Gürcüstan baş nazirinin Bakı səfəri başa çatdı
Gürcüstan baş nazirinin Bakı səfəri başa çatdı
31 Avqust 2016 / 17:48 / Baxış sayı: 654
Font1 Font2 Font3 Font4
Bizimxeber

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Azərbaycan Respublikasına səfəri avqustun 31-də başa çatıb.

AzərTAc xəbər verir ki, baş nazir Giorgi Kvirikaşvilini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.

*   *   *13:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilini qəbul edib.

Virtualaz.org-un məlumatına görə, qonağı salamlayan Prezident İlham Əliyev deyib: “Xoş gəlmisiniz. Sizi görməyə şadam. Siz Azərbaycanda tez-tez olmusunuz. İndi Baş nazir kimi səfər edirsiniz. Mən çox şadam. Əminəm ki, bu səfər gələcəkdə münasibətlərimizin möhkəmlənməsinə xidmət edəcək. Münasibətlərimiz tarixə, qardaşlığa, xalqlarımızın yaxın qonşuluğuna əsaslanır.

Bu gün biz bütün sahələr üzrə – siyasi sahədə, iqtisadi sahədə fəal dialoq aparırıq. Bizi uğurla inkişaf edən, ölkələrimizə və xalqlarımıza fayda gətirən həm nəqliyyat, həm də energetika sahələrində layihələr birləşdirir. Biz ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından çox məmnunuq. Əminəm ki, Sizin səfəriniz gələcək əlaqələrimizin dərinləşməsinə, möhkəmlənməsinə xidmət edəcək. Bizi tarix, coğrafiya, maraqların üst-üstə düşməsi və mənim artıq qeyd etdiyim kimi, iri transmilli energetika, nəqliyyat layihələri birləşdirir. Bu layihələrin reallaşmasından, uğurlu fəaliyyətindən ölkələrimizin və xalqlarımızın rifahı, həm də regionumuzdakı sabitlik asılıdır. Bir daha xoş gəlmisiniz”.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili deyib: “Çox sağ olun cənab Prezident. Sizi görməyimə çox şadam. Mən həqiqətən qardaş ölkədə olmaqdan çox şadam. Xalqlarımızı çoxəsrlik dostluq bağlayır. Biz həqiqətən də strateji xarakter daşıyan münasibətlərimizin gələcək inkişafını hərtərəfli dəstəkləyirik. Sizin artıq qeyd etdiyiniz kimi, bizi xalqlarımızın rifahının yaxşılaşdırılması üçün vacib olan və xalqlarımız arasında gələcək dostluğun möhkəmləndirilməsinə xidmət edən dostluq, strateji, regional, qlobal xarakterli layihələr bağlayır. Çox sağ olun”.

Görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin adından Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin şərəfinə nahar verilib.

 

** 12.59

Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə avqustun 31-də Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

Əvvəlcə Azərbaycanın və Gürcüstanın baş nazirlərinin təkbətək görüşü olub.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

Baş nazir Artur Rasizadə Azərbaycan-Gürcüstan əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Bildirildi ki, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin Azərbaycana səfəri və bu çərçivədə aparılan danışıqlar ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfə verəcək.

Söhbət zamanı beynəlxalq sülhün və sabitliyin qorunmasının vacibliyinə toxunan baş nazir Artur Rasizadə qonaqların diqqətini Ermənistanın işğalçılıq siyasətinə yönəldərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün region üçün ağır nəticələr verdiyini vurğulayıb.

Bakıya səfərindən məmnunluğunu bildirən Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycanın Gürcüstan üçün qardaş ölkə və strateji tərəfdaş olduğunu diqqətə çatdırdı. Tarix boyu xalqlarımız və ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən danışan Giorgi Kvirikaşvili hökumətinin bu münasibətləri daha da dərinləşdirmək niyyətində olduğunu söylədi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

*   *   *11:23

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasına səfərə gəlib.

Gürcüstanın baş nazirini Heydər Əliyev Beynəlxalq Hava limanında Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

*   *   *10:28

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə yola düşüb.

Gürcüstan KİV xəbər verir ki, onun Azərbaycan Prezidenti İlham Əliyev və baş nazir Artur Rasi-zadə ilə görüşləri planlaşdırılır.

Rəsmi görüşlərdə bir sıra ikitərəfli məsələlər müzakirə olunacaq.

Baş naziri səfər zamanı energetika naziri Kaxa Kaladze və xarici işlər nazirinin müavini Qiqi Giqiadze müşayiət edəcək.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə