“Eldar Mahmudov və Əli Abbasov tapşırdı ki…” – “RABİTƏ İŞİ” MƏHKƏMƏDƏ
“Eldar Mahmudov və Əli Abbasov tapşırdı ki…” – “RABİTƏ İŞİ” MƏHKƏMƏDƏ
02 Dekabr 2016 / 13:50 / Baxış sayı: 990
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədovun ifadə verib.

O, ifadəsində bildirib ki, 1984-cü ildən rabitə sahəsində çalışır: “Ən kiçik vəzifədən başlamışam. 1997-ci ildən sahibkarlıq fəaliyyətinə başlamışam. İşlərlə bağlı hər il forma 2 təqdim etmişik, müəyyən qurumlar tərəfindən yoxlamalar aparılıb, heç bir nöqsan tapılmayıb”.

Təqsirləndirilən şəxs ona verilən ittihamların əsassız olduğunu bildirib: “Bizə verilən ittihamlardakı rəqəmlər hamısı şişirtmədir. Mənə 4 milyon mənimsəmə ittihamı vermisiniz. Mənim “Aztelekom”dan 16 milyon alacağım var. Lap vergini, digər işləri çıxanda 6 milyon yarım qalır. Yenə də 2 milyon yarım borcları qalıb. Axı mən niyə həbsdəyəm, hələ də bu suala cava tapa bilmirəm. Mən alacaqlarımı hələ də ala bilmirəm”.

Hakim bildirib ki, ona qarşı 12 milyon manatlıq mənimsəmə ittihamı verilib: “Siz deyirsiniz ki, 4 milyonu özünüzə götürmüsünüz. Siz ürəyi açıq olub, o pulu ona buna paylamısınız”.

Namazalı Məmmədov prokurorun suallarına cavab verərək bildirib ki, digər təqsirləndirilərin hamısını tanıyır: “Hamısı rabitə sahəsində çalışan insanlardı, müəyyən iş görüşmələrimiz olub. Vidadi Zeynalovla da Şamaxıda bağ qonşusu olmuşuq”.

Prokurorun “AzTelekom” MMC-in ona 16 milyon borcu olduğu halda niyə yenə iş gördüyü barədə sualına cavab verən təqsirləndirilən şəxs deyib ki, sovet dövründən bu cür işləyiblər: “Həmişə belə olub, pulu sonra alırdıq. İşləri görürdük. Bu gün mənim kabelə 1 milyona yaxım borcum var. İşlər görüldükcə pullar verilirdi, biz onları ödəyirdik”.

Dövlət ittihamçısının “Vidadi Zeynalov pul vermisinizmi?” sualına cavabında Namazalı Məmmədov deyib ki, belə bir hal olmayıb.

Namazalı Məmmədov ifadəsində bildirib ki, “Aztelekom” MMC-dən başqa DİN, Azercell, Ədliyyə və digər qurumlarla da işləyiblər. “Bütün işləri eyni qiymətə etmişik. “Aztelekom” bizə ümumulikdə 19 milyon pul ödəyib, 44 milyonluq iş görmüşük Bu məbləğlər ƏDV-siz hesablanan məbləğlərdir”.

Prosesdə  “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova ifadə verib. O, ifadəsinin əvvəlində ittihamlarla razı olmadığını deyib: “Mən istintaqa verdiyim ifadəmi təsdiqləyirəm. Nazirlikdən  hər ay paket aldığımı demişəm. Düzdür, almışam. 2005-ci ildən bəri “Rabitə” klubunun prezidenti olmuşam. Həm kişi komandası, həm də qadın komandası yaratmışıq. Dəfərlərlə beynəlxalq turnirlərdə yer tutmuşuq. Dünya çempionatında final oynamışıq. Dövlət tərəfindən bu nailliyyətlərimizə görə vəsait ayrılıb. Mən nazir Əli Abbasova məruzə elədim ki, voleybolun inkişafı əlaqədar yeni klub yaradaq. Bundan sonra  “Telekom” klubunu yaratdıq. 9 dəfə azyaşlı xarici voleybolçunu Azərbaycana gətirib milliləşdirmişik. Onlar hazırda da Azərbaycanın şərəfini qoruyurlar”.

Cəlil Cəfərov eləcə də “AzinTelekom” MMC-nin baş direktoru olduğunu deyib: “Rabitə sahəsində uzun müddət çalışmışam.  Sosial şəbəkələr vasitəsi ilə danışıq trafikləri ilə bağlı hər ay nazir Əli Abbasova məruzə eləyirdim. Bütün dünyada sosial şəbəkə ilə danışıq trafiki aşağı düşürdü. Hətta ABŞ-da 10 faiz düşəndə Azərbaycanda 5 faiz düşmüşdü. Nazir də bu məsələdən xəbardar olub. Naxçıvanla bir vaxtlar əlaqə yaratmaq çətin idi. Biz İranla danışıqlar apardıq, rouming sistemi quruldu. Azərbaycan peykinin buraxılması barədə müqavilə mən tərəfdən imzalanıb. Sonradan Azərkosmos yaradıldı, təhvil verdik. Mən heç bir mütəşəkkil dəstə tərkibində olmamışam. Beynəlxalq danışıqlarla bağlı bizdə cinayətlər baş alıb gedirdi. MTN və digər təhlükəsizlik orqanları ilə tədbirlərimiz, reydlərimiz olub. Bakıdakı reydlərimizdə bəzi brend mağazalarda adamları aldatmışdılar ki, filan aparat  wifi aparatını gücləndirir.

Onlar həmin aparatlara bir nömrə yerləşdirirdi və onlar xaricdən idarə edilirdi.  Birdən görürdün, trafik sıfıra düşürdü. Bizi təqdir etməkdən, deyirlər ki, hər şeyi mənimsəyirsiniz”.

Təqsirləndirilən şəxs bildirib ki, heç bir mənimsəmə eləməyib: “Nazirlikdə hamı paket alırdı. Nazirin müavinlərindən tutmuş, aparat rəhbərinə qədər. Mən də almışam. İki voleybol klubunun rəhbəriydim, həm də bu digər işim idi. Əgər mən verilən pullarda mənimsəmə eləsəydim, çox şeyim olardı. Baxa bilərsiniz, bir dənə də olsun, obyektim yoxdu. Verilən pulların hamısı işlərə yönəldilib.  Trafiklərin də təhlükəsizliyini MTN aparırdı və təmin edirdi”.

Verilən pullarla bağlı danışan Cəlil Cəfərov bildirib ki, rəhbərliyin tapşırığı əsasında müəyyən şirkətlərlə çalışıb: “Heç bir mütəşşəkil dəstənin üzvü olmamışam. Mənə deyirlər, pul almısan. Vidadi Zeynalov burdadı, desin, o, mənə bir qəpik də pul verməyib. Mən nazirin tapşırıqlarını yerinə yetirmişəm. Paket aldığım pullar komandaların xərclərinə yönəldilib. Nazir deyəndə ki, get pulu aparat rəhbərindən al, gedib almışam, deyəndə ki, gələn pullardan götür, götürmüşəm. Həmin gələn pullar klubun xərclərinə yönəldilib”.

C.Cəfərov sualları cavablandırarkən bildirib ki, “Cartburg” şirkəti ilə müqavilə bağlanması göstərişini Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və ləğv edilmiş MTN-nin rəhbərliyindən alıb: “Bu şirkətlə əməkdaşlıq dövlətin təhlükəsizliyi məqsədi ilə edilib. Bununla bağlı Eldar Mahmudovla da danışıqlar olub və göstəriş verilib ki, “Cartburg” şirkəti ilə işləyək”.

Proses fasilədən sonra davam edəcək.

Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə