Həbsdə olan MTN generallarının cinayət işləri ayrı icraata verilir
Həbsdə olan MTN generallarının cinayət işləri ayrı icraata verilir
23 Avqust 2016 / 15:39 / Baxış sayı: 1034
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun barəsində başlanmış cinayət işi nazirliyin təqsirləndirilən digər şəxslərinin cinayət işindən ayrılaraq ayrı icraata verilib.

Bu barədə virtualaz.org-a A.Çovdarovun vəkili Sadiq Rəsulov məlumat verib.

S.Rəsulov deyib ki, bu cinayət işi üzrə təqsirləndirilən digər yüksək rütbəli şəxslərlə də bağlı cinayət işlərinin ayrı icraata veriləcəyi gözlənilir. Vəkilin sözlərinə görə, iş üzrə təqsirləndirilən general və polkovniklər barədə məhkəmə prosesləri ayrı-ayrılıqda keçiriləcək.

Qeyd edək ki, A.Çovdarov 2015-ci il noyabrın 14-də həbs olunub. 2015-ci il noyabrın 15-də Səbail rayon Məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu ilin fevral ayında isə A.Çovdarovun barəsində seçilmiş həbs qətimkan tədbiri 4 ay müddətinə artırılıb.

A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə