Əsas menu

Cəlilabadın icra başçısı Kərəm Həsənovdur, yoxsa Namiq Zeynalov? 

Ölkədə aparılan kadr islahatları hələ tamamlanmasa da, əksər rayonlarda icra başçıları yenilənib. Yerdəyişmələri saymasaq onlarla rayona yeni icra başçısı təyin edilib və bu yenilər əvvəlkilərdən bütün formalarda fərqlənmlidir. Dəyişikliyin nəticəsi də elə budur.

Yəni, 20 il icra başçısı postunu tutan məmurlaşmış şəxslər yola salındı ki, yeni və perespektivli insanlar rayonlarda illərdən bəri qalan problemləri mərhələli şəkildə həll etsin, edə bilmədikləri ilə bağlı yuxarıları məlumatlandırsın. Amma gəl ki, bəzi rayonlarda icra başçısı dəyişsə də, vəziyyət dəyişməz olaraq qalır. Məsələn, Cəlilabad rayonuna heç kimin tanımadığı Namiq Zeynalov təyin edildi.

Təyinata kimi, idarəetmə işlərində olub-olmadığı bilinməyən Zeynalovun iş fəaliyyəti barədə yalnız bir məlumat var – Bu vəzifəyə qədər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsini tutub. Əcəba, bundan əvvəl hansı vəzifələrdə işləyib? Hansı sahələrdə çalışıb? Əslində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsini tutub cümləsi ilə hər şey aydın olur. Bu icra başçısı Əmlak Məsələləri Dövlət Komitəsinin şefi, illərdir bu postu bərk-bərk tutan Kərəm yoldaş Həsənovun adı ilə bağlıdır. Elə ən böyük əmma da budur.

Cəlilabaddan gələn şikayətlərdə yalnız bu faktlar qeyd olunur – ” Cəlilabadın icra başçısı Namiq Zeynalov kimdir ki, hansı işlə bağlı qərar versin. Bütün qərarları Kərəm Həsənov verir, Cəlilabadı Kərəm Həsənov idarə edir”. Burda adamın yadına bilirsiz nə düşür? – Kəndxudanı gör, kəndi tala… Əcəba, Kərəm Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədridir. Namiq Zeynalov da Cəlilabad icra başçısı. Bu adamların hər ikisini prezident İlham Əliyev vəzifəyə təyin edib, elə hər ikisinin də son qərarı o kişinin əlindədir. Elə isə, Namiq Zeynalov Kərəm Həsənovdan niyə asılıdır? Niyə sərbəst qərar verə bilmir, rayondakı saysız problemlərin qarşısını ala bilmir? Əslində qəribə mənzərədir. Kərəm Həsənov deyir Namiq Zeynalov da edir və ya etmir. Bəs o zaman o yekəlikdə sərəncam nədir?

Bütün dünyada rəsmi şəxslərlə, məhşur adamlarla bağlı məlumat almaq istəyəndə ilk olaraq wikipediaya baxır ki, görüm bu adam kimdir, nəçidir, nə işləyib, harda işləyib. Və yaxud icra başçıları ilə bağlı məlumatları, onların əməyi fəaliyyəti iıə bağlı rəsmi saytlardan məlumat almaq olur. Qurbanolduğum bu Namiq Zeynalovla bağlı heç bir məlumat yoxdur. Bir cümlə var ki, Kərəm Həsənovun qurumunda çalışıb. Vəssalam, bununla da kariyera başlayıb və yoldaş Zeynalov icra başçısı olub.

Elə bilməyin mən prezident İlham Əliyevin sərəncamlarına kölgə salmaq niyyətindəyəm. Sadəcə onu demək istəyirəm ki, sərəncamdan sonra Namiq Zeynalov bir wikipediaya, icra hakimiyyətinin rəsmi saytına əl gəzdirə bilərdi, özü haqqında məlumatlar yerləşdirərdi ki, insanların içində olan şübhələr götürülsün. Doğrudan da maraqlıdır ki, Namiq Zeynalov hansı ali təhsilə malikdir, icra başçısı postuna kimi haralarda çalışıb. Mən hesab etmirəm ki, təcrübəsi olmayan birini cənab prezidentimiz icra başçısı, özü də kənd təsərrüfatı rayonu sayılan Cəlilabada rəhbər təyin etsin. Yəqin ki, bu posta təyinat üçün onun da bir üstünlükləri olub. Elə isə niyə gizli qalmalıdır. Yerləşdirin cəlilabadlılar da bilsin ki, hörmətli icra başçısı Namiq Zeynalov kimdir, nəçidir, harda çalışıb, hansı üstünlükləri var. Şəxsən mən gözləyirəm və inanıram ki, yaxın vaxtlarda icra başçısı ilə bağlı dolğun düzgün məlumat əldə etmək imkanımız olacaq. Üstəlik, ona da inanıram ki, Namiq Zeynalov daha Kərəm Həsənovun sözünə qulaq asmayıb Cəlilabad rayonuna nəzarət edəcək, problemi olan insanları dinləyəcək, onların acısına şərik olacaq.

Deyirsiz inanmayım?

Ədil Hüseynli
Baş redaktor

Bizimxeber.Az






Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*