzənnəsindən asılı olaraq dəyişməsi avtomobil satışında durğunluğa səbəb olub.

Hər həftənin şənbə və bazar günü alıcı və satıcı bolluğu yaşayan avtomobil bazarında vəziyyət hər gün daha da pisə doğru gedir. Satıcıların sözlərinə görə, əvvəllər həftə sonları 2-3 maşın satanlar, indi iki həftədən bir 1-2 maşın sata bilsə sevinirlər. Bunun səbəbi isə sadədir. İnsanların maddi durumu olduqca aşağıdır. Maşını dəyişmək yox, satıb xərcini azaltmaq istəyənlər var.

4 həftədir ki, avtomobilini bazara satmağa gətirən Qiyasəddin Səfərov deyir ki, hər həftə maşının qiymətini daha da artırmağa məcbur olur: “Bazarla uyğunlaşmaq demək olar ki, mümkün deyil. Bu gün 5 min manata satılan avtomobil, sabah 5200-5300 manata satılır. Avtomobilini satan adam da məcbur qiyməti qaldırır və nəticədə alıcının gözü qorxur, maşına yaxın durmur”.

Q.Səfərov deyir ki, ucu-bucağı görünməyən bazarda gündəlik heç 5-6 maşın belə, satılmır: “Bazarda vəziyyət hər gün daha da pisə doğru gedir. Bazar demək olar ki, batıb, gedib. Maşınlar çox, alıcısı isə yox. Mən maşınımı satıram ki, bəlkə ucuzunu tapa bildim. Alınmasa, heç sürmərəm. Yanacaq, ehtiyat hissələri… Bunlara pul çatdırmaq olmur”.

İllərdir ki, avtomobil satışı ilə məşğul olan İbrahim Məmmədov da alıcı sayının azalmasından şikayətçidir: “Mərkəzi Bank tərəfindən avtomobillərin kreditlə satışına ağır şərtlər qoyulandan sonra “qara günlər”imiz başladı. Demək olar ki, alıcı sayı iki dəfə azaldı. Bundan sonra manatın ardıcıl olaraq dəyərdən düşməsi vəziyyətimizi daha da ağırlaşdırdı. İndi gördüyünüz kimi, bazarda tək-tük halda alıcı görmək mümkündür. Az-çox satılan maşınlar isə, sovet maşınlarıdır. Bunların içində NİVA üstünlük təşkil edir. Əsasən cavanlar bu avtomobilə meyl edirlər. Koreya və Almaniya istehsalı olan avtomobillərin qiymətində xeyli artım var. Mələsən, motorunun həcmi 2.5 sm³ olan 2009-cu ilin “Hyundai Sonata”sını əvvəl 13-15 min manat arasında satırdıqsa, indi bu qiymət 17 min manata qədər qalxıb. Qiyməti bahalaşan avtomobillərə misal olaraq xalq arasında Mercedes “Çeşka” kimi tanınan avtomobilləri göstərə bilərik. Bu avtomobillər də mühərriklərinin həcminə görə 1500-2000 manat arasında bahalaşıb”.

“Avro-4” standartlarının tətbiqi də avtomobillərin qiymətinin qalxmasına səbəb olan əsas faktorlardandır. Növbəti həmsöhbətimiz Əli Qasımov deyir ki, “Avro-4” standartlarının tətbiqi ölkəyə ucuz avtomobillərin gətirilməsinə problem yaradıb.

Bir tərəfdən də, Gürcüstan hökumətinin sağsükanlı avtomobillərin qeydiyyatına qoyduğu qadağalar vəziyyəti daha da qəlizləşdirdi: “Əvvəllər belə idi ki, gürcülər sükanı sağda olan maşınları gətirib, sükanı sola çəkib, satırdılar. Bu da indiki qiymətlərdən olduqca ucuz başa gəlirdi. Amma artıq o da mümkün deyil”.

Satıcılarla söhbət zamanı bəlli oldu ki, bazarda icarə haqları da olduqca bahadır. Avtomobil dəllalı Ramin Zəkiyev deyir ki, satış olmasa da, bazarda icarə haqları qalxmaqda davam edir: “Aya 1-2 maşın zorla satırıq, onun da 1700 manatını icarə haqqına veririk. Günü-gündən ağırlaşan vəziyyətə baxıb, heç olmasa, icarə haqqını aşağı salsalar, biz də bir az nəfəs alardıq”.

Reportajımız nəticəsində bu qənaətə gəldik ki, hamının ucuz avtomobil axtarması ucuz avtomobillərin də bahalaşmasına səbəb olub. Tələbat artdıqca qiymət də artır. Təbii ki, burada manatın “üzə bilməməsi” də öz rolunu yetərincə oynayır. (musavat.com)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə