Direktor öldü, müharibə başlayır: kürdlər, Lənkəranskinin varisləri, diaspora lideri…
Direktor öldü, müharibə başlayır: kürdlər, Lənkəranskinin varisləri, diaspora lideri…
02 Noyabr 2016 / 14:31 / Baxış sayı: 466
Font1 Font2 Font3 Font4
Bizimxeber

Srağagün nəinki Yekaterinburqun, bütün Ural regionunun ən böyük meyvə-tərəvəz bazasının direktoru Tatyana Rusina vəfat etdi. 1971-ci ildən, düz 45 ildir ki, 4 saylı bazaya rəhbərlik edən Rusina xərçəng xəstəliyindən əziyyət çəkirdi. Elə ölüm də onu müalicəyə getdiyi İsraildə tapdı.

Əslində Azərbaycan oxucusu üçün Rusiyanın hansısa şəhərindəki, hansısa baza müdirinin ölümü o qədərdə ə maraq oyatmamalıydı… Bir səbəb olmasaydı. Hə, məhz bir səbəb. Söhbət Rusinanın ölümündən sonra bu bazarın kimin əlinə keçəcəyindən gedir. Namizədlər isə çoxdur. Kürd kriminal qruplaşmasından tutmuş, Lənkəranskinin varislərinə, hətta Azərbaycan diaspora liderlərindən birinə qədər. Hamı bu yağlı tikə uğrunda növbəti müharibəyə başlayacaq. Rusinanın qəfil ölümü yeni ölümlərə səbəb olacaq.

4 saylı baza təkcə Yekaterinburqu yox, bütün Ural regionunu meyvə-tərəvəzlə təmin edən böyük bir şəhərcikdir. Bir qədər əvvəl, daha dəqiqi, Rövşən Lənkəranskinin sağlığında bu bazara nəzarət uğrunda kürd və azərbaycanlı avtoritetlər əməlli dava aparırdı. Əslində isə Rusiyanın 5 iri şəhərindən biri olan Yekaterinburqa nəzarət uğrunda savaş çoxdan başlamışdı. Hətta “Ded Xasan” kimi kriminal nəhəng belə, bu şəhərin iri ticarət obyektlərinə, bazarlarına nəzarəti ələ keçirə bilməmişdi. Düzdür, məşhur “qanuni oğru” “Trofe” ləqəbli Andrey Trofimovu şəhərə “smotryayuşi” qoya bilmişdi. Amma o, necə deyərlər, “Ded”i yarıtmamışdı. Sonradan “Ded Xasan”ın bacısı oğlu Timur Mirzoyev bu posta gətirilmişdi. Amma ağır xərçəng xəstəsi olan “Timur Sverdlovski” şəhərə tam nəzarəti ələ keçirmək iqtidarında deyildi.

“Sverdlovski” öləndən sonra isə Yekaterinburq tam nəzarətsiz qaldı. Həmin vaxt Rövşən Lənkəranski hərəkətə keçmək qərarına gəldi. O, yaxın dostu, tanınmış “qanuni oğru” Merab Canqveladzeni (Merab Suxumski) Yekaterinburq məsələsini çözməyə göndərdi. Yerli avtoritet və biznes adamı Ağayar Ağayevin şəhərə “smortryayuşi” təyin edilməsini də məhz Merab Suxumski elan etməliydi. Merab Suxumskinin – özü də Lənkəranski tərəfindən göndərilmiş bir personanın – Ağayevi Yekaterinburq valisi elan edəndən sonra kiminsə bu təyinata qarşı çıxacağı ağlabatan deyildi. Amma…

Amma Suxumskiyə “fətva”nı elan etməyə imkan vermədilər. O vaxt polis və “FSB” “sxodka”nın qarşısını aldı.

Düzdür, həmin dövrdə bazarın əsas “briqadirləri” (pul yığanları da deyə bilərik) azərbaycanlılar olub. Elə Rusinanın sağı əllərindən biri də məhz azərbaycanlı Azər Piriyev sayılırdı. Bazanın bütün gəlirlərinə də məhz Piriyev nəzarət edirdi. Müəyyən dövrlərdə “Uralfrukt” və “Plodovoş” şirkətlərinin sahibi Mehman Ağamuradovda bazara yiyələnmək arzusuna düşür. Ağamuradov isə bir vaxtlar şəhər meriyasında yüksək vəzifə tutmuş, “Torqovıy dom Jeleznodorojnı” şirkətinin sahibi Yevgeni Kravçenko ilə birləşərək bazara nəzarəti ələ keçirmək istəyib. Amma Ağamuradov-Kravçenko cütlüyü buna hazır olmurlar. Onların kriminal çevrələrdə dayaqları olmur. Və müvəqqəti olaraq bu sevdadan əl çəkirlər.

Məlumatlı mənbənin dediyinə görə, bazaya nəzarəti ələ keçirmək istəyənlərdən biri də Yekaterinburqdakı diaspora liderlərindən olan Şahin Şıxlinskidir. Şıxlinski regionda kifayət qədər nüfuzlu şəxsdir. Ciddi maddi imkanlara və əlaqələrə malikdir. Amma o da ehtiyat edir. Lənkəranski ölsə də, onun varisləriylə, habelə kürd mafiyasıyla konfliktə girmək istəmir. Çünki bir dəfə onun başı bərk ağrıyıb. Söhbət onun Türkiyəli iş adamı Emin Güllə aralarındakı konfliktdən gedir.

Şahin Şıxlinski ilə 2013-cü ildə Yekaterinburq şəhərində “BAKU – Plaza” adlı Ticarət Mərkəzinin tikintisi üzrə sifariş götürmək məqsədilə Güllə tanış olub. Emin Gül Şahin Şıxlinskiyə 1 537 937 ABŞ dolları məbləğində smeta dəyəri təklif edir. Lakin sonradan tərəflər 1 476 000 ABŞ dolları məbləğində razılaşırlar. Bundan sonra Emin Gülün rəhbərliyi altında “Stroykom” şirkəti inşaat işlərinə başlayıb. Qısa müddətdə işin yarıdan çoxu görülür. Amma Şıxlinski ödənişləri gecikdirir. Şıxlinskinin ona təxminən 500 000 ABŞ dolları məbləğində borcu yaranır. Amma borcu qaytarmaq istəmir, əksinə Güldən şikayətçi olur. Gül isə onu borcu ödəməyə məcbur edir. Deyilənə görə, məhz Lənkəranskinin adamları Şıxlinskinin ofisinə gedərək, ona borcu ödəməli olduğunu başa salırlar.

İndi Lənkəranski yoxdur, kürd qruplaşmasının lideri “Şakro Molodoy” da həbsdədir. Amma onların varisləri var. Və bu varislər, Rusinanın dəfnindən bir neçə gün sonra baza uğrunda müharibəyə başlayacaqlar. Şıxlinski kimin yanında olacaq və ya davanın sonunu gözləyəcək, o da bəlli deyil. Bəlli olan budur ki, Uraldan kriminal xəbərlər gələcək. Ölümlə müşayiət olunan xəbərlər.

Rusina isə bu gün dəfn olunacaq…

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə