Fətullahın “kassiri”nin Mənsimovla əlaqələri: “Amerikadan Mübarizə zəng vurdum…”
Fətullahın “kassiri”nin Mənsimovla əlaqələri: “Amerikadan Mübarizə zəng vurdum…”
16 Avqust 2016 / 17:33 / Baxış sayı: 234
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bir vaxtlar Fətullah Gülənin ən yaxın adamlarından olan və onun “kassiri” hesab edilən türkiyəli iş adamı İhsan Kalkavan azərbaycanlı milyarder, oliqarx, gəmiçilik maqnatı Mübariz Mənsimovla yaxın dostluq münasibətlərindən danışıb. 

Virtualaz.org xəbər verir ki, özü də bir vaxtlar gəmiçilik biznesi ilə məşğul olan İhsan Kalkavan “FETÖ-nun bankı” hesab edilən “Bank Asya”nın idarə heyətinin rəhbəri (2004-cü ilə qədər) olub və bankda səhmdarlardan biridir. Habelə o, “Beşiktaş” futbol klubunun başqanı olub, hazırda ABŞ-ın Mayami şəhərindədir.

Türkiyədə barəsində “Fətullahın kassiri”, “FETÖ-nün ən önəmli maliyyəçisi” kimi iddialar yayılan, bir vaxtlar Gülənə ən sadiq şəxslərdən hesab olunan İhsan Kalkavan “Deniz Haber”ə müsahibə verib.

Xatırladaq ki, bu günlərdə Fətullah Gülənin ən yaxın adamlarından olmuş keçmiş “Zaman” qəzeti yazarı Hüseyn Gülerce “Fənərbaxça” futbol klubunun prezidenti Əziz Yıldırımın Bakıdan Türkiyəyə qayıdarkən təyyarədə Gülənin ünvanına sərt ifadələr işlətdiyini, bu söhbətin şahidi olan iş adamının isə Yıldırımın dediklərini Gülənə çatdırdığını demişdi. Onun dediyinə görə bu səbəbdən Gülən Yıldırımın danışılmış oyunlar işi üzrə həbs edilməsinə nail oldu. Daha sonra Yıldırımın vəkili məsələni təsdiq edərək demişdi ki, “Fənərbaxça” prezidentinin dediklərini Gülənə çatdıran təyyarədə onunla birlikdə səyahət edən İhsan Kalkavan olub.

Kalkavan deyir ki, Gülən camaatı ilə ilk dəfə 1991-92-ci illərdə təmas qurub. 1994-cü ildə isə İzmirdə il dəfə Fətullah Gülənlə görüşüb. 

Onun dediyinə görə, Gülənlə tanış olana qədər dənizçilik biznesində işləri çox yaxşı gedirdi və beynəlxalq neft şirkətləri tərəfindən kirayələnən 20-dən çox tankeri var idi. Kalkavan deyir ki, Gülən şəbəkəsinə daxil olmasının səbəbi onların təhsilə çox önəm vermələri və məktəblər açdırması idi. 1995-ci ildə “Bank Asya”nı quran və idarə heyətinin sədri olan Kalkavanın dediyinə görə, 90-cı illərin sonlarında Türkiyədə yaşanan defolt zamanı maliyyə sektoru çökmüşdü, həmin vaxt fətullahçılar “Bank Asya”ya pullarını yatıraraq bankı böhrandan çıxardı. Nəticədə bankın Gülənə bağlı olduğu haqda qənaət formalaşdı.

Kalkavan deyir ki, 2004-cü ildə “Bank Asya”nın səhmlərinin bir hissəsinin Gülən hərəkatına verilməsi məsələsi qalxıb. O, buna razılıq verməyib və bankdan istefa edib.

“Həmin ildən dənizçilik şirkətimi oğluma verdim, özüm dünya turuna çıxmağa qərar verdim. 2013-cü il dekabrın 17-25-i arasına (fətullahçı polislərin Ərdoğan ailəsinə və hökumətinə qarşı antikorrupsiya əməliyyatları dövrü) qədər Mübariz Qurbanoğlu (Mənsimov) , Mehmet Ağar (keçmiş millət vəkili) və Aziz Yıldırımla bərabər idik. İşlərimi oğluma təhvil verdikdən sonra Mübarizin şirkətində könüllü olaraq çalışdım. Mübarizin işlərini koordinasiya edirdim. Ayrıca Mübariz Qurbanoğlu ilə dünyanı gəzirdik. Aziz qardaşım həbsdə olanda üç dəfə yanına getdim, ona təsəlli verdim.

Ötən il Amerikadan Mübarizə zəng vurdum. Əziz qardaşıma zəng edə bilmirəm, “sən görsən de mənə zəng vursun” dedim. Mübariz də “elə indi Aziz başqanla birlikdə Moskvadayıq” dedi. O zaman “telefonu Azizə verə bilərsənmi?” dedim. Mübariz də mənə “indi səni dinləyir” dedi. “Aziz qardaşım,-dedim,-Türkiyədə bütün telekanallarda danışırlar ki, camaat Aziz Yıldırımdan 50 milyon dollar himmət pulu istədi, vermədi deyə həbsə atdırdılar. Bu pulu istəyənin İhsan Kalkavan olduğunu deyirlər, səndən pulu kim istədisə çıx, açıqla, dedim. Aziz buna cavab olaraq dedi ki, “İhsan, boş ver, hər dedi-qoduya cavab verməyə vaxtım yoxdur. Bunlar boş şeylərdir” dedi. İndi Aziz Yıldırımın vəkili deyilən biri ortaya çıxır, təyyarədə bərabər gələrkən Yıldırımın Gülənə söydüyünü, mənim də bunu Gülənə çatdırdığımı deyir. Bu cür uydurma ola bilərmi? Mənim işim-gücüm yoxdur ki, can dostuma bu cür tələ qurum, Gülənə söz çatdırım?”

Kalkavan deyir ki, 2013-cü ilə qədər dörd dəfə Pensilvaniyada olub. Həmin tarixdən bir daha Gülənin qəragahına getməyib. 2005-ci ildən Gülən camaatından uzaqlaşmağa çalışıb, ancaq bunu birdən-birə edə bilməyib.

“Camaatdan uzaqlaşmaq üçün çoxdan xəyal etdiyim yaxta ilə dünya turuna çıxdım. 2005-ci ildə Cənubi Koreyada sifariş verdiyimiz gəmini suya endirdikdən sonra Çini quru yoluyla keçməyə qərar verdim. Cənubi Koreyadan avtomobillə yola çıxdım, Çində ciddi qəza keçirdim. Əlim parçalanmışdı, qabırğalarım qırılmışdı, kürəyim parçalanmışd. Çinlilə qolumu biləkdən kəsmək istəyirdi. O vaxt “Palmali Denizçilik” şirkətinin patronu Mübariz Qurbanoğlu özəl təyyarəsini ambulunsa çevirib məni Çindən gətirmək üçün göndərdi.

Özəl təyyarə ilə gələn həkimlərin müdaxilə etdi və Mübarizin təyyarəsində Türkiyəyə döndüm. Mübarizin bu rəftarı məni çox məftun etdi. İşlərimi oğluma buraxıb sağalan kimi Mübarizin şirkətində könüllü olaraq koordinatorluq etdim. 2005-2013-cü illərdə düz 8 il Aziz Yıldırım, Mehmet Ağar və Mübariz Qurbanoğlu ilə “Palmali” qrupunun beynəlxalq işləri ilə məşğul olduq, dünyanı dolaşdıq”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə