Çoban qadın Fransanı necə ovsunlayıb nazir oldu? -FOTO/VİDEO
Çoban qadın Fransanı necə ovsunlayıb nazir oldu? -FOTO/VİDEO
03 Noyabr 2016 / 18:46 / Baxış sayı: 640
Font1 Font2 Font3 Font4
Bizimxeber

İnsan həyatda bir çox arzularına qovuşa, məqsədinə nail ola bilər. Əlbəttə ki, əgər arzularının dalınca getsə, qarşısına qoyduğu məqsədlərinə nail olmaq üçün sonadək, əzmlə çalışsa. Elə Fransanın milli təhsil naziri vəzifəsində çalışan Nəcad Vallo-Belkasim kimi…

O, 1977-ci ildə Mərakeşin Nador kəndində, kasıb və çoxuşaqlı ailədə dünyaya gəlib. Nəcad 7 uşaqlı ailənin ikinci övladı idi. Atası fəhlə işləyirdi. Buna görə də Nəcad hələ erkən yaşlarından ailəsini dolandırmaq üçün çobanlıq edir, qoyun-quzu otarırdı. Lakin buna baxmayaraq, o, çobanlıqdan Qərbi Avropanın ən böyük dövlətinin naziri kimi yüksək vəzifəyə ucaldı.
Oxumaq arzusuyla yaşayan yoxsul uşaq
Erkən yaşlarında çobanlıq edən qızcığazın ən böyük arzusu oxumaq, təhsil almaq idi. Amma çoxuşaqlı kasıb ailənin maddi vəziyyəti buna imkan vermirdi. Nəcad kəndlərindəki ayrı-ayrı ailələr üçün çobanlıq edir, gündəlik qazancının hamısını valideynlərinə verirdi.
Ötən əsrin səksəninci illərinin əvvəllərində ailə Fransaya köçdü. Bununla da Nəcadın oxumaq, təhsil almaq arzuları tədricən reallaşmağa başladı. Ailənin maddi vəziyyəti azacıq yaxşılaşdığından Nəcad orta məktəbə getdi. Orta məktəb illərində həvəslə oxuyan qız tezliklə sinif yoldaşları və müəllimlərinin sevimlisinə çevrildi.
Dərslərini əla oxuması, bütün fənlərdən əla qiymətlər alması Nəcadın Parisin Siyasi Tədqiqatlar İnstitutuna yolunu açdı. İnstitutda ali təhsil almağa başlayan gənc tədricən karyera barəsində düşünməyə başladı.
Nəcad qarşısına siyasətçi olmaq vəzifəsini qoydu. Buna görə də, elə tələbəlik illərindən siyasətlə məşğul olmağa başladı.
Qeyd etdiyim kimi, ailənin maddi vəziyyəti əvvəlki illərlə müqayisədə azacıq yaxşılaşsa da, Nəcadın ailə üzvləri yenə çətinliklərlə üz-üzə idilər. O, 2002-ci ildə bir sıra çətinliklərə sinə gərərək institutu bitirdi. Bu, onun karyerasının ilk pilləsi idi.
Fransada ayrıseçkiliyə qarşı kəskin mübarizə aparan qız
Nəcad qısa zamanda gələcəyi üçün xüsusi planlar qurmağa başladı. Bütün bunları reallaşdırmaq üçün ayrı-ayrı maneələri dəf etmək lazım idi. Fransada aztəminatlı əhali pis vəziyyətdə idi, fəhlələrin hüquqları tez-tez pozulur, həmkarlar ittifaqlarının imkanları məhdudlaşdrılırdı. Bütün bunlar bir yana, ölkədə insanlar, o cümlədən müsəlmanlar da ayrıseçkiliyə məruz qalırdılar.
Az maaşlı işçilərin, fəhlələrin maddi vəziyyətinin yaxşılaşdırılması tələbləri ilə çıxış edən sosialistlərin cəlbedici çağırışları Nəcadın diqqətini cəlb etdi. O, Sosialist Partiyasına qoşuldu. Və insanların hüquq bərabərliyinin pozulmasına – diskriminasiyaya qarşı mübarizəyə başladı.
Nəcad partiya üzvləri arasında təkcə siyasi savadının çoxluğu ilə deyil, həm də əzmkarlığı ilə seçilirdi. Misalçün, Sosialist Partiyası maddi sıxıntılarla üzləşəndə o, bir çoxlarından fərqli olaraq, ümidlərini itirməyərək pozitivliyi ilə önə çıxdı.
Tale bir neçə il sonra mübariz qızın üzünə güldü. O, ölkənin cənub-şərqindəki Rona departamentinin Ali Şurasına seçildi. Heç kim mərakeşli müsəlman qızın bu ölkənin yaxın gələcəyində parlayacağını ağlına belə gətirmirdi.
Sevgi etirafı, ailə həyatı və karyera zirvəsi
Nəcad bununla yanaşı, şəxsi işlərinə də yer ayırdı. Siyasətə hədsiz maraq göstərən və intensiv siyasi fəaliyyəti ilə seçilən gənc qız ona sevgi etirafını edən Boris Vallo ilə münasibətlərini rəsmiləşdirmək qərarına gəldi. 28 cazibədar qız 2005-ci ildə Borisə ərə getdi. Ancaq karyerasını da davam etdirdi.
2012-ci il Nəcadın həyatına dönüş nöqtəsi kimi daxil oldu. Hökumət istefaya göndərildikdən sonra yeni kabinet quruldu. Mayın 15-də Fransanın hakimiyyət sükanı arxasına əyləşmiş Fransua Olland sosialistlərin sıralarında 10 ildən çox aktiv mübarizə aparan qızı yanına çağıraraq, onunla qapalı, qısa söhbət etdi. Cəsur Nəcad Olland tərəfindən Fransa prezidentinin mətbuat katibi və qadın hüquqları üzrə nazir vəzifəsinə təyin edildi.
Bu arada daha bir maraqlı faktı diqqətinizə çatdırım: Nəcad Fransa tarixində bu vəzifəyə seçilmiş ən gənc (özü də qadın – A.T.) nazir idi.
Lakin siyasi rəqibləri və mürtəce qüvvələr Nəcadı rahat buraxmadılar. Bir çoxları onun keçmişini, kasıb ailədə doğulmasını, xüsusən bir zamanlar çobanlıq etdiyini gündəmə gətirərək yeni nazirə qurşaqdan aşağı zərbələr endirməyə çalışdılar. Amma siyasi oyunlarda yetkinləşmiş Nəcad bunlara məhəl qoymadı.
Qadın hüquqları naziri səlahiyyətini uğurla icra edın qadın 2014-cü ildə Fransanın təhsil naziri sükanının arxasına əyləşdi. Bu, Fransa tarixində qadının təhsil naziri vəzifəsinə təyinat alması ilə bağlı ilk hadisə idi.
Parisdə baş vermiş terror aktlarına kəskin mövqe sərgiləmiş Nəcad tədricən bu ölkənin mübariz qadın simvoluna çevrilməkdədir. Ölkənin ilk qadın təhsil naziri ilə bağlı daha bir maraqlı fakt: Nəcadın 250 milyon avroluq yeni planını açıqlayıb. Bu planına əsasən, ölkənin bütün gəncləri və ali məktəb müəllimləri daha dözümlülük nümayiş etdirmək və irqçilikdən uzaq olmaq üçün tədris kursu keçəcəklər.
Fransada çoxlarının seksual, cazibədar nazir adlandırdığı Nəcad bununla yanaşı ölkədə zorakılıqlara da qarşı çıxır, seksual cinayətlərin aradan qaldırılması üçün maraqlı təkliflərini irəli sürür.
Daha bir maraqlı fakt isə Nəcadın aztəminatlı ailələrdən olan uşaqların oxumaları üçün tez-tez müxtəlif proqramların hazırlanması təşəbbüsü ilə çıxış etməsidir. Görünür, yoxsul kəndli qızı, keçmiş çoban uşaqlıq illərini unutmayıb.
Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə