“Elman Rüstəmov manat kimi şahmatımızı da böyrü üstə qoydu” – Ekspert
“Elman Rüstəmov manat kimi şahmatımızı da böyrü üstə qoydu” – Ekspert
14 Sentyabr 2016 / 12:01 / Baxış sayı: 448
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Yaxşı ki, Olimpiadaya ermənilər gəlməmişdi, bizim bütün komandalarımızı qabaqlasaydılar, lap biabırçılıq olacaqdı. Onlar, bir qayda olaraq, bizdən daha yüksək yerlər tutur”. Qaynarinfo.Az  xəbər verir ki, bu sözləri ekspert Əkrəm Həsənov Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanlı komandaların yaxşı nəticə göstərə bilməməsinə münasibət bildirərkən deyib.

Əkrəm Həsənov Azərbaycanın Şahmat Olimpiadasındakı uğursuzluğundan bəhs edib: “Digər ölkələrdən fərqli olaraq, Azərbaycan ev sahibi kimi həm kişilər, həm də qadınlar arasındakı yarışda 3 komanda ilə təmsil olunurdu. Lakin 6 komandamızın heç biri medal qazana bilməyib. Kişi komandalarımız 180 komanda arasında müvafiq olaraq 12-ci, 26-cı və 49-cu yerləri, qadın komandalarımız isə 140 komanda arasında 8-ci, 30-cu və 32-ci yerləri tutub.

“Yaxşı ki, Olimpiadaya ermənilər gəlməmişdi, bizim bütün komandalarımızı qabaqlasaydılar, lap biabırçılıq olacaqdı. Onlar, bir qayda olaraq, bizdən daha yüksək yerlər tutur. Hətta 3 dəfə qızıl (sonuncu dəfə 2012-ci ildə Türkiyədə keçirilən Olimpiadada), 3 dəfə də bürünc medal sahibləri olublar. Biz isə heç vaxt medal qazana bilməmişik (hətta Özbəkistan da bir dəfə kişilər arasında gümüş medal, Gürcüstan isə qadınlar arasında 4 dəfə qızıl, 1 dəfə gümüş və 2 dəfə bürünc medal qazanıb).

Ümid Bakı Olimpiadasına idi ki, bəlkə doğma divarlar kömək oldu. Amma yenə də alınmadı. Halbuki, vaxtilə Azərbaycan şahmat ölkəsi olaraq bu sahədə nəinki Ermənistandan üstün idi, ümumiyyətlə dünya liderləri sırasında idi. Dünya şahmatçılarının ilk onluğuna 2, bəzən isə 3 şahmatçımız daxil idi (hazırda heç bir nəfər də yoxdur!). Lakin Şahmat Federasiyasına Elman Rüstəmov rəhbərlik etməyə başlayandan bu sahədə geriləmə başladı. Səbəb nədir? Niyə 30 il əvvəl Kasparovu dünya çempionu zirvəsinə çatdırmış Azərbaycan bu gün belə acizdir? Əslində, ötən illər ərzində şahmatın inkişafına Azərbaycan qədər pul qoyan ölkə olmayıb.

Elman Rüstəmovun “icbari-könüllü” çağırışı ilə banklarımız şahmata və şahmatçılarımıza xeyli pul xərcləyib. Lakin bu pullar ağılla və obyektiv meyarlara əsasən xərclənməyib. Ölkə iqtisadiyyatımıza da milyardlarla pul gəlmişdi, amma nə oldu? Qohulmuq-tanışlıq üzərində qurulmuş bərbad idarəetmə, korrupsiya, savadsızlıq və s. hamısını yedi”.

Əkrəm Həsənovun sözlərinə görə, şahmatda da digər sahələrdəki vəziyyət yaşanır: “Əlbəttə, şahmat idmandır və son nəticədə hər şey şahmatçılarımızın istedadından asılır. Lakin istedadları da yetişdirmək, inkişaf etdirmək, həvəsləndirmək, kömək etmək lazımdır. Başqa sahələrdən fərqli olaraq, idmanda şəxsi münasibətlər müstəvisində qabağa çəkilməyin acı nəticələri özünü daha tez və açıq-aşkar göstərir. Ötən illər ərzində ölkəmizdə yeni istedadlı şahmatçılar yetişməyib. Əksinə, istedadlı şahmatçılar sıxışdırılıb. Ən bariz nümunə 2014-cü ildə itirdiyimiz fitri istedada malik olan gənc şahmatçımız Vüqar Həşimovdur (Allah rəhmət eləsin!). İndi onu fəxrlə yad edənlər, xatirəsinə hər il beynəlxalq turnir keçirənlər sağlığında Vüqara kömək etmirdilər, halbuki məhz onun sayəsində yığmamız 2009-cu ildə Avropa çempionu olmuşdu.

Vüqar özü deyirdi ki, “Mənə kömək sıfır dərəcəsindədir”. Elman Rüstəmov isə Həşimov haqqında belə deyirdi: “Biz onun addımlarını pisləyirik. Yəqin ki, nə vaxtsa rastlaşacağıq və qaranlıq suallara cavab istəniləcək… Vüqar Həşimov ulduz xəstəliyinə tutulub… Bizim onu əvəz edəcək kifayət qədər istedadlı gənclərimiz var”. Hanı həmin gənclər? Əvəz edə bilən tapıldımı? Xeyr! Şahmatımızın acınacaqlı vəziyyəti göz qabağındadır. Elman Rüstəmov bank sistemi və manat kimi şahmatımızı da böyrü üstə qoydu”.

Ekspertin fikrincə, Rüstəmovun Şahmat Federasiyasına rəhbərlik etməsi qanunsuzdur: “Belə ki, Mərkəzi Bank haqqında Qanunumuzun 21.10-cu maddəsində yazılıb: “İdarə Heyətinin üzvləri siyasi partiyaların üzvü ola bilməz və ictimai birliklərdə vəzifə tuta bilməzlər”. Şahmat Federasiyası isə məhz ictimai birlikdir. Etdiyi əməllərə görə getmək istəmirsə, heç olmasa qanun pozuntusuna son qoymaq üçün istefa versin”!

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə