Deputat Rüfət Quliyev sələmə pul verirmiş
Deputat Rüfət Quliyev sələmə pul verirmiş
08 Avqust 2016 / 14:52 / Baxış sayı: 610
Font1 Font2 Font3 Font4
Bizimxeber

Lənkəranın deputatı ölmüş iş adamının yaxınlarına faiz davası açdı

81 min dollar qarşılığında 246 min dollar tələb edilən iş adamı qəfildən dünyasını dəyişib, millət vəkili isə onun qohumlarını məhkəməyə verib pulunu tələb edir Deputat Rüfət Quliyev Səbayel Rayon Məhkəməsinə iddia ərizəsi verib. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı iddia ərizəsi yazmağa sövq edən isə… faizə pul verib, geri ala bilməməsidir.

Redaksiyamıza daxil olan məlumata görə 2011-ci ildə deputat it-pişikləri üçün yem alarkən iş adamı Namiq Səfərovla tanış olub. Bu tanışlıqdan sonra N.Səfərov deputatın itlərinə Avropadan 1-2 dəfə pulsuz yem gətirib. Günlərin birində söhbət əsnasında iş adamı biznesini böyütmək üçün pul axtardığını deputata deyib. Deputat bir neçə ayın içində 10 faizlə iş adamına 81 min 850 dollar verib.

N.Səfərovla imzalanan müqavilələrə görə deputat 2011-ci ilin oktyabrından pulların faizini almalı olub. 2011-ci ilin oktyabrında N.Səfərov deputata bildirib ki, faizləri ondan almasa, həmin faizləri də əsas borc məbləğinə – 81 min 850 dollara əlavə edib ona faizlərə görə də faiz ödəyəcək.

Deputat bu təkliflə dərhal, tərəddüdsüz razılaşıb. Növbəti dəfə deputata faizin ödənilməsi vaxtı çatanda N.Səfərov digər biznes sahəsinə pul yatırdığını, Bolqarıstandan ölkəyə xüsusi təyinatlı geyimlər gətirəcəklərini söyləyib. Təklif edib ki, deputata verdiyi pulların faizləri əsas məbləğə əlavə olunmuş hesab etsin, həmin pulların faizlərini də hesablayıb alacağı faizlər kimi nəzərində saxlasın.

Deputat bu təklifə də yox deməyib, tərəddüdsüz razılaşıb. Beləcə deputatın 81 min 850 dolları əldən verib faiz gözləməsi 3 il davam edib. Deputatın hesablamalarına görə bu müddət ərzində əldən verdiyi yaşıl 100-lüklər ona 246 min 800 dollar faiz gətirməli imiş. 2014-cü ilin əvvəllərindən başlayaraq devalvasiya söhbətlərini, bankların kredit verilməsində problemlərin yarandığını eşidən deputat N.Səfərovdan pullarını təcili olaraq geri qaytarmasını tələb edib. İş adamı isə deputata deyib ki, pulları onun razılığına əsasən dövriyyəyə buraxıb, bu səbəbdən də onun tələbini yerinə yetirə bilmir. Tərəflər arasında yaranan narazılıq münasibətlərin korlanmasına səbəb olur. İş o yerə çatır ki, N.Səfərov deputatın telefon zənglərinə belə cavab vermir.

Deputat tez-tez sürücüsünü N.Səfərovun evinə göndərərək ondan pulların ödənilməsini tələb edir. 2015-ci ilin fevralında tərəflər yenidən görüşür. Bu dəfə belə razılıq əldə olunur ki, 2 devalvasiya nəzərə alınmaqla deputat verdiyi 81 min 800 dollara görə fazilərin hesablanmasını 2015-ci ilin fevralından dayandırır və verdiyi pulları mərhələli şəkildə geri alır. Faizləri ödəyə bilməyən iş adamı isə vəziyyətdən çıxış yolu axtardığı bir vaxtda, 2015-ci ilin aprelində qəfildən dünyasını dəyişib.

Bundan sonra deputat faiz davasını mərhum iş adamının yaxınlarına qarşı açıb. Məhkəməyə müraciət edərək mərhum N.Səfərovun ailəsindən pullarını, pullara hesablanan faizləri geri tələb etməyə başlayıb. Məsələ 2016-cı ilin bu günlərinə qədər uzanıb və deputat Səbayel Rayon Məhkəməsinə üz tutub. İddiaçı qismində Rüfət Quliyevin şəxsən özünün çıxış etdiyi faiz davası üzrə şikayətinə avqustun 18-də, hakim Zaur Əliyevin sədrliyi ilə baxılacaq. Deputat mərhumun ailə üzvlərindən 81 min 800 dolların əvəzində bir xeyli mal-mülk tələb edir. İstəyir ki, məhkəmə mərhum iş adamının qızı Nuranə Səfərovaya məxsus “Mercedes” markalı maşını, Qəbələdəki evini və digər əmlakları onun mülkiyyətinə keçirsin.

Maraqlıdır ki, R.Quliyev məhkəməyə müraciət edərkən faizə pul verilməsinin qanunsuz olduğunu, deputat fəaliyyəti ilə bir araya sığmadığını, qanunverici orqanının adını ləkələyən hərəkət olmasını nəzərə almayıb… Yazıda adı hallanan hər kəsi, deputat Rüfət Quliyevidə dinləməyə, mövqeyini dərc etməyə hazırıq. (“Yeni Musavat”)



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə