Gəncədə beynəlxalq layihənin açılış mərasimi keçirilib
Gəncədə beynəlxalq layihənin açılış mərasimi keçirilib
10 Avqust 2016 / 18:02 / Baxış sayı: 586
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Gənclərin İcmanın İnkişafında Rolu” adlı beynəlxalq layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə “Gəncə Avropa Gənclər Paytaxt – 2016” İctimai Birliyi tərəfindən bu ilin avqust ayının 9-15 tarixlərində həyata keçirilir.

Bizimxeber.az saytına verilən məlumata görə, açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva, şəhər Gənclər və İdman Baş İdarəsinin müdiri Müşfiq Cəfərov, “Gəncə Avropa Gənclər Paytaxt – 2016” İB-nin beynəlxalq əlaqələr üzrə koordinatoru Aysun Zeynalova, təlimçi Sərdar Hüseynov, rəsmi qonaqlar və gənclər iştirak ediblər.

Təlimçi Sərdar Hüseynov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, 2013-cü ilin noyabr ayının 21-də Gəncə şəhəri 2016-cı ilin Avropa Gənclər paytaxtı seçilib. Bununla əlaqədar olaraq 2014-cü ildə Gəncədə “Gəncə Avropa Gənclər Paytaxt – 2016” İctimai Birliyi yaradılıb. Sərdar Hüseynov xüsusi vurğulayıb ki, Gəncə bir çox beynəlxalq tədbirlərə uğurla evsahibliyi edir.

Gəncə şəhər İcra Hakimyyəti başçısının birinci müavini Elnur Rzayev tədbir iştirakçılarını salamlayaraq onları Nizami yurdunda görməkdən məmnun olduğunu bildirib. Elnur Rzayev qeyd edib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyunan gənclər siyasəti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gəncənin “Avropa Gənclər Paytaxtı” seçilməsi haqqında iştirakçılara ətraflı məlumat verən Elnur Rzayev xüsusi vurğulayıb ki, layihə çərçivəsində çox saylı yerli və beynəlxalq tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva iştirakçıları salamlayaraq, Gənclər Fondu haqqında geniş məlumat verib. Dəstək olduqları layihələrdən danışan  Vüsalə Niftəliyeva qeyd edib ki, dünyanın heç bir ölkəsində gənclərə bu qədər diqqət və qayğı göstərilmir. Vüsalə Niftəliyeva xüsusi vurğulayıb ki, Gəncədə digər şəhərlərə nisbətən bu il təbliğat üçün daha çox imkanlar var və bundan kifayət qədər bəhrələnilir.

Gəncə 2016 Avropa Gənclər Paytaxtı layihəsinin beynəlxalq əlaqələr üzrə kordinatoru Aysun Zeynalova  bildirib ki, cari ayın 9-da başlayan layihə 15 avqust tarixində yekunlaşacaq. Aysun Zeynalova  qeyd edib ki, beynəlxalq layihədə Azərbaycanla yanaşı Serbiya, Birləşmiş Krallıq, Albaniya, Makedoniya, İtaliya, Ukrayna, Rumıniya, Moldova, Gürcüstan, Monteneqro ölkələrinində təmsilçiləri iştirak edirlər.

Sonra çıxış edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov ölkədə uğurla aparılan gənclər siyasıtindən, bu layihənin əhəmiyyətindən söz açıb. Müşviq Cəfərov bildirib ki, layihə çərçivəsində Avropadan gəlmiş iştirakçılar həmçinin Azərbaycanın zəngin tarixi, mədəniyyəti və təbiəti ilə də tanış olmaq şansı əldə edəcəklər.

Sonda Təhsil Mərkəzinin Gəncə Regional Ofisinin rəhbəri Aygün Həsənzadə, Birləşmiş Krallığı təmsil edən Pegah Moulana, Albaniyanı təmsil edən Endriya Muçay və başqaları layihə haqqında öz fikirlərini söyləyiblər.

Bizimxeber.az 

gəncə gəncə1 gəncə2 gəncə3 gəncə4 gəncə5 gəncə6

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə