Diqqət: Satışda saxta məktəbli formaları var
Diqqət: Satışda saxta məktəbli formaları var
02 Sentyabr 2016 / 15:37 / Baxış sayı: 576
Font1 Font2 Font3 Font4
Bizimxeber

Satışda olan istehsal mənşəyi məlum olmayan məktəbli formalarının laborator sınaq nəticələri məlum olub.

Bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən məktəb yaşlı uşaqlar üçün tikilən üst geyimlərinin – məktəbli formalarının standartların tələblərinə uyğun olmadığı, əmtəə nişanının saxtalaşdırılaraq istifadəsi barədə şikayət araşdırılıb. Müəyyən olunub ki, “Binə”, “Sədərək” ticarət mərkəzlərində, Əhmədli qəsəbəsində yerləşən ticarət mərkəzində, 8-ci km. qəsəbəsində yerləşən bazar, həmçinin Şəki, Oğuz, Göyçay şəhərlərinin geyim satış məntəqələrində istehsal mənşəyi bilinməyən, başqasına məxsus əmtəə nişanını özününküləşdirərək keyfiyyətsiz məktəbli geyimləri satılır.

“Binə” və “Sədərək” ticarət mərkəzlərindəki satış məntəqələrindən götürülmüş nümunələr Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Yüngül sənaye məhsullarının sınağı laboratoriyasına təqdim olunub. Laborator müayinələrin nəticəsində müəyyən olunub ki, məktəbli formaların üzlük və içlik parçaları mövcud normativ sənədlərin tələblərinə uyğun deyil.

Belə ki, normativ sənədlərə əsasən içlik parçanın tərkibində kimyəvi liflərin (sintetikanın) miqdarının 50%-dən və üzlük parçanın tərkibində kimyəvi liflərin (sintetikanın) miqdarının 67%-dən çox olmaması nəzərdə tutulmasına baxmayaraq, sınaqların nəticələrinə görə kimyəvi liflərin (sintetikanın) miqdarı müvafiq olaraq 98,9% və 93,7% olub.

Satışdakı mənşəyi bilinməyən bütün məhsulların üzərində “Bakı Tikiş Evi” ASC-yə məxsus “BTE” əmtəə nişanından qeyri-qanuni istifadə olunduğu aşkar olunub.

Hazırda araşdırmanın nəticələri əsasında qanunvericiliyə uyğun tədbirlər görülür.

Qeyd edək ki, qanunvericiliyə əsasən məktəbli formaları Azərbaycanda qüvvədə olan dövlətlərarası standart (ГОСТ 25294-2003 “Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri” standartı) əsasında müəssisələr tərəfindən hazırlanmış və dövlət qeydiyyatına alınmış texniki şərtlərin tələblərinə uyğun istehsal edilir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə