Çovdarovun vəkillərdən imtinasının səbəbləri məlum olub – TƏFƏRRÜAT
Çovdarovun vəkillərdən imtinasının səbəbləri məlum olub – TƏFƏRRÜAT
15 Noyabr 2016 / 10:34 / Baxış sayı: 720
Font1 Font2 Font3 Font4
Bizimxeber
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov vəkilindən imtina etməsinin səbəbləri məlum olub.

Bu haqda Modern.az-a onun hüquqlarını müdafiə edən vəkillər Kamandar Nəsibov və Sadiq Rəsulov məlumat veriblər.

Həkim sabiq MTN-çinin məhkəməyə gətirilməsini istəməyib

S.Rəsulov saytımıza bildirib ki, A.Çovdarovun vəkillərindən imtina etməsinin bir neçə səbəbi var:

“Narazılıq noyabrın 10-da baş tutan məhkəmə iclasından başladı. Belə ki, Akif Çovdarovu məhkəmə iclasına məcburi şəkildə gətirmişdilər. Faktiki olaraq göründü ki, Çovdarovu məcburi şəkildə məhkəməyə gətizdirən hakim Həbib Həsənovun özüdür.

Akif Çovdarov bildirdi ki, sanitar hissənin həkimi Qurban Hüseynov onun məhkəməyə gətirilməsinə icazə verməyib. Amma hakimin təkidilə müvəkkilim məhkəmə zalına gətirilib.

Akif Çovdarovu 4 nəfər şəxs sürüyərək məhkəməyə gətiriblər. Hələ hazırlıq iclasında Akif müəllim hamının qarşısında səhhətinin pis olduğunu bildirdi. Həmin prosesdə ayağa qalxa bilmədiyi üçün uzanmışdı. Həkimlər də yanında idi. Əgər Akif Çovdarovun səhhəti normaldırsa, iki həkim niyə onu müşayiət edirdi?”.

Digər vəkil K.Nəsibov qeyd edib ki, əgər Çovdarov yalandan etsəydi, həkim məhkəməyə gəlməsinə icazə verərdi:

“Ən azından deyərdi ki, Akif Çovdarov  məhkəməyə getməmək üçün yalandan özünü xəstəliyə vurub.

Görün Çovdarovun vəziyyəti nə qədər kirtikdir ki, həkim özü də onunla birlikdə gəlib. Qurban Hüseynov kardioloq olmasa da, ilkin tibbi yardımı edə bilər. Biz də vəsatət qaldırdıq ki, Akif Çovdarov məhkəmədə iştirak edirsə, öz hüquqlarını müdafiə etməlidir. Məhkəmədə iştirak etdiyi halda belə, o özünü müdafiə etmək iqtidarında deyil”.

“Sanki proses vəkillərin iştirakı olmadan keçirilirdi…”

S.Rəsulovun sözlərinə görə, hazırlıq iclası başlamadan əvvəl şifahi olaraq Akif Çovdarovun məhkəməyə gətirilməsilə bağlı araşdırma aparılması üçün vəsatət qaldırıblar:

“Çünki bu, ilk növbədə onun səhhətinə ziyandır, ikincisi də insanın şəxsiyyətinin alçaldılmasıdır.

Biz təklif etdik ki, həkim Qurban Hüseynov da məhkəmədə iştirak etdiyindən izahat versin bilək ki, onu kim gətizdirib. Digər vəkil  Cavid Rzazadə vəsatətlərini verməyə başladı.

Mən hakimə öz etirazımı bildirdim. Mən ilk dəfə idi ki, məhkəmə təcrübəmdə hakimin susmaqla prosessual hərəkət yerinə yetirdiyini gördüm.

O, bunun əsaslı yaxud əsassız olduğunu deməli idi. Sonra etirazımızı yazılı şəkildə vermək üçün 15-20 dəqiqə vaxt istədik.

Hakim yenə susdu. Sanki proses bizim iştirakımız olmadan gedirdi. Mən vəziyyəti başa düşdüyüm üçün vəsatəti əlimlə yazmağa başladım. Hakimlər bizim fikirlərimizi almadan müşavirəyə getdilər. Məsələlərə baxılmdan məhkəməni 14-nə təyin etdilər”.

“Hakim Çovdarovu zorla məhkəməyə gətizdirib”

Vəkil bildirib ki, Bakı İstintaq Təcridxanasının həm rəhbərliyi, həm həkimləri Akif Çovdarovun məhkəmə iclasına gətirilməsiə yenə icazə verməyiblər:

“Özləri də etiraf edirlər ki, onlardan asılı olmayan səbəblərə görə, hakimin tələb etməsinə görə məhkəməyə gətiriblər.

Akif Çovdarovun tibbi avadanlıqlar, oksigen aparatları ilə birlikdə onun məhkəməyə gətirilməsi vəziyyətinin nə dərəcədə kritik olmasının sübutudur.

Dünənki gedişat prosesində Akif Çovdarov kəskin əsəbləşdi. Biz məktubla məhkməməyə müraciət etdik ki, müvəkkilimiz öz vəsaiti hesabına həkimlə təmin olunsun. Bizim oktyabrın 17-də və 28-də yazdığımız məktublara hələ də cavab verilməyib. Nəticə barədə soruşduqda isə hakim “aidiyyatı yerlərə demişəm” deyir.

Digər vəsatətimiz məhkəmə prosesində baş verən nöqsanlardır. Biz vəsatəti vermək istəyəndə hakim çox əsəbiləşdi və üzünü Akif Çovdarova tutaraq “sənin uydurma vəkillərin belə gəldi, belə getdi” deyərək bizim şəxsiyyətimizi təhqir etməyə başladı. Eyni zamanda hakimə yaraşmayan ifadələr işlətdi.

Hakim hazırlıq iclasında bizə vəsatətlərimizi səsləndirməyə imkan vermədi. Hakimlər müşavirədən qayıtdıqdan sonra mən vəsatətlərimi vermək üçün icazə istədim və bunun mənim prosessual hüququm olduğunu bildirdim.

Hakim “vəsatətlərin vaxtı deyil” deyərək yenə bizə imkan vermədi”.

“Akif Çovdarov məhkəmədə bərk əsəbiləşdi”

S.Rəsulov deyib ki, növbəti dəfə hakimlə vəkillər arasında polemika yarananda Akif Çovdarov bərk əsəbiləşib:

“Bu müddətdə isə Akif Çovdarovun vəziyyəti pisləşirdi. Gah nəfəsi gedirdi, sıxılırdı və s. Axırda əsəbləşib dedi ki, “prosesin nəticəsi mənə məlumdur. Mən görürəm ki, mənim vəkillərimə elementar olaraq vəsatət verməyə imkan yaradılmır. Artıq hər şey mənə məlumdur. Siz hamınız göstəriş yerinə yetirirsiniz. Mənə vəkil lazım deyil, mən onlardan imtina edirəm.

Yalan yerə əziyyət çəkib, vaxt sərf edib gəlməsinlər bu prosesə. Mən özüm də bundan sonra gəlməyəcəyəm”.
Bizə də dedi ki, “çıxın gedin”. Biz təbii olaraq bilirik ki, müvəkkilimizin ərizəsinə baxılmadığı müddətdə biz zalı tərk edə bilmərik”.

Akif Çovdarovun vəkillərindən imtina etməsinə hakim qərar verəcək

K.Nəsibovun sözlərinə görə, bundan sonra hakimlər 40 dəqiqəlik müşavirəyə gedib:

“Onlar yenə vahid nöqtəyə gəlmədilər. Akif Çovdarov tələb etdi ki, vəkillərindən imtina ilə bağlı ərizəni biz onun yerinə yazaq. Çünki, uzanıqlı vəziyyətdə, bir əlində oksigen balonu olan adam heç cür bu ərizəni özü yaza bilməzdi. Biz yazdıq özü isə imzalayaraq məhkəməyə təqdim etdi. Məhkəmə əraziyə baxıb, Akif Çovdarovun vəkillərindən imtina etməsini qəbul edərsə, biz qərara görə onun hüquqlarını müdafiə etməyəcəyik. Məhkəmə prosesi təxirə salınacaq, onun yeni vəkillə təmin olunması başlanacaq, bu isə ən azı 2-3 ay vaxt aparacaq. Hər halda bugünki məhkəmədə hər şey aydınlaşacaq”.

A.Çovdarov 2015-ci il noyabrın 14-də həbs olunub. 2015-ci il noyabrın 15-də Səbail rayon Məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

2016-cı ilin fevral ayında isə A.Çovdarovun barəsində seçilmiş həbs qətiimkan tədbrinin müddəti 4 ay müddətinə artırılıb. A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə