Gəncədə hesabat yığıncağı…
Gəncədə hesabat yığıncağı…
20 Oktyabr 2016 / 17:25 / Baxış sayı: 770
Font1 Font2 Font3 Font4
Bizimxeber

İclasda 9 ayın statistik göstəricilərinə nəzər salınıb, ilin sonuna kimi görülməsi nəzərdə tutulan məsələlər müzakirə edilib.Şəhər ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi hesabat yığıncağında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, ümumi daxili məhsulun həcminin 71,3 faizi qeyri-dövlət bölməsində istehsal edilməklə, ötən ilin 9 ayı ilə müqayisədə 6,0 faiz artıb.

2016-cı ilin yanvar-sentyabr aylarında şəhərdə müqayisəli qiymətlərlə 498,4 milyon manat ümumi daxili məhsul buraxılmışdır ki, bu da faktiki qiymətlərlə 543,4 milyon manat təşkil etməklə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20,0 faiz və ya 83,0 milyon manat çoxdur.

Orta aylıq əmək haqqı 9 ay ərzində ticarətdə 363,7 manat, dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat bölməsində 428,4 manat, emal sənayesində 369,1 manat, elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində 511,2 manat, maliyyə və sığorta bölməsində 896,9 manat təşkil etməklə, digər sahədə çalışanların orta aylıq əmək haqqından daha artıq olub.

Şəhər sənayesində böyük xüsusi çəkiyə məxsus olan emal bölməsinə aid müəssisələr tərəfindən 232 milyon 362 min manatlıq məhsul istehsal olunmuş, sənaye xarakterli xidmətlər göstərilib. Emal sənayesində ötən ilin müvafiq dövrü ilə müqayisədə kompyuter, elektron və optik məhsulları, qida məhsulları, un və un məmulatları, tikinti materialları, toxuculuq, kağız və karton, mebel, nəzarət ölçü cihazları, maşın və avadanlıqlardan başqa hazır metal məmulatları, avtomobil, qoşqu və yarımqoşquların istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri bölmələrində və metallurgiya sənayesində artım müşahidə edilib.

Bu dövrdə istehsal olunan məhsulun 55,6 faizi respublika daxilində, 44,4 faizi Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrə ixrac olunub. 2016-cı ilin doqquz ayında sənaye müəssisələrinin anbarlarında əvvəlki illərdən qalan qalıqlar da nəzərə alınmaqla, hazır məhsul ehtiyatı 15 milyon 20 min manat olub. Hazır məhsul ehtiyatlarının 85,5 faizi “DET.AL Alüminium” MMC-nin, 2,0 faizi “MKT İstehsalat Kommersiya” MMC-nin “Gəncə Tekstil” filialının, 3,5 faizi “Gəncə Əlvan Metal Emalı” ASC-nin, 2,7 faizi “SEMPA” QSC-nin və 6,3 faizi isə digər sənaye müəssisələrinin anbarlarında toplanıb. Şəhər iqtisadiyyatında mühüm rol oynayan “DET.AL Alüminium” MMC-nin Gəncə Alüminium zavodunda və “Gəncə Avtomobil zavodu” İstehsalat

Birliyində 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq istehsalın həcmi 21,3 faiz və 50,4 faiz artıb. Bu müəssisələr tərəfindən əlavə olaraq 72,7 milyon manatdan çox məhsul istehsal olunub.

Bakı-Qazax avtomobil yolunun sağ tərəfində, 15 hektar torpaq sahəsində “NB Satınalma və Ticarət” MMC tərəfindən tikinti materialları istehsalı zavodunun, “MFK” MMC-nin illik istehsal gücü 30 milyon şərti müxtəlif ölçülərdə kərpic olan müəssisənin inşası davam etdirilməkdədir. “Elba Kəsim və Emal Fabrikası” MMC-nin inşası davam etdirilir. “Neon” firmasında istehsal sahəsi genişləndirilərək 2 ədəd müvafiq olaraq Rusiya və Ukraynadan qovurma və paketləmə texnoloji xətləri quraşdırılaraq istifadəyə verilib. Eyni zamanda bu müəssisədə gündəlik istehsal gücü 13 ton olan makaron və gündəlik istehsal gücü 240 ton olan çəltik istehsal edən zavodun layihə-smeta sənədləri işlənib, maliyyə məsələlərinin həll edilməsi istiqamətində danışıqlar aparılır.

2016-cı ilin doqquz ayı ilə müqayisədə şəhərdə əhalinin şəxsi vəsaiti hesabına ümumi sahəsi 27 min 982 kv.metr yaşayış evləri tikilib istifadəyə verilib. Bu, özündən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8 min 319 kv.metr və ya 1,4 dəfə çoxdur. Tikinti müəssisələrinin öz gücləri iləyerinə yetirdikləri inşaat işlərinin 12,1 faizini yeni tikinti, yenidənqurma və genişləndirmə, 84,4 faizini əsaslı təmir, 2,6 faizini cari təmir, 0,9 faizini sair işlər təşkil edib. “Gəncəçay” park-bulvar kompleksinin sol sahilində sahil-bərkitmə və parksalma işlərinin davam etdirilməsi üçün məqsədyönlü işlər aparılır. Çayın sol sahilində yağan yağışların qarşısını almaq məqsədi ilə 1 kilometr uzunluğunda beton mühafizə divarları inşa edilib. Çayın məcrasında təmizlik və abadlıq işləri görülür, kaskadın vurulması üçün hazırlıq işlərinə başlanılıb.

İcra başçısı vurğulayıb ki, “Gəncəçay” park-bulvar kompleksinin davamı olaraq çayın sağ və sol hissəsində ümumilikdə 3.200 metr ərazidə müasir memarlıq üslubunda bulvar salınacaq. 2017-ci ilin ilk rübünə kimi aparılan işlərin başa çatdırılması qarşıya qoyulub. Elmar Vəliyev məlumat verib ki, şəhərin Vəli Xuluflu küçəsində şayın kənarında yerləşən 129 evin də yaxın günlərədə söküntüsünə başlanılacaq. Köçürülən ailələr üçün dövlət hesabına fərdi yaşayış evlərinin tikintisinə başlanılacaq. Gələn ilin ilk ayları ərzində 2012-ci ildə inşasına başlanılmış, 1,4 hektar ərazidə yerləşən, 6 mərtəbəli Gəncə Dövlət Filarmoniyasının təhvil verilməsi də nəzərdə tutulub. Atatürk prospektində 264 və 266 ünvanda inşa edilən 50 mənzilli beşmərtəbəli yaşayış binasının, həmçinin bu prospektdə 4 ədəd yeddimərtəbəli, 2 ədəd beşmərtəbəli yaşayış binasının, Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində, keçmiş Toxuculuq Kombinatının yataqxanalarında yaşayanlar üçün 3 ədəd 3 bloklu doqquzmərtəbəli bina, 1 ədəd, 1 bloklu onmərtəbəli bina, ümumilikdə 249 mənzilli çoxmərtəbəli yaşayış binalarının tikintisi isə sürətləndirilib.

Cavad xan küçəsi, 34 ünvanda hər biri yeddimərtəbəli olan uyğun olaraq “Majestik Palace” və Hacıkənd qəsəbəsində “ARFA” mehmanxanaların inşası davam etdirilir. Ş.İ.Xətai prospekti ilə V.Xuluflu küçəsinin kəsişməsində Gəncə şəhər Prokurorluğunun müasir tələblərə cavab verən yeni inzibati binasının cari ildə istifadəyə verilməsi nəzərdə tutulur. Eyni zamanda Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfində 4,75 hektar torpaq sahəsində Məhkəmə Kompleksinin tikintisinin layihə-smeta sənədi hazırlanır. Kənd təsərrüfatı məhsulları istehsalçılarının istehsal etdikləri məhsulların satışı üçün hər bir şəraiti olan, təxminən 17,0 hektar ərazidə inşası aparılan “Bazar Store” MMC-də tikintisi sürətləndirilib.

Fikrət Əmirov küçəsində beşmərtəbəli İctimai-Mədəni Tibb Mərkəzinin, Hava limanı yolu istiqamətində maşın bazarının, Nizami prospektində beş və altımərtəbəli Ticarət Mərkəzinin, eləcə də digər sosial-mədəni və xidmət obyektlərinin inşası davam etdirilir. Heydər Əliyev prospektində, “Paşa Holding” tikinti şirkəti tərəfindən 2014-cü ilin fevral ayında inşasına başlanılmış, ümumi sahəsi 52 min 320 kv.metr olan ərazidə ticarət və əyləncə mərkəzinin inşası sürətləndirilib. Mərkəzin istifadəyə verilməsi 2017-ci ilin birinci rübündə nəzərdə tutulur. 2016-cı ilin 9 ayı ərzində də şəhərin yol-nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun əsaslı təmiri və yenidən qurulması işləri davam etdirilir.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərdə üç yeraltı keçidin inşa olunacağını da açıqlayıb. Keçidlər piyadaların sıx hərəkət etdiyi ərazilərdə tikiləcək. Şəhər rəhbəri bildirib ki, ekoloji vəziyyətin sağlamlaşdırılması sahəsində görülən praktik işlər şəhər İcra Hakimiyyətinin daim diqqət mərkəzində saxlanılmaqla geniş miqyas alıb. Hesabat dövrü ərzində şəhərin müxtəlif ünvanlarında 5,0 hektardan çox qazon salınıb və 87 min 860-a yaxın ting, kol və çiçək əkilib.

2016-cı ilin doqquz ayında avtomobil nəqliyyatı ilə 66 milyon 866 min nəfər, 2015-ci ilin doqquz ayında 64 milyon 296 min nəfər sərnişin, 3 milyon 267 min ton yük daşınıb. Şəhərdaxili marşrutlarda sərnişinlərə göstərilən mədəni xidmətin səviyyəsinin yüksəldilməsi, yollarda tıxacların aradan qaldırılması və sərnişindaşıma nəqliyyat müəssisələrində maşın parklarının yeniləşməsi sahəsində işlər davam etdirilməkdədir.

Prezident İlham Əliyevin gəncəlilərə olan diqqət və qayğısının təzahürü kimi bilavasitə onun tapşırığı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 368 nömrəli Qərarı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində “Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyət yaradılıb. Bu qərardan irəli gələn məsələlərin həlli istiqamətində əməli tədbirlər həyata keçirilir. Şəhərdə sərnişindaşımada əhaliyə göstərilən xidmətin keyfiyyətinin və mədəniyyətinin artırılması, taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamı olaraq cari ildə pilot layihə kimi ilkin olaraq 10 ədəd bənövşəyi London Taxi TX 4 avtomobilləri gətirilərək əhalinin istifadəsinə verilib.

2016-cı ilin 9 ayı ərzində informasiya və rabitə müəssisələri tərəfindən hesabat dövründə istehlakçılara 3 milyon 567 min manatlıq və ya keçən ilin eyni dövrünün səviyyəsindən 7,8 faiz çox xidmət göstərilib. Göstərilən xidmətin 3 milyon 376 min manatı və ya 94,6 faizi dövlət, 191 min manatı və ya 5,4 faizi isə qeyri-dövlət bölməsində yaranıb. Şəhər üzrə göstərilən ümumi informasiya və rabitə xidmətlərinin 3 milyon 376 min manatı və ya 94,6 faizi Gəncə Telekommunikasiya İdarəsinin fəaliyyəti sayəsində yaranıb. Bu idarə tərəfindən şəbəkənin genişləndirilməsi və yenidənqurma işlərinin davam etdirilməsi nəticəsində 2015-ci ilin 9 ayı ilə müqayisədə gəlirlər və əhaliyə göstərilən rabitə xidmətlərinin həcmi uyğun olaraq 32,1 faiz və 10,1 faiz artıb. 9 ay ərzində 1 min 375 ədəd telefon çəkilmiş və əsas telefon aparatlarının sayı 56 min 623 nömrəyə çatmışdır ki, bu da ümumi montaj tutumunun 36,2 faizini təşkil edir. Gəncə Regional Poçt filialında son illər yüksək texnologiyalar sayəsində əldə olunan yeniliklərin geniş tətbiqi filialda təklif edilən rabitə-poçt xidmətlərinin müasir tələblərə cavab verməsinə şərait yaradıb. 2016-cı ilin doqquz ayında poçtun tarif gəliri 687 min 280 manat proqnoza qarşı faktiki olaraq 782 min manat olmaqla proqnoza 114,0 faiz əməl edilməklə 94 min 720 manat əlavə gəlir əldə edilib.

Əhalinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq məqsədi ilə şəhər ərazisində ayrı-ayrı ünvanlarda – Cavad xan qəsəbəsində 4 ədəd, Məhsəti qəsəbəsində 2 ədəd, Natəvan qəsəbəsində 1 ədəd, Şıxzamanlı qəsəbəsində 1 ədəd, Sadıllı qəsəbəsində 1 ədəd, Yeni Gəncə yaşayış massivində 2 ədəd, mikrorayonlarda 2 ədəd, Totanlı küçəsində isə 1 ədəd, cəmi 15 ədəd 6,8 mVA gücündə müasir tipli Kompleks Transformator Məntəqələri (SKTM) quraşdırılıb. Əhalinin keyfiyyətli su ilə təmin edilməsi və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilməkdədir. Eyni zamanda layihəyə görə şəhərə üç istiqamətdən – Göygöl, Qızılqaya və Şəmkirçaydan çəkilən magistral su xətlərinin inşası başa çatdırılıb. Bu su xətlərinin istifadəyə verilməsi ilə şəhərə saniyədə 1500 litrə yaxın su daxil olacaqdır.

Ötən il ilə müqayisədə 2016-cı ildə ali məktəblərə qəbul olanların sayı 935 nəfərdən 992 nəfərə çatmış, qəbul imtahanlarında 71 məzun 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul edilib. Bunlardan şəhərin 5 nömrəli tam orta məktəbinin məzunu İrzayev Hüseyn Valeh oğlu 687 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquqşünaslıq” fakültəsinə, 8 №-li tam orta məktəbin məzunu Bayramova Nisə Ələndər qızı 683 bal toplayaraq Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsinə daxil olmuş və Prezident təqaüdünə layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2015-ci il tarixli Sərəncamı ilə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Gəncə şəhər 21 nömrəli tam orta məktəbin riyaziyyat-informatika müəllimi Hüseynova Gülnar Müşfiq qızı, Məhəmməd Füzuli adına 22 nömrəli tam orta məktəbin biologiya müəllimi Orucova Aynurə Tuiddin qızı, “Ən yaxşı

məktəb” müsabiqəsinin qalibi isə Gəncə şəhər Mirzə Şəfi Vazeh adına 16 nömrəli və Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəblər olub.

Şəhərdə həyata keçirilən layihələr sırasında yeni körpələr evi-uşaq bağçalarının inşası, mövcudlarının isə ən müasir səviyyədə yenidən qurulması sahəsində işlər görülür. 240 yerlik 31 nömrəli və 280 yerlik 25 nömrəli Körpələr evi-uşaq bağçaları əsaslı təmirdən sonra istifadəyə verilib. 120 yerlik 1 nömrəli və 240 yerlik 44 nömrəli Körpələr evi-uşaq bağçalarında isə yenidənqurma və əsaslı təmir işləri davam etdirilir. Eyni zamanda Zülfüqar Məmmədov küçəsi və Məhsəti qəsəbəsində hər biri 120 yerlik Körpələr evi-uşaq bağçalarının tikintisi sürətləndirilib.

Gəncə Dövlət Universitetinin üç tədris korpusunda əsaslı təmir işləri aparılmış, 5-ci tədris korpusunda əsaslı təmir və tikinti işləri davam etdirilməkdədir. Eyni zamanda Azərbaycan Texnologiya Universitetində və orta-ixtisas müəssisələrində dərs otaqları və laboratoriyaların müasir dövrün tələbləri səviyyəsində yenidənqurulması, qış mövsümünə hazırlıq istiqamətində zəruri tədbirlər həyata keçirilib. Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni ikinci yataqxana binası, Azərbaycan Dövlət Aqrar Universitetinin mexanizasiya korpusu, 360 şagird yerlik 1№-li Peşə liseylərində tikinti işləri davam edir.

Gəncə şəhərində İ.Qayıbov adına 2140 şagird yerlik 1№-li tam orta məktəb, M. Müşviq adına 840 şagird yerlik 14№-li tam orta məktəb, S. Vurğun adına 640 şagird yerlik 41№-li tam orta məktəb, İ. Nəsimi adına 1076 şagird yerlik 44№-li tam orta məktəb, 280 şagird yerlik 25№-li Körpələr evi-uşaq bağçası, 280 şagird yerlik 44№-li Körpələr evi-uşaq bağçası, 5№-li şəhər poliklinika və 500 şagird yerlik 1№-li Peşə məktəbin əsaslı təmirişləri yekunlaşmaq üzrədir. Eyni zamanda 250 şagird yerlik Sanatoriya tipli internat məktəbinin əlavə tədris korpusu və 280 şagird yerlik 2№-li Peşə məktəbinin yeni binasının tikintidən sonra açılışı planlaşdırılır.

Hesabat dövründə A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasının, Yoluxucu xəstəliklər xəstəxanasının və 6 saylı poliklinikanın əsaslı təmirdən sonra istifadəyə verilməsi ilə şəhər sakinlərinin yüksək səviyyəli səhiyyə xidmətindən istifadəsinə geniş imkanlar yaranıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Bayan küçəsi, 147 ünvanda Psixiatriya xəstəxanası üçün yeni müasir tələblərə uyğun 2 korpus və yardımçı binaların inşası davam etdirilir. Tibb müəssisələrinin bərk və yumşaq inventarlarla, tibb avadanlıqları ilə təminatına diqqət artırılmış, Regional Perinatal Mərkəzə avtoklav, İnfeksion xəstəxanaya, 1 saylı uşaq xəstəxanasına biokimyəvi laborator analizatorlar verilib.

Şəhərimizin tarix-memarlıq abidələrindən olan “Şah Abbas” və “Uğurlu xan” karvansaralarının, “Qızıl Hacılı” tarix-memarlıq abidəsinin əsaslı təmir və bərpası, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin

muzeyinin yaradılması istiqamətində işlər davam etdirilməkdədir. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə aidiyyəti qurumlar tərəfindən hesabat dövrü ərzində şəhər miqyasında bir sıra mədəni-kütləvi tədbirlər keçirilmiş, şəhərimizin mədəniyyət və istirahət parklarında şəhər əhalisinin səmərəli istirahətinin təşkili istiqamətlində işlər davam etdirilmiş, əlamətdar günlərə, dövlət bayramlarına həsr olunmuş zəngin məzmunlu tədbirlər təşkil olunub.

Hesabat dövrü ərzində ənənəvi olaraq Heydər Əliyev Park-Kompleksinə, “Gəncəçay” park-bulvar kompleksinə, “Gəncə Avropa Gənclər Paytaxtı 2016” parkına, Məhsəti Gəncəvi Mərkəzinə, Nizami Gəncəvi Məqbərəsinə və Muzeyinə, Qala Qapıları Arxeologiya və Etnoqrafiya Abidə Muzeyi Kompleksinə, eləcə də şəhərin digər muzey müəssisələrinə, tarixi yerlərinə 23 mindən çox yerli və əcnəbi qonaqların iştirakı ilə ekskursiyalar təşkil olunub. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi 2016-cı ilin 9 ayı ərzində gənclərlə iş sahəsi üzrə 129, o cümlədən 5 beynəlxalq tədbir, idman sahəsi üzrə idmanın müxtəlif növlərindən 55 şəhər birinciliyi və kütləvi idman tədbirləri keçirmiş, həmin tədbirlərdə 35 mindən çox gəncin iştirakı təmin edilib.

Şəhərdə bədən tərbiyəsi və idman hərəkatının günü-gündən genişlənməsi, idmanın kütləviliyinin təmin edilməsi, şəhər ərazisində yerləşən idman-sağlamlıq obyektlərinin əsaslı təmiri və yenidənqurulması şəhər İcra Hakimiyyətinin daim diqqət mərkəzində saxlanılıb. Müxtəlif idman növündən 28 Respublika, 6 Beynəlxalq, 4 Avropa, 1 Olimpiya və 1 Paralimpiya yarışlarında 460-dan çox idmançımız iştirak etməklə, 131 müxtəlif əyarlı medal qazanıblar. Onlardan 57-si qızıl, 43-ü gümüş, 31-i bürünc medal olub. Braziliyanın Rio-De-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında şəhərimizin idmançılarından Əsgərov Toğrul Şəhriyar oğlu sərbəst güləş idman növü üzrə 65 kiloqram çəki dərəcəsində II yerə, XV Yay Paralimpiya Oyunlarında Qasımov Ramil Famil oğlu cüdo idman növü üzrə 73 kiloqram çəki dərəcəsində I yerə layiq görülüblər.

Elmar Vəliyev diqqətə çatdırıb ki, noyabr ayında Gəncə şəhərində turizm, şərab və gənclər festivalı keçiriləcək. Gəncə Avropa Gənclər Paytaxtı 2016-nın bağlanış mərasimi də həmin dövrə təsadüf edəcək. İcra başçısı AGP olan şəhərlərin gələcək əməkdaşlığına dair memorandum da imzalnıb. Məqsəd bu şəhərlərin gələcəkdə sıx əməkdaşlığı və yeni layihələrə imza atmasıdır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə