Dövlət əmlakının hərracda kimə satılacağı əvvəlcədən bəllidir
Dövlət əmlakının hərracda kimə satılacağı əvvəlcədən bəllidir
23 Noyabr 2016 / 11:02 / Baxış sayı: 1168
Font1 Font2 Font3 Font4
Bizimxeber

Əmlak Komitəsi müəssisələrin bu gün satılmayacağını dünəndən elan edib Yarı qiymətinə dövlətsizləşdirilən əmlakın dəyərinin o biri yarısı hara gedir?

Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın 22-də növbəti hərrac keçirib. Bizimyol.info xəbər verir ki, hərracda 16 dövlət əmlakı özəlləşdirilib. Özəlləşdirilən əmlakın 2-si istifadəsiz qeyri-yaşayış sahəsi, 12-si kiçik dövlət müəssisəsi, 2-si səhmdar cəmiyyəti olub. Hərrac nəticəsində 2,1 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin ediləcək. Satılmış hər iki istifadəsiz qeyri-yaşayış sahəsi, həmçinin kiçik dövlət müəssisələrinin 7-si paytaxtda, qalanları isə Sumqayıt, Abşeron, Cəlilabad, Xızı və Oğuzda yerləşir.

Daha iki pambıqçılıq müəssisəsi dövlətin nəzarətindən çıxdı

Hərracda 2 iri müəssisə – “Qarabağ Pambıq” və “Saatlı Pambıq” kimi səhmdar cəmiyyətlərinin özəlləşdirilməsinin ölkədə pambıqçılığın inkişafına böyük təkan verəcəyinə ümid edilir. Çünki, özəlləşdirilmiş müəssisələrə sonradan investisiyalar qoyulacaq, bu müəssisələr yenidən bərpa olunacaq və müasir standartlara uyğun fəaliyyət göstərməyə başlayacaq.

Qiymətli kağızlar dəyərindən iki dəfə ucuz satılır

Prezidentin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 19 iyul 2016-cı il tarixli fərmanına və bu sahədəki digər tapşırıqlarına uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı noyabrın 22-nə elan olunan hərraca ümumilikdə 78 dövlət əmlakı çıxarılıb. Hərraca təklif olunan 26 dövlət əmlakı özəlləşdirmə prosesi çərçivəsində yaradılmış, nizamnamə kapitalının nəzarət səhm paketinin 30-45 faizini təşkil edən açıq səhmdar cəmiyyətləridir. Onların arasında məişət, təmir-tikinti, sənaye, pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal sahələinrə aid müəssisələr var. Bunlar “Ağdaş Quşçuluq”, “Şamaxı Dəmir Beton”, “Qarabağ Pambıq”, “Zaqatala Fındıq”, “İsmayıllı Sənaye İstehsal”, “Material  Təchizat”, “Saatlı Broyler”, “Bərdə Tikinti Quraşdırma” açıq səhmdar cəmiyyətləridir. Bu səhmdar cəmiyyətlərinin hərraca çıxarılmış bir səhminin nominal dəyərinin müəssisədən asılı olaraq 0.5 manatdan 2 manata qədər olduğu bildirilir. Amma əmlaklarla bağlı məlumatların təhlili göstərir ki, sadalanan müəssisələrin hamısının səhminin nominal dəyri 2 manat, satışa təklif olunan qiymətləri isə 1 manat təşkil edib.

20 müəssisə torpaqla birgə təklif olunub

Hərraca çıxarılan 36 əmlak kiçik dövlət müəssisə və obyektidir. Bir sıra kiçik dövlət müəssisəsi torpaq sahəsi ilə birgə satışa çıxarılıb və bu zaman tikili və torpaq sahəsi ayrı-ayrılıqda qiymətləndirilib. Hərrac elanında həm torpaq sahəsi, həm də tikilinin və eləcə də hər ikisinin hərraca çıxarılan ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan 20 kiçik dövlət müəssisəsi Bakının Sabunçu, Xətai, Qaradağ, Xəzər, Pirallahı rayonu, Gəncə və Sumqayıt şəhəri, Oğuz və Xızı rayonlarında yerləşir. Onlardan ən yüksək ilkin hərrac qiyməti 430,2 min, 308 min, 356 min, 350 min, 290 min olan xidmət, ictimai iaşə və nəqliyyat müəssisələridir.

Hərraca çıxarılan hər 5 əmlakdan 4-ü satılmadı

Hərracda özəlləşdirilməyə çıxarılan 16 əmlak isə Bakı şəhərinin ayrı-ayrı rayonlarında yerləşən və kiçik biznes üçün əlverişli ola biləcək qeyri-yaşayış sahələridir. Bu obyektlərin sahəsi 13 kv/m.-dən başlayaraq 118 kv/m.-ə qədərdir. Hərraca çıxarılan istifadəsiz daşınmaz dövlət əmlaklarının ən yüksək qiyməti 155 min manat olan, Bakı şəhərinin Yasamal rayonundakı qeyri-yaşayış sahəsidir. Hərraca çıxarılan ümumi ilkin qiyməti yüksək digər obyektlər paytaxtın Yasamal və Nizami rayonlarında yerləşir. Bu əmlaklar müvafiq olaraq 55-60 min manat ilkin satış qiyməti olmaqla hərraca çıxarılıb.

Beləliklə, hərraca çıxarılan 78 əmlakdan 62-i satılmamış qalıb. Bu da ümumilikdə satışa təklif olunan əmlakın 20%-i və ya beşdə biridir.

Büdcəyə gedəcək 1 milyon yolunu hara “dəyişib”?

Satın alınan səhmdar cəmiyyətləri bu gün hərraca çıxarılan ən bahalı əmlaklar olub. onların da cəmi 7.8%-i satılıb. Belə ki, Bərdədə yerləşən, nizamnamə kapitalı 3 082 698.20 manat olan “Qarabağ Pambıq” ASC-nin səhmlərinin 29,45%-i satışa çıxarılmışdı. Səhmlərinin nominal dəyəri 907 744 olsa da 50% güzəştli qiymətlə 453 870 manata təklif olunurdu. Səhmdar cəmiyyətin hansı qiymətə satıldığı barədə məlumat verilməsə də belə müəssisələrin satışında adətən rəqabət olmur. Çünki, məbləğ böyükdür və risk də yüksəkdir. Müəssisə eyni vaxtda bir neçə adama söz verilə bilər. İlkin satış qiymətinin 10%-i həcmində hesablanmış behin məbləği də az pul deyil – 45 387 manat. Hərracda qalib olmadığınız təqdirdə həmin məbləğin qaytarılmasında problem yaşayacağınız istisna deyil, bəzi səhmdarların bu sahədə acı təcrübəsi var. “Saatlı Pambıq” ASC də onun kimi. Bu müəssisənin nizamnamə kapitalı 3 466 327.20 manat təşkil edir. Satışa çıxarılan 30.03% səhminin nominal dəyəri 1 040 954 manat, təklif olunan güzəştli satış qiyməti isə 520 477 manat təşkil edirdi. Bu müəssisə həm də günün ən bahalı müəssisəsi idi. İki müəssisənin qiyməti 1 milyona yaxındır. Yerdə qalan 14 əmlak da büdcəyə 1.1 milyon manat gətirib. Nominal qiyməti ilə satılsaydı büdcəyə 2 milyona yaxın vəsait təkcə iki ASC-dən daxil olacaqdı. Aradakı fərqin kiminsə cibinə getmədiyinə zəmanət varmı? Bütün əmlakların satışında bu üsuldan istifadə olunur.

Onların satılmayacağını qabaqcadan bilirdilər  

Bu gün hərraca çıxarılan, amma satılmayan “Qax Taxıl”, “Salyan Broyler”, “Zaqatala Fındıq”, “Zərdab Aqrotexservis”, “Goranboy Aqrotexservis”, “Gülşən Ətir”, “Ağdaş Quşçuluq”, “Bərdə Mexanikləşdirilmiş Dəstə”, “Bərdə Tikinti Quraşdırma”, “Biləsuvar Broyler”, “Boradigah Çay-2”, “Cəlilabad Məişət” səhmdar cəmiyyətləri dünən verilən elanla dekabrın 20-də də hərraca çıxarılacaq. Misal üçün, nizamnamə kapitalı 1 milyon manatdan yuxarı olan “Qax Taxıl” ASC-nin yerdə qalan səhmlərinin ilkin satış qiyməti dəyərindən iki dəfə ucuz olmaqla 150 620 manata təklif olunur. “Salyan Broyler”in də nizamnamə kapitalı 1 milyon 120 min manatdır. Səhmlərinin 30%-i cəmi 168 225 manata satışdadır. “Zaqatala Fındıq” ASC 838 868 manatla iri nizamnamə kapitallı müəssisədir, satışa çıxarılan 30% səhmi cəmi 125 992 manat qiymətləndirilib. “Zərdab Aqrotexservis” 962 055 manatlıq nizamnamə kapitalı və 144 316 manat start qiyməti ilə satışa təklif olunub. “Goranboy Aqrotexservis”-in də nizamnamə kapitalı 453 877 manat təşkil edir. 68 121 səhminin hər biri 1 manatdan satışdadır. Nominal dəyəri isə bundan iki dəfə çoxdur – 136 242 manat. “Gülşən Ətir” Komitənin özəlləşdirlməli müəssisələr siyahısında uzun müddətdir ki, yer alır. Nizamnamə kapitalı 310 442 manat, qiymətli kağızlarının nominal dəyəri 93 133 manat, satış qiyməti isə yenə bundan iki dəfə ucuzdur.

Dövlət əmlakının satışında 50/50-yə “prinsipi”

Ağdaş Quşçuluq” ASC-nin satışa çıxarılan səhmlərinin nominal dəyəri 203 324 manat təşkil etsə də, ilkin hərrac qiyməti bunun yarısı qədər – 101 662 manat təyin edilib. Müəssisənin nizamnamə kapitalı 677 482 manatdır. Nizamnamə kapitalı cəmi 8274 manat təşkil edən “Bərdə Mexanikləşdirilmiş Dəstə” ASC-nin özəlləşdirilməmiş qalan səhmlərinin nominal dəyəri 3 654.50 manat, hərrac qiyməti isə 1 827.25 manat müəyyənləşib. “Bərdə Tikinti Quraşdırma” ASC-nin nizamnamə kapitalı 184 782 manat, satışa çıxarılan səhmlərinin nominal dəyəri 82 884 manat, satış qiyməti isə yarıbayarı azdır – 41 442 manat. Nizamnamə kapitalı 297 458 manat təşkil edən “Biləsuvar Broyler” ASC-nin 44 733 səhminin hər biri 2 manat nominalı əvəzinə 1 manata satışa çxarılıb. “Boradigah Çay-2” ASC-nin nizamnamə kapitalı 698 795 manatdır. Satışa çıxarılan səhmlərinin nominal dəyəri 210 032 manat, start satış qiyməti isə onun yarısı qədər – 105 016 manat təyin edilib. 410 807 manat nizamnamə kapitalı ilə “Cəlilabad Məişət” ASC cəmi 61 631 manata satışa verilib. Səhmlərinin nominal dəyəri 123 262 manatdır.

Bu müəssisələr də ucuz gedəcək

Növbəti  hərrac noyabrın 29-da keçiriləcək və bu dəfə 98 dövlət əmlakı satışa çıxarılıb. Həmin tarixdə keçiriləcək hərracda ən bahalı müəssisə 239 086 manatla “Yevlax Yun” ASC-dir. Satışda olan səhmlərinin nominal qiyməti 478 172 manat təşkil edir, amma iki dəfə ucuz qiymətə təklif olunur. Bu müəssisənin nizamnamə kapitalı 2 390 796 manat, satılan səhmləri ümumi nizamnamə kapitalının 20%-dir. Səhmlərinin dəyəri 221 758 manat olan “Yevlax Kənkimya Təchizat” ASC-nin 30%-ni təşkil edən 12 minə yaxın qiymətli kağızı da 110 879 manata satışda olacaq. Nizamnamə kapitalı 738 888 manatdır. Ümumiyyətlə, 1 ay sonra hərraca çıxarılan 25 səhmdar cəmiyyətinin böyük əksəriyyəti iri nizamnamə kapitalına malikdir. Lakin olar xeyli dərəcədə aşağı qiymətlə satılır.  /Bizimyol.info/

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə