Elman Rüstəmov ölkə şahmatını necə mat qoyub? – TƏHLİL
Elman Rüstəmov ölkə şahmatını necə mat qoyub? – TƏHLİL
27 Sentyabr 2016 / 14:54 / Baxış sayı: 940
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu ay ölkəmizdə 42-ci Ümumdünya Şahmat Olimpiadası keçirildi. Bədnam qonşularımız Ermənistan yığması istisna olmaqla, dünyanın dörd bir yanından şahmatçılar ölkəmizə axışdı. 

Sevinirdik ki, Azərbaycan Avropa Oyunları, Formula-1 kimi beynəlxalq yarışlardan sonra daha bir mötəbər turnirə ev sahibliyi edir. Lakin nəticələr bu sevincimizi gözümüzdə qoydu. Yığmamız həm kişilərdə, həm də qadınlarda 3 komanda ilə təmsil olundu. Bununla belə nəticələri birmənalı olaraq bərbad adlandırmaq mümkündü. Kişilərdə “Azərbaycan-1” 12-ci, “Azərbaycan-2” 26-cı, “Azərbaycan-3” 49-cu pilləni tutdu. Qadınlarda isə “Azərbaycan-1” 8-ci, “Azərbaycan-2” 32-ci, “Azərbaycan-3” 30-cu yerdə qərarlaşdı.

Ev sahibi olaraq yığmalarımızdan ən azı biri medalçılar arasına düşməyə borclu idi. Düzdür, şahmatda məkan anlayışı çox nisbidir. Ancaq unutmayaq ki, Azərbaycan şahmatın yaxşı oynanıldığı ölkələrdən biridir. Onu da unutmayaq ki, erməni də olsa, dünyaca ünlü Qarri Kasparov Azərbaycan şahmat məktəbinin yetirməsidir.

Elə müstəqillik illərində də ölkəmizdə az istedadlı şahmatçılar yetişməyib. Vüqar Həşimli, Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov kimi şahmatçılar məhz 90-cı illərdən sonra beynəlxalq qrossmeyster statusuna yiyələniblər. Belədə bizim bu Olimpiadadan medal gözləməyə haqqımız çatırdı. Ancaq şahmat yığmalarımız heç ilk “5-liy”ə düşməyi bacarmadı.

Əldə etdiyimiz məlumata görə, Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov bu nəticələrə görə ölkə başçısının qəzəbinə də tuş gəlib. Zarafat deyil, bu Olimpiadanın keçirilməsinə 13 milyon dollar xərclənib. Mərkəzi Bankın sədri dollar qıtlığı yaşandığı bir vaxtda 13 milyonu havaya uçurub. Ona görə bu hesabatı Rüstəmovun necə verməsi maraq doğurur. Yəqin ki, Rüstəmov bunun üçün min bir bəhanələr uydurub və uğursuzluğu şahmatçıların üzərinə yıxıb.

Hələ bu 13 milyon dollara yığmalarımıza cəlb olunmuş legionerlərə veriləcək pullar aid deyil. Məsələn, kişilərdə əsas millinin kapitanı Aleksey Dreyevə hər ay 10 min dollar maaş verilir. Əsas millidə fransalı baş məşqçi Etyen Bakronun “zəhmət haqqı”sı daha yüksəkdir. Üstəlik, Azərbaycanın kişilərdən ibarət 2-ci komandasına Emil Sutovski, Arkadi Naydiç kimi tanınan şəxslər cəlb olunub. Axı, hamı bilir ki, 2-ci komanda sadəcə turnirdə iştirak xatirinə mübarizə aparırdı. Belədə burda legionerlər cəlb etməyə nə ehtiyac vardı? Qadınlarda isə baş məşqçi Konstantin Landa olub. Bu qədər legionerlərin millilərə dəvət olunması fonunda isə ortada heç bir medal yoxdur…

Yeri gəlmişkən, latviyalı qroyssmeyster Arkadi Naydiç ötən ilədək Almaniyanın şərəfini qoruyurdu. Elman Rüstəmov və onun əlaltıları bu şahmatçını 2-ci komandaya cəlb etmək üçün Almaniya Şahmat Federasiyasına 50 min avro pul ödəyib. Ancaq Olimpiadada elə ən zəif çıxış edən də 30 yaşlı Naydiç oldu.

Olimpiada kuryoz olaysız da ötüşməyib. Belə ki, yarışların keçirildiyi “Kristal Zal”da kondisioner sistemi sıradan çıxıb. Bunu idmançılar da, turniri işıqlandıran şahmatçılar da təsdiqləyə bilər. Əksəriyyət zalda boğanaqdan, istidən şikayət edib. Belə çıxır ki, 13 milyon dollar təşkilatçılığa maliyyə ayıran federasiya bir sərinləşdirmə sisteminin əlində aciz qalıb və problemi zamanında yoluna qoya bilməyib?!

Elman Rüstəmovun bəxti isə onda gətirib ki, dünya şahmatında öz yerləri olan, elə bu Şahmat Olimpiadasını bizdən fərqli olaraq 2 dəfə qazanmış ermənilər təhlükəsizliyi əsas gətirərək turnirə qatılmayıblar. Yoxsa, onlar Azərbaycanda Ermənistan bayrağı qaldırıb, bizimkilərə “yuxarı”dan “aşağı” baxsaydılar, Rüstəmov cənabları nə üzlə ölkə başçısının hüzurunda dayanacaqdı?! \Sport7.az\

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə