Gəncə – hər gün dəyişən şəhər
Gəncə – hər gün dəyişən şəhər
01 Noyabr 2016 / 14:49 / Baxış sayı: 780
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Gəncə 2017-сi il üçün MDB-nin Mədəniyyət Paytaxtı fəxri statusuna yiyələnib”. Ötən ay birlik ölkələrinin Bişkekdə keçirilən növbəti toplantısında elan edildi bu şad xəbər. Əslində, gözlənilən bir xəbər idi. Avropanın Gənclər Paytaxtı seçilən bir şəhər MDB-nin Mədəniyyət Paytaxtı ola bilməzdimi?!

Əlbəttə olmalı idi. Məlumat üçün qeyd edək ki, 2011-ci ildən keçirilən bu statusa indiyədək Belarusun Qomel, Rusiyanın Ulyanovsk, Voronej, Qırğızıstanın Oş, Qazaxıstanın Almatı və digər respublikaların ayrı-ayrı şəhərləri layiq görülmüşdür. 2013-cü ildə bizim qədim Qəbələ də Mədəniyyət Paytaxtı titulunu təsadüfən qazanmadığını sübut edib. Hazırda, yəni 2016-cı ildə bu fəxri adı Türkmənistanın Daşoğuz şəhəri daşıyır.

Deməli, iki aydan sonra Avropanın Gənclər Paytaxtı MDB-nin Mədəniyyət Paytaxtına çevrilir. Gəncənin yenə də öz tarixini, mədəniyyətini, adət- ənənəsini nümayiş etdirmək üçün əvəzsiz bir şansı olacaq. Nəzərə alsaq ki, Sovetlər İttifaqı dağıldıqdan sonra bu respublikalar arasında əlaqələr nəzərəçarpacaq dərəcədə zəifləmişdir, o zaman Gəncənin bu günü-güzəranı ilə yaxından tanışlıq hamı üçün maraqlıdır. Zarafat deyil, aradan 25 il vaxt keçib. Görəsən, Azərbaycanın uzun illər Kirovabad kimi tanınan ikinci bir şəhəri nə vəziyyətdədir, yolları, park və xiyabanları, tarixi-mədəni abidələri, infrastrukturu yenilənibmi, adamların günü-güzəranı necədir? Bəli, yenə saysız- hesabsız qonaqlar gələcək, Gəncənin bu günü ilə maraqlanacaq, şəhəri gəzəcək, sakinlərlə görüşəcək və sair.

Bəri başdan deyək ki, Gəncə o Gəncə deyil. Geniş küçə və prospektləri, hündürmərtəbəli yaraşıqlı binaları, tamamilə yenidən qurulmuş tarixi abidələri, yamyaşıl, zövqlü parkları, müasir infrastrukturu olan müasir bir şəhərdir. Burada tarixiliklə müasirliyin necə bir sintez təşkil etdiyini elə ilk andaca görmək mümkün olacaq. Şəhər nə qədər qədimdirsə, bir o qədər də müasirdir.

Yuxarıda qeyd etdik ki, MDB şəhərlərinə Mədəniyyət Paytaxtı statusu yalnız 2011-ci ildə verilməyə başlanıb. Təkrarçılığa ona görə yol verirəm ki, 2011- ci ildə Qomel şəhəri əvəzinə Gəncə şəhəri Mədəniyyət Paytaxtı statusu alsaydı, “butulkalı ev”dən savayı qonaqlara göstərməyə bir yer yox idi. Əslində, şəhərdə görməli, fəxr ediləsi yerlər, tarixi abidələr, mədəniyyət ocaqları az deyildi. Amma nə gündəydi! Göydən sallanan eybəcər qaz boru xətləri, hörümçək toruna bənzəyən, hara, necə gəldi çəkilən elektrik məftilləri, nimdaş yaşayış və ictimai binalar, baxımsız park və xiyabanlar, qaranlıq, palçıqlı, səkisiz küçələr, başlı-başına buraxılmış tarixi abidələr, məktəb, uşaq bağçası, xəstəxana və poliklinikalar…

Gəncənin bu günə, yəni yüksək inkişaf dövrünə (buna intibah dövrü də deyirlər) çatmasında ölkə Prezidenti cənab İlham Əliyevin misilsiz xidmətləri var. Bu qədim şəhərə və onun sakinlərinə xüsusi diqqət və qayğı Gəncəni son 5-6 ildə Avropa səviyyəsinə qaldıra bildi. Bu da bir həqiqətdir ki, ölkə başçısı özünün 18 fevral 2011-ci il tarixli sərəncamı ilə Elmar Vəliyevi Yevlaxdakı vəzifəsindən azad edib Gəncəyə icra hakimiyyətinin başçısı təyin etməsi şəhərdə çox böyük layihələrin həyata keçirilməsini, şəhərin hamının gözü qarşısında sürətlə inkişafını təmin edib. Bunu da çəkinmədən demək mümkündür ki, Gəncə heç vaxt Elmar Vəliyevin şəhərə rəhbərlik etdiyi dövrdəki qədər sürətlə inkişaf etməyib. Bu, bir faktdır və onu heç kim dana bilməz. Yadımdadır, 2011-ci ildə işə başladığı ilk aylarda saytların hansısa “Elmar Vəliyev Gəncəni abıra salır” adlı bir yazı vermişdi. Sərlövhəni bir qədər tərəddüdlə qarşılasam da, yazını oxuduqca hiss etdim ki, müəllif Gəncənin nə vəziyyətdə olduğuna işarə edib, aparılan abadlıq- quruculuq işlərini məcazi formada sərlövhədə göstərib.

Gəncə haqqında, çox yazmışıq. Yeri gələndə problemlərinə də toxunmuşuq. Lakin baxırıq ki, yenə azdır. Burada elə qlobal işlər gedir ki, onu dərindən təhlil etmək, şəhərə, onun zəhmətkeş adamlarına yaxından kömək göstərmək, mənəvi dayaq olmaq lazımdır. Mətbuat Günü ərəfəsində Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının birgə keçirdiyi tədbirdə mənə verilmiş çıxış zamanı fürsətdən istifadə edib dedim ki, bəzi qəzetlər, saytlar Gəncədə gedən işlər haqqında nədənsə xəsislik edib çox az yazırlar, burada qədim şəhərin bugünkü qaynar həyatını kifayət qədər işıqlandırmırlar. Doğrudur, o zaman əksəriyyət söylənən fikirlə razılaşıb Gəncədə gedən nəhəng işlərin müqabilində ara-sıra kiçik informasiyaların dərc olunmasını məqbul saymasalar da, vəziyyət yenə elə əvvəlki kimidir, heç nə dəyişməyib.

Qeyd etdiyimiz kimi, cəmi iki aydan sonra Gəncə MDB-nin paytaxtı kimi çıxış edəcək. Yaxşı olmazmı ki, indidən bu şəhərin tarixi, mədəniyyəti, şəxsiyyətləri, bu günü haqqında silsilə yazılar verilsin. Rusdilli mətbuatda bu yazıların sayı xüsusilə artırılmalıdır. Axı, hər halda MDB respublikaları arasında əsas aparıcı dil rus dilidir. Rusiya, Belarus, Ukrayna, Orta Asiya respublikalarında çıxan dövri mətbuatda Gəncə haqqında yazıların dərcinə nail olmalıyıq. Daşoğuz şəhərinin əhalisinin sayı 200 min nəfərdən bir qədər çoxdur, Gəncənin yarısı qədərdir. Cəmi 400 illik tarixi var, Gəncənin isə yaşı 4000-i adlayıb. Amma bir sıra MDB mətbuatında Daşoğuz şəhəri haqqında o qədər geniş yazılar var ki, adam həsəd aparmaya bilmir. Gəncə haqqında iki-üç cümlədən ibarət, bəzən də təhrif olunmuş şəkildə bir-iki informasiyadan savayı heç nə tapmaq mümkün deyil. Gəncə Şəhər İcra Hakimiyyəti onsuz da öz işini görür. Bukletlər hazırlanır, dünya muzeylərində, kitabxanalarında, arxivlərində olan qiymətli kitablar, əlyazmaları gətizdirilir, beynəlxalq simpoziumlar, konfranslar keçirilir və sair. Lakin ölkədə dərc olunan qəzet və jurnallar, saytlar Gəncə haqqında maraqlı yazılar dərc etsələr və ya başqa dillərdə dərc etdirsələr, qədim Nizami yurdunu daha geniş təbliğ etmiş olarlar.

…Gəncə hər gün dəyişir, – desək yanılmarıq. Bəlkə də yeganə şəhərdir ki, burada bir gün belə iş dayanmayıb. Söhbət abadlıq- quruculuq, tikinti-quraşdırma işlərindən gedir. Bu şəhərdə heç kim deyə bilməz ki, işsizəm, iş yoxdur. Maraq üçün Gəncənin istənilən ərazisinə baş çəkin. Tikintidə şər qarışana kimi çalışan minlərlə fəhlə görəcəksiniz. Hətta elə obyektlər var ki, ikinövbəli iş təşkil olunub. Şəhərdə ən müxtəlif sahələri əhatə edən obyektlər tikilir. Həmişəki kimi, sosial obyektlərin sayı yenə də çoxdur. Gəncədə elə ay yoxdur ki, məktəb, uşaq bağçası, səhiyyə ocağı və ya digər başqa bir sosial obyektin açılışı olmasın. İstər yeni tikilən obyekt olsun, istərsə də əsaslı təmir olunan, dəxli yoxdur, ən yüksək səviyyədə istifadəyə verilir. Təkcə son bir ayda 5 belə obyektin təntənəli açılışında olmuşuq. Hamısı gözəlliyi, keyfiyyəti ilə göz oxşayır. Şəhərdəki 41 nömrəli orta məktəb binası, 2 nömrəli peşə liseyi, beynəlxalq uşaq klubu və digər tikililər hamını heyran etdi. Hər cür şəraitləri var. Çox zaman istinad etdiyimiz o Avropa standartlarını da üstələyir. Bunları mübaliğəsiz deyirik və Gəncəyə yolu düşən hər bir kəs onu öz gözləri ilə görə bilər.

Bakı-Qazax avtomobil yolunun sağ tərəfində, 15 hektarlıq bir sahədə illik istehsal gücü 30 milyon ədəd olan kərpic zavodunun tikintisində sürətli iş gedir. Tezliklə Gəncədə belə bir nəhəng zavodun işə düşməsi bir çox layihələrin həyata keçməsinə sözsüz böyük təsir göstərəcək, qədim Nizami yurdunu daha da gözəlləşdirəcəkdir. Bildiyiniz kimi Gəncədə qırmızı kərpicdən milli-memarlıq ənənələrinin davam etdirilməsində çox ustalıqla istifadə olunur.

“Gəncəçay” Park-Bulvar Kompleksinin sol sahilində sahil-bərkitmə və parksalma işlərinin davam etdirilməsi üçün müvafiq tədbirlər görülür. Yağan yağışların qarşısını almaq məqsədilə sahildə 1 kilometr uzunluğunda beton mühafizə divarları inşa edilmişdir. Çayın məcrasında təmizlik və abadlıq işləri aparılır, kaskadın vurulması üçün hazırlıq işlərinə başlanılmışdır. Qeyd edək ki, gəncəlilərin sevimli istirahət guşələrindən birinə çevrilən park-bulvar kompleksinin ikinci növbəsinin, yəni əks istiqamətinin tikintisinə başlanır. Burada aparılacaq işlər barədə şəhər rəhbəri bu yaxınlarda ictimaiyyət nümayəndələrinə ətraflı məlumat verdi.

Vəli Xuluflu küçəsində 129 ailənin fərdi yaşayış evi ilə təmin edilməsi üçün tikinti işlərinə başlanılıb. 2012-ci ildə inşasına başlanılmış 1,4 hektar ərazidə yerləşən, altımərtəbəli Gəncə Dövlət Filarmoniyasının tikintisində də işlər sürətləndirilmişdir. Şəhərin Atatürk prospektində inşa edilən 50 mənzilli beşmərtəbəli 4 ədəd, yeddimərtəbəli 4 ədəd, həmçinin Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində, keçmiş Toxuculuq Kombinatının yataqxanalarında yaşayanlar üçün 3 bloklu doqquzmərtəbəli 3 bina, 1 bloklu onmərtəbəli 1 bina, ümumilikdə 249 mənzilli çoxmərtəbəli yaşayış binalarının tikintisi aparılır. Cavad xan küçəsində “Majestik Palace” və Hacıkənd qəsəbəsində yeddimərtəbəli “ARFA” mehmanxanaları inşa olunur. Şəhər Prokurorluğunun müasir tələblərə cavab verən yeni inzibati binasının tikintisi də davam etdirilir və onun cari ildə istifadəyə verilməsi

nəzərdə tutulur. Eyni zamanda, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfində 4,75 hektar torpaq sahəsində Məhkəmə Kompleksinin tikintisinin layihə-smeta sənədi hazırlanır. Kənd təsərrüfatı məhsulları istehsalçılarının istehsal etdikləri məhsulların satışı üçün hər bir şəraiti olan, təxminən 17 hektar ərazidə inşası aparılan “Bazar Store” MMC-nin də tikintisi sürətləndirilmişdir. Fikrət Əmirov küçəsində beşmərtəbəli İctimai-Mədəni Tibb Mərkəzinin, Hava limanı yolu istiqamətində maşın bazarının, Nizami prospektində beş və altımərtəbəli Ticarət Mərkəzinin, eləcə də digər sosial-mədəni və xidmət obyektlərinin inşası davam etdirilir. Heydər Əliyev prospektində, “Paşa Holding” tikinti şirkəti tərəfindən 2014-cü ilin fevral ayında inşasına başlanılmış, ümumi sahəsi 52 min 320 kvadratmetr olan ərazidə ticarət və əyləncə mərkəzinin inşası yekunlaşmaq üzrədir. Mərkəzin istifadəyə verilməsi 2017-ci ilin birinci rübündə nəzərdə tutulur. Qeyd edək ki, bu mərkəzin öz əzəmətinə və xidmət növlərinin sayına görə Qafqazda tayı-bərabəri olmayacaq. Görürsünüz Gəncədə nə qədər obyekt tikilir! Hələ çoxunun adlarını çəkə bilmirik.

Gəncədə prospekt və küçələrin abadlaşdırılması işləri davam etdirilir. Bir cəhət diqqəti cəlb edir ki, yollar düzəldilərkən burada olan bütün infrastruktur yenilənir. İşıq dirəkləri yenisi ilə əvəz olunur. Bu günlərdə keçirilən fəallar yığıncağında bir neçə nəfər çıxış edib şəhər icra hakimiyyətinin başçısına öz minnətdarlıqlarını bildirdi və dedilər ki, nəhayət gecələr yaşadıqları evlərin qarşısı, küçələr işıqlı olur. Yeri gəlmişkən, qeyd edək ki, 5 il qabaq şəhərdəki işıq dirəklərinin sayı heç 2 minə çatmırdı. İndi 35 mini keçib. Gecələr Gəncə ağ işıq selinə bürünür. Park və xiyabanlarda gecədən xeyli keçənədək gəzib dincəlmək adama xoş gəlir. Ən ucqar küçələrin də çoxunda yeni, milli ornamentlərlə bəzədilmiş işıq dirəkləri var və onlar şəhərə xüsusi gözəllik verir.

Şəhərdə tezliklə su problemi də tamamilə həll olunacaqdır. 2012-ci ildən “Açıq Kommunal İnfrastruktur layihəsi çərçivəsində Gəncə şəhərində su təchizatı və kanalizasiya sisteminin əsaslı surətdə yenidən qurulması işlərinə başlanılmışdır. Ötən müddət ərzində bu sahədə çəkilişi nəzərdə tutulmuş ümumi işlərin, yəni içməli su xəttinin 89,1 faizi, abonent birləşmələrinin 73,3 faizi, çirkab xəttinin 50,3 faizi yerinə yetirilmişdir. Eyni zamanda, layihəyə görə şəhərə üç istiqamətdən – Göygöl, Qızılqaya və Şəmkirçaydan çəkilən magistral su xətlərinin inşası başa çatdırılmışdır. Bu xətlərin istifadəyə verilməsi ilə şəhərə saniyədə 1500 litrə yaxın su daxil olacaqdır. Hesablanıb ki, Gəncə sakinləri fasiləsiz olaraq içməli su ilə təmin olunacaqlar. Şəhərdə mövcud su və kanalizasiya şəbəkəsinin fasiləsiz işinin təmin edilməsi məqsədilə müəyyən təmir-bərpa işləri aparılmışdır.

Gəncədə elə bir sahə yoxdur ki, inkişaf etməsin, müasirliyə qovuşmasın. Özü də bütün sahələrdə ilk növbədə maddi-texniki bazanın inkişaf etdirilməsi önə çəkilir. Bir fikir verin: 5 il qabaq orta məktəb məzunlarının cəmi 35-40 faizi ali və orta ixtisas məktəblərinə qəbul olunurdusa, bu il həmin göstərici 60 faizə yaxınlaşıb. Şəhərin tarixində heç vaxt belə yüksək

göstərici olmayıb. Bilirsiniz niyə belədir? Çünki bu illərdə əsaslı təmir olunmayan məktəb binası demək olar ki, qalmayıb. Hamısı da ən yüksək səviyyədə. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev bu məktəblər yenidən qurularkən həmin obyektlərin hər birinə bəlkə də hər gün baş çəkib, problemlərlə maraqlanıb, kömək göstərib, keyfiyyətə xüsusi önəm verməyi tövsiyə edib. Deməli, şərait yaradılıb ki, məktəblər də yüksək göstəricilər əldə edib.

Azərbaycan Dövlət Aqrar Universiteti ölkənin sayılıb -seçilən ali məktəblərindən birinə çevrilib. Bu ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə universitetin 9 mərtəbəli, 560 yerlik elə bir yataqxanası istifadəyə verildi ki, regionda tayı-bərabəri yoxdur. Yaxın vaxtlarda bu cür daha bir yataqxana istifadəyə veriləcəkdir. Bax bu diqqət və qayğının, yaradılmış şəraitin nəticəsidir ki, ali məktəbdə hər cür neqativ halların qarşısı alınmış, universitet respublikada qabaqcıllar sırasına çıxmışdır. Gəncə Dövlət Universitetində, Azərbaycan Texnologiya Universitetində də tədris korpusları, bir sıra yataqxanalar əsaslı şəkildə yenidən qurulmuş və bu işlər davam etdirilir.

Müasir səhiyyə obyektlərinin sayı durmadan çoxalır. A.Səhhət adına Mərkəzi Xəstəxananı, yoluxucu xəstəxananı, 6 nömrəli poliklinikanı indi tanımaq olmur. Müasir, işıqlı, hər cür şəraiti, avadanlıqları olan tibb müəssisələridir. Özü də bunlar hamısı təkcə cari ilin ötən ayları ərzində istifadəyə verilən tibb ocaqlarıdır.

Mədəniyyət obyektləri xüsusi qayğı ilə əhatə olunub. Hazırda şəhərin tarixi memarlıq abidələrindən olan “Şah Abbas” və “Uğurlu xan” karvansaralarının, “Qızıl Hacılı” tarix-memarlıq abidəsinin əsaslı təmir və bərpası, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin muzeyinin yaradılması istiqamətində işlər davam etdirilir.

Bəzi yerlərdə kitaba münasibətin ürəkaçan olmadığı bir vaxtda Gəncədə Qafqazın ən böyük Kitab evinin açılması hədsiz maraq və rəğbətlə qarşılanıb. Bu ilin fevralında istifadəyə verilmiş Gəncə Park Bulvar kompleksində yerləşən Kitab evi ədəbiyyat həvəskarlarının və kitabsevərlərin sevimli məkanına çevrilib. Elə gün, elə həftə olmur ki, burada maraqlı bir tədbir keçirilməsin.

Gəncəyə dünyanın hər yerindən saysız-hesabsız qonaqlar gəlir. Şəhərdə ən yüksək səviyyədə təşkil olunan beynəlxalq tədbirlərdə iştirak etmək üçün gələn qonaqları nəzərdə tutmuruq. Söhbət adi turistlərdən gedir. Təkcə son bir ildə xarici turistlərin sayı 82,9 faiz artıb və başqa sözlə, 4 min nəfərə çatıb. Beş il qabaq onların sayı heç 100 nəfər də deyildi.

… Gəncədə adamların dövlətə və dövlətçiliyə, ölkə Prezidenti İlham Əliyevə inamı, sədaqəti çox yüksəkdir. Bu yaxınlarda başa çatan referendum günü kim Gəncədə oldusa bu mütəşəkkilliyi, birliyi, sədaqəti öz gözləri ilə gördü. İnsanların həvəslə seçki məntəqələrinə gəlməsi, səsvermə yerlərində bir dənə də olsun xoşagəlməz halın baş verməməsi onu göstərdi ki, gəncəlilər doğma şəhərdə onlara yaradılan şəraitdən hədsiz razıdırlar və ölkə Prezidenti ətrafında sıx birləşiblər.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə